Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:57

İsmayıllı bazarında yer çəkişməsi...


İsmayıllı şəhəri
İsmayıllı şəhəri
-
İsmayıllı sakini Səlminaz Dadaşova deyir ki, bazardakı yeri xəbər verilmədən başqasına satılıb. Onun sözlərinə görə, 18 ildir İsmayıllının əşya bazarında çalışır və işlədiyi dükan əhalinin ən sıx yaşadığı yerdədir:

«Təbii ki, digər yerlərə baxanda burada alver nisbətən yaxşı gedir. Bu dükanın mənə məxsusluğunu təsdiqləyən bütün sənədlərim var. Bununla belə, dükanım ayaqqabı satışı ilə məşğul olan çox imkanlı bir şəxsə – Rüstəm Əhmədova satılıb. Bazar rəhbərliyi mənə əvvəllər də müxtəlif yollarla təzyiq edir, ancaq pul alınca sakitləşirdilər”.

MƏHKƏMƏDƏ...

Səlminaz Dadaşova deyir ki, yerini bazar rəhbərliyi on min manata satıb:

Dadaşova Səlminaz və Dadaşov Həbib
Dadaşova Səlminaz və Dadaşov Həbib
“Bir neçə dəfə mənə buradan çıxmaq üçün xəbərdarlıq etdilər. Fikirləşdim yəqin yenə umacaqları var, ancaq işin sorağı məhkəmədən çıxanda, məsələnin nə yerdə olduğunu anladım. Bu ilin avqust ayında məhkəmə oradan çıxmağımla bağlı qərar çıxardı. Üzümü hakimə tutub xahiş etdim, yalvardım ki, ədalətli qərar versin, mənim çörəyimə dəyməsin. Ancaq hakim Azad Əliyev mənəvi dəyərləri, qanunları heç sayaraq qərar çıxardı, çünki bu qərara görə pul almışdı. Başqa bir tərəfdən rayon polis şöbəsinin rəisinin də bu işdə marağı olub. Dəfələrlə üstümüzə məhkəmə icraçıları ilə birlikdə on beş, iyirmi nəfər polis göndərilib və polislər bizimlə son dərəcə qəddar davranıblar. Rüstəm Əhmədovun göndərdiyi fəhlələr polislə birlikdə mallarımızı çölə atır, qəsdən məhv edib ziyan vururdular”.

PREZİDENT SEÇKİLƏRİ QƏRARIN İCRASINI LƏNGİDİB

Səlminaz Dadaşovanın həyat yoldaşı Həbib Dadaşov deyir ki, məhkəmə qərarının icrası prezident seçkilərinə görə dayandırılıb:

“İndi yenə başlayıblar. Demək olar ki, polis rəisi və hakim hər gün üstümüzə qoçu dəstələri göndərirlər. Bu rayonda heç kimin şikayətinə baxmırlar. İcra hakimiyyətinə gedirik, deyirlər, polisə gedin, polis də məhkəməyə göndərir. Beləcə, bizi bezdiriblər. Orada 18 il işləməyimizi də heçə sayırlar. Bu necə məhkəmədir? Biz neçənci əsrdə yaşayırıq?”.

İRANDAN SIĞINACAQ İSTƏDİLƏR...

Həbib Dadaşovun fikrincə, rayonda pula, vəzifəyə görə insanlara qiymət qoyulur.:
“Rəis nə deyirsə, hakim ağına-bozuna baxmadan qərar verir. Axı rəisin yuxarıda adamı var, daha insan haqları, filan nəzərə alınmır. Təsəvvür edirsinizmi, məhkəmədə hakimə deyirəm ki, bir neçə ay qabaq həmin yerin yenidən qurulması adıyla məndən bazar müdiri pul alıb, onu qaytarsın, – hakim bunu nəzərə almır. Bütün bunlardan bezərək biz ailəmiz adından xarici ölkədən sığınacaq istəmişik. Burada yaşamaq çox çətindir, insanı özünü öldürmək həddinə çatdırırlar. Allahın verdiyi ömrü rahat yaşamağa qoymurlar”.

BAZAR MÜDİRİ: “ONA BAŞQA YERDƏ DÜKAN TƏKLIF EDİRİK”

Rayon əşya bazarının müdiri Aslan Məmmədov deyir ki, Həbib Dadaşov və onun xanımına başqa yerdə dükan təklif edilib:

İsmayıllı şəhəri
İsmayıllı şəhəri
“Ancaq onlar razılaşmırlar. Bazarda əsaslı təmir-tikinti işi həyata keçirildi və yenidənqurma prosesindən sonra Həbib Dadaşovun yeri “koridora” düşdü. Ancaq biz müvəqqəti onun burada işləməyinə icazə verdik. İndi həmin yerin sahibi Rüstəm Məmmədov deyir ki, yerimdən çıx, özüm fəaliyyət göstərirəm. Bu da çıxmayanda, məcbur olub polisə, məhkəməyə şikayət edir. Burada qeyri adı nə var? Sonrası da mənə nə fərqi var, axı? Yaxud nə marağım ola bilər ki, Həbibi çıxarıb Rüstəmə verim dükanı? Kim olur-olsun, mən hər ay bazarın ödənişini alıram”.

Aslan Məmmədov deyir ki, ona nə Həbib Dadaşov, nə də qeyrisi pul verib:
“Pulu kimə veribsə, getsin problemini onunla həll etsin. Fakt odur ki, bu dükan Rüstəm Məmmədova məxsusdur, vəssalam”.

HAKİM: “YALAN DANIŞIRLAR, MƏNƏ ŞƏR ATIRLAR”

İsmayıllı rayon məhkəməsinin hakimi Azad Əliyev onun haqqında deyilənləri şər-böhtan sayır:

“Yalan danışırlar, mənə şər atırlar. Əvvəla, onların iddia ərizəsində başqa yerdə dükanla təmin olunmalarını istəmirdilər. Sonrası da tərəfimizdən araşdırıldı və həmin dükanın Rüstəm Əhmədova məxsus olduğu sübuta yetirildi. Məhz bu sübutlara uyğun qərar verib icraya yönəltmişik. Həmin vətəndaşların şikayəti vardısa, apellyasiya şikayəti verməliydilər. Apellyasiya şikayətinin verilməməsi razılaşmaq anlamına gəlir. Artıq söhbətlər etmək lazım deyil. Bəli, məhkəmə qərarı düz verib və icrası mütləqdir. Qərarın icrasına mane olmaq əlavə məsuliyyət nəzərdə tutur”.

POLİSİN MÖVQEYİ...

İsmayıllı rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin rəisi Əhməd Hacıyev məsələyə münasibətini belə ifadə edir:

“İcradan polisə məktub gəlir ki, qərarı yerinə yetirməyə gedəndə bir neçə polis əməkdaşı da onlarla lazım olan əraziyə getsinlər. Bu prosedur sırf həmin məkanda asayişin qorunması üçün həyata keçirilir. Məqsəd odur ki, proses zamanı dava-dalaş olmasın, vətəndaşların bir-birinə xəsarət yetirməsinin qarşısı alınsın:

“Deyilənlər yalandır. Bilirsiniz, vətəndaş çox şey deyə bilər, axı bu məsələnin polisə və yaxud polis rəhbərliyinə nə aidiyyatı var? Elə şeylər uydururlar ki... Axı belə olmayıb və ola da bilməz. Qoy Həbib Dadaşov desin, göstərsin görək, polis onun hansı əmlakına xətər yetirib? Ayıbdır, dövlətin rəsmi qurumuna şər atmaq olmaz? Hələ qoy onu da desin ki, Həbib Dadaşov qərarın icrasına həyat yoldaşı ilə nə cür mane olurdular, polisə müqavimət göstərirdilər. Bu da bizim çox sağolumuzdur. Axı biz humanistlik etdik, bacardıqca qarışmadıq, əsasən, kənardan asayişi qorumağa çalışdıq”.
XS
SM
MD
LG