Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:59

Uelsin Aberystwyth Universiteti “kürü diplomatiyası”na görə tənqid olundu


Arxiv foto
Arxiv foto
-

Universitet əməkdaşlığında "kürü diplomatiyası"?

Britaniyanın “The İndependent” qəzeti yazır ki, Aberystwyth Universitetinin Azərbaycanın Dövlət Diplomatiya Akademiyası ilə partnyorluğu Britaniya millət vəkilinin ciddi tənqidinə məruz qalıb.

Uelsli millət vəkili Aberystwyth Universiteti ilə Azərbaycanın Diplomatiya Akademiyası arasındakı əməkdaşlığı “kürü diplomatiyası” kimi qiymətləndirib.

Uest Nyuportdan olan leyborist millət vəklili Paul Flynn Azərbaycanın “kirli və repressiv rejimi” ilə əməkdaşlığı pisləyib və deyib ki, “burda söhbət təhsildən yox, təbliğatdan gedir”.

Qəzet yazır ki, bu partnyorluq 2006-cı ildə Azərbaycanın Xarici İşlər Nazirliyi tərəfindən təsis edilmiş Diplomatiya Akademiyası ilə “anlaşma memorandumu”na əsaslanır.

Human Rights Watch insan haqları təşkilatı sentyabr ayında açıqladığı hesabatda yazırdı: “Azərbaycan hökuməti bilərəkdən azad fikri məhdudlaşdıran pozucu strategiya yürüdür. Bu strategiya müxalif siyasi fəaliyyətin əngəllənməsi, hökumətin ictimai tənqidininin məhdudlaşdırılması, QHT-lər üzərində daha geniş hökumət nəzarətininin bərqərar edilməsi məqsədini güdür” – yazır “The İndependent”.

Aberystwyth Universitetinin sözçüsü bu iddialara cavab olaraq deyib ki, “…universitet bütün dünya boyunca müxtəlif siyasi sistemlərə və strukturlara malik ölkələrin ali təhsil təsisatları ilə mötəbər və yaxşı əlaqələr qurur”.

O deyib ki, bu mənada Azərbaycan Diplomatiya Akademiyası ilə qurulmuş əlaqə “anlaşma memorandumu”na əsaslanır.

Təmənnalı mübadilə

Lakin cənab Flynn “The İndependent” qəzetinə deyib ki, o Uels universitetinin Azərbaycan akademiyası ilə əməkdaşlığından çaşqınlıq keçirir.

“Onlar deyirlər ki, ortalıqda pul söhbəti yoxdur, lakin mən əminəm ki, universitetin bu əlaqədə təmənnası var”.

Qəzet yazır ki, memorandum partnyorluğun bir forması kimi universitet və akademiya arasında hər iki tərəfdən tələbələrin qarşı ölkədə bir il müddətində təhsil alması üçün mübadiləni nəzərdə tutur.

Universitetin sözçüsü bildirib ki, mübadilə olunan tələbələr oxuduqları təhsil ocağının haqqını ödəyirlər və heç bir tərəfin birbaşa maliyyə marağı yoxdur.

Qəzet yazır ki, aprel ayında Azərbaycan hakimiyyətinin Azad Fikir Universitetini bağlaması “Alimlər təhlükədə” (Scholars at Risk ) beynəlxalq təşkilatı tərəfindən kəskin pislənib.

Özünün Twitter hesabında cənab Flynn onun ittihamlarına rəsmi cavabı “tələbələri məhbəsə atan, irqi qətllərlə barışan, seçkiləri saxtalaşdıran və müxalifəti təqib edən Azərbaycanla əməkdaşlığa haqq qazandırmaq üçün Aberystwyth Universitetinin zəif müdafiəsi” adlandırıb.

Bu arada Amnesty International təşkilatı bildirib ki, “Azərbaycan özünün insan haqlarına hörmət edən imicini yaratmağa çalışır, lakin reallıq bunun tam əksidir” – iqtibas edir “The İndependent”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG