Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:56

Naxçıvanda aşuraya aid şəkillərin yığışdırıldığı bildirilir


Azərbaycanda aşura mərasimi (Arxiv foto)
Azərbaycanda aşura mərasimi (Arxiv foto)
-
Naxçıvanda aşura mərasiminə aid şəkillərin məscidlərdən yığışdırıldığı deyilir. Bu haqda AzadlıqRadiosuna Babək rayonundan olan bir qrup inanclı şəxs məlumat verib.
Qeyd edək ki, noyabrın 14-ü İslam təqvimində məhərrəm ayının 10-cu günü yəni aşuradır. Saklinlərin sözlərinə görə, şəkillərin yığışdırılması ilə bağlı tapşırıq Babək rayon icra hakimiyyətindən gəlib. Babək rayon sakini Yasin Abdullayev deyir ki, məscidlərdən şəkillərin yığışdırılmasına dünəndən, aşura gününə bir gün qalmış başlanılıb:
“İcra hakimiyyətindən düşüb bir-bir məscidləri gəzirlər. Bütün məscidlərdən həm imamların şəkillərini, həm də aşura gününü özündə əks etdirən şəkillərin hamısını bir-bir çıxartdırırlar. Deyirlər tapşırıq var ki, noyabrın 14-ü saat 11-ə kimi Naxçıvanda məscidlərdə bir dənə də şəkil qalmayacaq. Deyilənə görə Vasif Talıbovun tapşırığıdır. Din adamı olaraq bu bizdə narahatlıq yaradır. O şəkillər bunlara nə edir, deyə bilmərik. Hər il aşura mərasimlərində özlərindən bir şey çıxarırlar. Biz istəyirik ki, aşuranı öz imamlarımızın şəkilləri ilə yad edək, bu il də buna qadağa qoydular.”
Bu deyilənlərə münasibət öyrənmək üçün Babək rayon icra hakimiyyəti ilə əlaqə saxladıq. Başçının müavini Əbdülhüseyn Əliyev məscidlərdən şəkillərin yığışdırılması ilə bağlı sualımızı dinləsə də cavab vermək istəmədi.
Hicri təqviminin 61-ci ilinin məhərrəm ayının 10-da İmam Hüseyn, onun tərəfdarları və ailə üzvləri qətlə yetirilib. Hər il İslam dininin şiə təriqətindən olanlar bu günü matəm kimi qeyd edirlər.
XS
SM
MD
LG