Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:19
Yeni hesabata görə, Ermənistanda 1 milyarder var. Ondan qat-qat varlı Azərbaycanda isə milyarder yoxdur.

“Dünya milyarderlərinin siyahıalması” hesabatını İsveçrənin UBS maliyyə şirkəti və Sinqapurun araşdırma mərkəzi Wealth –X birlikdə hazırlayıb.

Hesabata görə, 2008-ci ildə dünyada maliyyə böhranı olandan bəri milyarderlərin sayı nəinki azalmayıb, əksinə artıb. Onların var-dövləti isə orta hesabla 2 dəfə artıb.

Hazırda dünyada 2170 milyarder var. Onların sərvəti birlikdə 6 trilyon 500 milyard dollardır.

Bu, ABŞ və Çin istisna olmaqla, istənilən ölkənin ÜDM-dən çoxdur. Bu pulla ABŞ-ın büdcə kəsirini 2024-cü ilə kimi maliyyələşdirmək olar.

Son 5 ildə dünyada milyarderlərin sayı 60 faiz artıb.

Milyarderlərin sayı ən sürətlə Asiyada artır. 2020-ci ilə milyarderlərin sayı dünyada 3900-ə çatacaq. Dünyanın hər regionunda milyarder var.

ORTA STATİSTİK MİLYARDER KİMDİR?

İndiki milyarderlərin orta statistik göstəricilərini götürsək, milyarder 67 yaşlı, 3 milyardı olan kişidir. Onun pulunun 18 faizi, yəni 540 milyon dolları nağ puldadır və ya tez pula çevrilə bilən kağızlarda, mallardadır. 2008-ci ilin böhranından sonra milyarderlər hər ehtimala qarşı nağd pul və tez pula gedə bilən mallar alıb-saxlamağa başlayıblar.

Orta statistik milyarderin sevdiyi sahələr sıra ilə götürəndə - incəsənət, aviasiya, daşınmaz əmlak, səyahət və qolfdur.

O, evlidir və 2 uşağı var. Hərəsi 20 milyon dollar olan 4 evi var.

O, vaxtının çox hissəsini şəhərdə və öz ofisində keçirir.

QADIN MİLYARDERLƏR

Dünyadakı milyarderlərin 13 faizi qadınlardır. Qadın milyarder orta hesabla kişi milyarderdən 200 milyon dollar varlıdır.

ONLAR NECƏ MİLYARDER OLUBLAR?

Milyarderlərin 60 faizi öz var-dövlətini özü qazanıb.

Milyarderlərin 20 faizi öz sərvətinə miras nəticəsində yiyələnib. Milyarderlərin başqa 20 faizi isə mirasla qazandığı sərvəti qat-qat çoxaldaraq milyarda çatdırıb.

Sərvəti 50 milyarddan çox olan meqa-milyarderlərin hamısı öz gücünə milyarder olanlardır. Bunlar Bill Gates, Carlos Slim, Amancio Ortega və Warren Buffetdir.

Qadın milyarderlərin cəmi 17 faizi milyardını öz gücünə qazanıb. Qadın milyarderlərin böyük əksəriyyəti isə öz sərvətini mirasla alıb.

Öz gücünə milyarder olmağa hazırda ən yaxşı ölkə Çindir. Burda milyarderlərin 89 faizi bu qədər pulu öz gücünə qazanıb.


ÖLKƏLƏR ÜZRƏ MİLYARDERLƏRİN SAYI

ABŞ – 515
ÇİN – 157
Almaniya – 148
Böyük Britaniya - 135
Rusiya – 108
Hindistan – 103
Honq Konq – 75
Fransa – 64
Səudiyyə Ərəbistanı – 64
İsveçrə - 61
Braziliya – 50
Türkiyə - 39
Kanada – 37
Birləşmiş Ərəb Əmirlikləri – 37
Yaponiya – 33

AZƏRBAYCANIN QONŞULARI

Siyahıya görə, Qazaxıstanda 5 , Gürcüstanda 2, Ermənistanda 1 milyarder var, Azərbaycanda isə yoxdur.

Azərbaycanda doğrudanmı milyarder yoxdur?
Zöhrab İsmayıl

Zöhrab İsmayıl

İqtisadçəı ekspert Zöhrab İsmayıl:

"Sözsüz ki, Azərbaycanda milyarderlərin sayı Ermənistandan da, Gürcüstandan da çoxdur.

Sadəcə olaraq, Azərbaycandakı siyasi sistem, uçotsuz gəlirlər, oliqarxların proksi adlar altında, yəni başqalarının adı ilə iş görmələri ona gətirib çıxarıb ki, Azərbaycanda rəsmi olaraq milyarder yoxdur.

Bu həmçinin azad sahibkarlığa yaradılan şəraiti göstərir. Azərbaycanda rəsmi milyarderlərin olmaması onu göstərir ki, Azərbaycanda azad sahibkarlığa yetərincə şərait yoxdur."


Bəs, sizin fikrinizcə, Azərbaycanda milyarder varmı? Varsa, sizcə, neçə nəfərdir?

Şərhləri göstər

XS
SM
MD
LG