Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:42
-

Amerikada dəhşətli cinayət törədilib.

New York-da silahlı şəxs 3 iranlı musiqiçini güllələyəndən sonra özünü də öldürüb.


Ölənlərdən ikisi “Yellow Dogs” (Sarı itlər) rok qrupunun üzvləridir. Onlar “Heç kim İran pişikləri haqda heç nə bilmir” filmindən sonra məşhurlaşmışdılar.

Qrup Amerikaya 3 il qabaq qaçmışdı. İranda Qərb musiqisinə qadağalar olduğu, xüsusən rok konsertlərinə imkan verilmədiyi üçün onlar azad yaşamaq, tanınmaq üçün okeanın o tayına üz tutmuşdular.

Mahnılarını ingiliscə oxuyurdular

Noyabrın 11-də New York-un Brooklyn rayonunda baş vermiş cinayətin tam təfərrüatı hələ də bilinmir.

Polisin verdiyi məlumata görə, şəhərin başqa bir rayonunda – Queens-də yaşayan 29 yaşlı iranlı musiqiçi Ali Akbar tüfəngini götürərək Brooklyn-ə gəlib, damdan evə daxil olub və “Sarı itlər” qrupunun gitaraçısı Sourosh "Looloosh" Farazmand, onun qardaşı, barabançı Arash Farazmand, eləcə də başqa bir iranlı musiqiçi Ali Eskandarian-ı qətlə yetirib, evdə olan bir nəfəri isə qolundan yaralayıb.
ABŞ, "Yellow Dogs" qrupu

ABŞ, "Yellow Dogs" qrupu


Özünün meyiti isə damda tapılıb – yanında da tüfəngi.

“Sarı itlər”in meneceri Ali Salehezadeh deyib ki, qatil başqa bir qrupun üzvü olub, vaxtilə onlarla tanışlığı olub, amma keçən il baş vermiş mübahisədən sonra münasibətləri korlanıb.

İlkin məlumatlarda qətlin pul üstündə baş verdiyi deyilsə də, bunu təkzib edənlər də var.

Bu faciə “Sarı itlər”in fanatlarını şoka salıb

Tanınmış rejissor Bahman Ghobadi-nin İrandakı andeqraund musiqiçilər haqda “Heç kim İran pişikləri haqda heç nə bilmir” filmində “Sarı itlər” dən də bəhs edilir.

Kann festivalının xüsusi mükafatına layiq görülən filmdən sonra “Sarı itlər” İran rejiminin diqqət mərkəzinə gəlmişdi və nəhayət qrup üzvləri ölkədən qaçmalı, Amerikada sığınacaq istəməli olmuşdular.

Filmdə Tehrandakı binaların birinin damında studiya quran “Sarı itlər” filmin adındakı “pişiklər”dən, yəni yarıgizli fəaliyyət göstərməyə məcbur olan musqiçilərdəndir.

Filmdən parça

2011-ci ildə Azadlıq Radiosuna verdikləri müsahibədə qrup üzvləri demişdilər ki, studiyanı öz hesablarına yaradıblar.

Dediklərinə görə, ona görə farsca oxumurlar ki, “İran kimliyi”ndən istifadə edib məşhurlaşmaq istəmirlər.

Bunu öz sənətləri ilə etmək iddiasındadırlar

“Sarı itlər” İrandan, 2009-cu ildə keçirilmiş və müxalifətin saxta adlandırdığı seçkilərdən sonra qaçmışdılar.

Dediklərinə görə, küçə etirazları zamanı fəal olduqları üçün bir neçə dostları da o zaman həbs olunmuşdu, studiyalarında isə axtarış aparılmışdı.

İranı tərk edəndən sonra onlar ilk konsertlərini İstanbulda vermiş, daha sonra ABŞ-a yollanmışdılar.

Günün bütün mövzuları

XS
SM
MD
LG