Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:25

QİSMƏT. Donald Barthelme – Əcaib bir nağıl


QİSMƏT
QİSMƏT
-

Xalq yazıçısı Elçinin toyuq-cücələr haqqında nağıllar silsiləsinin dərc olunduğu bu günlərdə, 60-cı illər nəslinə mənsub olan, Amerika ədəbiyyatında qara yumor xəttinin liderlərindən sayılan Donald Barthelme-nin “Ağca qız” romanını oxudum...


QİSMƏT


DONALD BARTHELME - ƏCAİB BİR NAĞIL


Girən girib, çıxan çıxıb bəlkə də....
İndi daha qışqırmağın yeri yox.
Əvvəlindən bu qaramat ölkədə,
Eləcənə biri vardı, biri yox.

(Qüdrət Yanıkoviç)

Biri vardı, biri yox. Xəritədə qartala bənzəsə də, həmişə böyük quşların əlində oyuncaq olan sərçəxislət bir ölkə vardı.

Bu ölkə uzun illər yırtıcı bir imperiyanın caynağı altında çabalamışdı və bu asan iş deyildi; üstəlik onun az-maz xəbəri vardı ki, dünyada nələr olur, o isə burda nəylə məşğuldur, bu, yəqin ki, lap əzablı idi. Amma məsələ budur ki, elə bil indi də onun mədəni həyatında nəsə dəyişməyib, sanki elə yenə həmin dövrü-zamandır. Məntiqlə zaman dəyişəndən, imperiya çökəndən, müstəqilliyi zar-zor əldə edəndən sonra, axı, nəsə dəyişməli idi. Ən azından yanaşmalar dəyişməli, baxış bucağının dairəsi böyüməli, fərqlilikləri, “boyalı quş”ları, ənənəvi olmayanlar da haqqını almalıydı. Bircürlükdən çıxmalı, çoxrəngliliyə qədəm atmalı, göyqurşağını tanımalıydı bu ölkə. Nədənsə, bunlar olmadı. Nağıla vaxt yoxdu.
Donald Barthelme
Donald Barthelme

İtirdiyimiz illərdəki geriliyimizi, boşluğumuzu doldurmaq üçün cəhd edən azsaylı fədakarları görməzdən gəldik, damğaladıq, təyinatlarını tapa bilmədik. Qınamıram, bizim ədəbiyyatşünaslığımız, sadələşdirsək, lap elə ən adi çayxana-meyxana səviyyəsində də guya hansı həmkarının həqiqi yerini, qiymətini verə bilir ki?

Bütün bunları yazmaq, olsun ki, tamam əbəs işdi, boşa enerji məsrəfidi, amma deyəsən bizə yalnız ürəyimiz boşaltmaq qalır ki, birtəhər təpər tapaq, yoxsa beşikdən qəbiristanlığa qədər qeyri-peşakarlığın, zövqsüzlüyün, geridəqalmışlığın içinə batmış bir cəmiyyətdə yaşamaq çətindir.

Xalq yazıçısı Elçinin toyuq-cücələr haqqında nağıllar silsiləsinin dərc olunduğu bu günlərdə, 60-cı illər nəslinə mənsub olan, Amerika ədəbiyyatında qara yumor xəttinin liderlərindən sayılan Donald Barthelme-nin “Ağca qız” romanını oxudum.

Roman dünyaca məşhur olan eyniadlı nağılın dekonstruksiyadır. “Ağca qız” nağılını parodikləşdirən çoxlu müəlliflər olub və bu fərqli variantlar təkcə ədəbiyyatda yox, kinoda da öz təzahürünü tapıb. Məlum nağıla Uolt Disney çoxlu variantlarda cizgi filmləri də çəkib.

Donald Barthelme bu romanında istehlak cəmiyyətinin anti-hümanist xarakterini kəskin ironik fəndlərlə, qara yumorla yerlə-yeksan edib.

Romanda Ağca qız universitet bitirmiş, 60-cı illərin populyar tendensiyalarının təsiri ilə qismən öz azadlığına qovuşmuş bir qadındır və nağılda olduğu kimi onun ətrafında 7 cırtdan var. Ağca qız onların paltarını yuyur, onlara yemək bişirir, bir sözlə, onlara qulluqçulur edir, eyni zamanda, xəyallarındakı şahzadəni gözləyir.

Ağca qızın freydist seksual kompleksləri var; o, romantikdir, xəyalpərəstdir. İnsanların niyə eyni şeylərlə maraqlanmasından, eyni sözləri təkrar etməsindən narahat olan Ağca qızın şahzadəsi isə üzbəüz binada yaşayır. “Şahzadə” Ağca qız paltarını dəyişəndə, əyilib pəncərini siləndə durbini ilə onu pusan bir kişidir. Ağca qızın ətrafındakı 7 cırtdan isə Amerika cəmiyyətinə xas 7 orta statistik meşşandır, onlar daim bir-birini qırır, dava edirlər.

Donald Barthelme neçə nəslin tərbiyəsində ana tərbiyəvi vəsait kimi tədris olunun bu nağılı baş-ayaq edərək, ona tamam yeni məzmun qazandırıb.

Əvvəla, müəllif nağılı qroteskləşdirib, onu qara yumorla bəzəyib.

İkincisi, romantik bir əhvalatın boşluqlarına qroteskləşmiş sərt realist materialı yerləşdirib və nəticədə hədəfi on ikidən vuran postmodern bir roman yaradıb.

Donald Barthelme-nin üstünlüyü təkcə onda deyil ki, o hər hansı məşhur bir sujeti götürüb, onu çağdaş zamana uyğunlaşdırıb. Yox. Onun uğuru ondadır ki, o bu söküb-yığma işinin gözünə həm də çox ciddi mətləbləri yerləşdirib. Romanın içində feminizmlə, fəlsəfəylə, teologiyayla, pop mədəniyyətiylə bağlı çox tutarlı təsbitlər, öldürücü ironik suallar var.
"Ağca qız" nağılına illüstrasiya (Alman rəssamı Franz Jüttner)
"Ağca qız" nağılına illüstrasiya (Alman rəssamı Franz Jüttner)

İstehlak cəmiyyətindəki anti-humanistlik, adi insanlar və bu adi insanların mexanikləşən həyatı, bütün bunların içində o insanların böyük şeylərə olan marağı Barthelmi-nin öldürücü yumoru vasitəsilə tragikomik hala düşür.

Varqas-Lyosanın, Pol Osterin müsahibələrində, romanlarında təkrarlanan “Amerika insanın get-gedə yaddaşsızlaşması, xatirəsizləşməsi” məsələsi Barthelmenin “Ağca qız” romanında tamam başqa rakursdan və bəlkə də daha doğru, daha kəskin formada gün işığına çıxır.

Romanda təsvir olunan dünyada insanların hamısı özünə süni oyunlar yaradır, baş qatmaq üçün vasitələr axtarırlar və bütün bu oyunlar, süni anti-depressantlar sabah unudulur, yaddan çıxır. Hər şey – ən adi gündəlik nitq vərdişlərindən tutmuş böyük arzulara qədər hər şey, əbədi, sonsuz və ölümcül bir təkrar mexanizminin vintləri arasında parçalanır, beləliklə, Amerika insanı Bodriyarın məşhur kitabının adı ilə desək, “Səssiz yığınlara” çevrilir.

Romanın finalı da bu dəhşəti ironikləşdirən bir səhnə ilə bitir – 7 cırtdan Ağca qızın illər boyu həsrətini çəkdiyi şahzadəni zəhərləyib öldürürlər.

Donald Barthelme roman boyu qəsdən əsərin xəttiliyini pozur, ardıcıllığı kəsir, hər səhifəni tamam başqa yerdən, tamam əlaqəsiz yerdən başlayır, xronologiyanı qırır, tikə-parça edir, fraqmentarlaşdırır və bununla mənliyi, şəxsiyyəti, arzuları, istəkləri parça-parça olmuş insanın vəziyyətini əsərin formasına da əks etdirir.

Göydən üç alma düşdü, amma biz Nyuton olmadıq.
XS
SM
MD
LG