Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 02:23

Kənd müəllimi: “Vəziyyət o qədər çətindir ki...”


Arxiv foto
Arxiv foto
-
“36 ildir kənd orta məktəbində ibtidai sinif müəllimi işləyirəm. Məvacibim də 300 manatdır. Bu maaşı ərzağa verim, geyimə, yoxsa dərmana?”

QURU MƏVACİB ÜMİDİNƏ...

AzadlıqRadiosunun “Qaynar xətt”inə şikayət edən Lənkəranın Biləsər kənd məktəbinin müəllimi Ağaxan Əzizovdur. Onun deməsinə görə, həyat yoldaşı Xanımcan Əzizova xəstədir. Ancaq ailə dövlət yardımından kənarda qalıb:

“7 uşağımız var – 5 qız, 2 oğlan. Qızların üçü ailə qurub, ikisi həddi-büluğa çatıb, iki oğlum isə orta məktəbdə oxuyur. Həyat yoldaşımın gözləri görmür, öd kisəsindən əməliyyat olunub. Ailəyə mənim quru məvacibimdən başqa pul gəlmir”.

Ağaxan Əzizovun sözlərinə görə, kənddə hamı kimi onların da pay torpağı var. Amma olmasının nə faydası:

KƏNDDƏ BU VƏZİYYƏTDƏ TƏKCƏ BİZ DEYİLİK

“Kənddə min hektarlarla pay torpaqları var, hamısı bomboş qalıb. Eləcə də mənim pay torpağım... uzun illərdir ayrılıb verilib, ancaq bircə dəfə istifadə edə bilməmişəm. Şumlamağa texnika, əkməyə toxum, suvarmağa su yox...

Ancaq ona “yarayır” ki, ünvanlı sosial yardım almağa gedəndə “pay torpağın var” deyib adamın gözünə soxsunlar və qapıdan geri qaytarsınlar. Onu da deyim ki, kənddə bu vəziyyətdə təkcə biz deyilik. Kənddəki 400-500 ailə təsərrüfatından cəmi 150-si qalıb. Bir az imkanı olanlar aradan çıxıb, imkansızlar qalıb”.

Müsahibim gileylənir ki, həddi-büluğa çatmış övladları işləmək üçün yerli məşğulluq idarəsini bir-birinə qatsa da özlərinə münasib, heç qeyri-münasib iş də tapa bilmirlər.

Ağaxan Əzizov yerli sosial müdafiə mərkəzinə ünvanlı sosial yardım üçün gedib-gəlsə də yardım ayrılmır:

“Bundan başqa, həyat yoldaşımın çoxuşaqlı ana kimi təqaüdə çıxması üçün də müraciət etmişik. Təqaüd kəsmirlər”.

NAZİRLİK ŞİKAYƏTLƏRƏ CİDDİ YANAŞIR

Lənkəran şəhər Dövlət Sosial Müdafiə Mərkəzindən “Qaynar xətt”ə bildirdilər ki, Xanımcan Əzizovaya çoxuşaqlı ana kimi təqaüd kəsilməsi mümkün deyil. Buna görə onun ən azı 12 illik sığorta stajı olmalıdır.

Vəkil Fariz Namazlı bildirir ki, 5 uşağı olmuş şəxslərlə bağlı sosial müdafiənin gücləndirilməsi məsələsinə hazırda baxılır. Ancaq belə bir qanun hələ ki qəbul olunmayıb:

Vəkil Fariz Namazlı
Vəkil Fariz Namazlı
“Stajı yoxdursa, ona müavinət kəsilə bilər. Ancaq müavinətin də məbləği çox aşağıdır”.

Ünvanlı yardıma gəlincə, vəkil deyir, yerli sosial müdafiəsinə gedib-gəlmək yox, rəsmi müraciət etmək lazımdır:

“Ünvanlı sosial yardım üçün tələb olunan sənədlərin siyahını elə yerli sosial müdafiə mərkəzindən əldə etmək, sənədləri toplayıb poçt vasitəsi ilə həmin mərkəzə göndərmək lazımdır. Mərkəz rəsmi müraciətə 1 ay ərzində cavab verməlidir. Əgər cavab verməsə, vətəndaş Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinə yerli mərkəzdən şikayət edə bilər”.

Vəkil deyir, hazırda nazirlikdə islahatlar aparıldığına görə belə şikayətlərə ciddi yanaşılır.
XS
SM
MD
LG