Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:34

Avropa Birliyinin ən kasıb dövləti olan Bolqarıstanda tələbələrin istefa tələbiylə mitinqləri səngimir. Artıq 3 həftədir ki, tələbələr Bolqarıstanın müxtəlif şəhərlərində universitet binalarını tutub və gündəlik etiraz yürüşləri keçirirlər.

Paytaxt Sofiyada isə tələbələr artıq 3-cü gündür ki, parlament binasının qarşısında çadırlarda məskunlaşıb, oturaq aksiya keçirirlər.

Noyabrın 14-də paytaxtda minlərlə tələbə keçirdikləri yürüşdə sosialistlərinin hökumətini devirənə qədər etirazlara davam edəcəklərini bildiriblər.

Etirazçılar hökuməti onların tələblərini nəzərə almamaqda, səslərini boğmağa çalışmaqda, korrupsiyada ittiham edirlər.

Hökumət bir neçə dəfə aksiyaları dağıtmağa cəhd eləsə də, toqquşmalardan sonra etirazçıların sayı əksinə, artır.

Bu həftə parlamentin qarşısında olan toqquşmalarda yaralanan Alexander Popov deyir ki:

“Onlar bizi susdurmaq üçün hər şeyə hazırdırlar. Onlar bizim korrupsiyaya, oliqarxların özbaşınalığı və hakimiyyəti əldə saxlamaq üçün yaratdıqları sistemə qarşı çıxmağımızı istəmirlər”.

Bolqarıstanda geniş yayılan bu cür problemlər üzündən artıq bu il bir dəfə hakimiyyəti etirazçılar dəyişdiriblər. İlin əvvəlində ağır sosial durumda olan - acınacaqlı şəraitdə yaşayan bir neçə bolqar özünü yandırdı, 9 nəfər həlak oldu. Və hakimiyyət dəyişdi. Mərkəz-sağçılar fevral ayında hakimiyyətdən getməli oldu və yeni koalisiya formalaşdırıldı.

Ancaq sosialistlərin də qurduğu və Plamen Oresharskinin rəhbərlik elədiyi hökumət də qısa bir vaxt ərzində populyarlığını itirdi. Səbəb isə korrupsiya qalmaqalları oldu.

Hakim koalisiyadakı ortaqlardan biri, MRF partiyasının rəhbəri koalisiyadan çıxdı. Bundan sonra onu vergidən yayınma və çirkli pulların yuyulmasında ittiham elədilər.

Bunlar azmış kimi, Konstitusiya məhkəməsi də son qərarı ilə etirazları qızışdırdı. Məhkəmənin qərarı ilə media maqnatı Delyan Peevkiyə icazə verildi ki, həm ölkənin Milli Təhlükəsizlik Nazirliyinə rəhbərlik eləsin, həm biznesini saxlasın, həm də deputat olsun.

İyun ayında bu qərara etiraz edənlərin səsini parlament eşitdi və nazir təyinatı dəyişdirildi. Ancaq Konstitusiya Məhkəməsinin təkrar məsələyə baxmasıyla etirazçılar küçələrə çıxdı. Sofiyadakı jurnalist Tatiana Vaksberg etirazların köklərinin dərin olduğunu deyir:

“Burada cinayətlər həmişə cəzasız qalır. Ədliyyə sistemi işləmir, yüksək vəzifəli mütəşəkkil cinayətkarlıqla bağlı istintaqlar heç vaxt başa çatmır. Bizim normal dövlət və və işləyən dövlət strukturlarına ehtiyacımız var”.

Bolqarıstandakı etirazlar uzun müddət dinc şəkildə və sivil formada idi. Onlar Baş nazir Oresharskini oyuncaq “zombi” şəklində lağa qoyur və hətta hökumətin hər dediyini edən Konstitusiya məhkəməsini eBay vasitəsi ilə satışa çıxaranlar da olmuşdu.

Oktyabrın 30-da keçirilən eBay-dakı auksion bir neçə saat davam elədi və məhkəməni “işlək olmayan mənasız qurum” kimi təqdim etmişdilər.

Son sorğulara görə Bolqarların 60 faizi etirazçıları dəstəkləyir və ölkənin ağır iqtisadi şəraitindən narazılıq edir.

Bir çox universitet müəllimləri və professorlar da indi tələbələrin keçirdiyi etirazlara qoşulub. Verilən ortaq bəyanatda onlar da ölkədəki “siyasi və sosial sahədəki yalana söykənən monopoliyalaşdırma siyasətinə” etiraz ediblər. Sofiya Universitetinin professor Daniel Smilov onların arasındadır:

Smilovun sözlərinə görə, vəziyyət dözülməz həddə çatıb və erkən seçkilər yeganə çıxış yoludur. O əlavə edir ki, tələbələrin etirazları Bolqarıstanda vətəndaş hərəkatını yaratdı, cəmiyyəti ayıltdı, birləşdirdi və daha uzunmüddətli siyasi dəyişikliklərə ehtiyac olduğunu ortaya qoydu.

1989-cu ildən Kommunist rejimin devrilməsindən sonra Bolqarıstan qitənin ən kasıb dövlətləri arasında olub. Əhali azalmağa başlayıb, ölkədən köçənlərin sayı artır və iqtisadi problemlər davam edir. Avropa Birliyinə üzvlük də ölkəyə gözlənilən ümidləri verməyib. Qiymətlərin artması müqabilində orta aylıq maaşlar hələ də 530 dollar civarında qalır.

Günün bütün mövzuları

XS
SM
MD
LG