Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:53

Tanınmış britaniyalı rejissor Milli Dram Teatrında tamaşa hazırlayacaq


İsrafil İsrafilov, Timoti Sappl

İsrafil İsrafilov, Timoti Sappl

-
Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov Azərbaycanda səfərdə olan tanınmış britaniyalı teatr rejissoru Timoti Sapplla (Timotei Sappl) görüşüb.

İ. İsrafilov Azərbaycan teatr sənətinin tarixi və mövcud durumu haqqında qonağa məlumat verib.

Görüşdə Akademik Milli Dram Teatrı ilə ingilis teatrlarının əməkdaşlıq əlaqələri müzakirə olunub, birgə layihələrin keçirilməsi planlaşdırılıb.

Növbəti mövsümlərdə T.Sappllın Azərbaycanda tamaşa qurması və Akademik Milli Dram Teatrının kollektivinin İngiltərəyə qastrol səfərinin təşkili gözlənilir.

Britaniyalı rejissor Milli Dram teatrının truppası ilə də görüşüb və söhbətlər aparıb.

T. Sappl 1962-ci ildə doğulub. Dövlət Kral Teatrı və Şekspir adına Kral truppasında, həmçinin 1993-2000-ci illərdə Young Vik teatrının bədii direktoru vəzifəsində çalışıb. O, Birləşmiş Krallığın, Avropanın, Cənubi və Şimali Afrikanın, Mərkəzi və Uzaq Şərqin teatrlarında tamaşalar hazırlayıb.

Hazırda Dash Arts-ın direktorudur.

T. Sappl bir sıra pyesləri, dastanları, müxtəlif xalqların ədəbi abidələrini ingilis dilinə və ingilis teatrına adaptasiya edib.

“Anarxistin təsadüfi ölümü”, “Yalançı Billi”, “Bilqamısın tarixi”, “Harun və daha çox tarix”, “Ovidanın tarixi”, “Gözəllər və qulyabanı”, “Min bir gecə” tamaşaları bu sıradandır.

T. Sappl ölkədən xaricdə “Qenzel və Qretel”, “Sirli fleyta”, “Babetta ziyafəti” tamaşalarına quruluş verib, “On ikinci gecə”, “Rokabay” filmlərini çəkib.

2005-ci ildə xarici ölkələrin aktyorları ilə əlaqələr qurmaq üçün Jozefina Byortonla birgə Dash Arts-ı yaradıb.

O, Dash Arts-da “Biz Veynsteyndə nə edirdik”, “Xoşuna gəlirmi?”, “Yay gecəsində yuxu”, “Hind arzusu” kimi performanslar hazırlayıb.

Rejissorun son iki işi böyük maraqla qarşılanıb və Hindistanda, Böyük Britaniyada, Avstraliyada, Şimali Amerikada, Stratford-on-Eyvonda, Londonda nümayiş olunub.

2011-ci ildə premyerası keçirilən şərq nağıllarının motivləri əsasında hazırlanmış “Min bir gecə” tamaşası da rejissora dünya şöhrəti gətirib.

T. Sappl “Time Out”, “Evening Standart”, “TMA”, “Oliver”, “BAFTA”, “Herard angel” kimi nüfuzlu mükafatlara layiq görülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG