Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:00

«Əfqan qızı» ilə dünyanı dolaşan fotoqraf


Paris. Küçədə fotoqraf Steve McCurry-nin çəkdiyi fotolara baxan qadın

Paris. Küçədə fotoqraf Steve McCurry-nin çəkdiyi fotolara baxan qadın

-
Müharibə şəraitində doğulub, güllələr altında böyümüş, ata-anasını itirmiş, həyatı dağılmış, ölümlə olum arasında var-gəl edən çadralı bir qızın nə marağı var ki, dünyada məşhurdur, milyonlarla insan onun ölüm qorxusu saçan gözlərini görmək üçün sərgilərə axışır? Onun üçün bunun bir əhəmiyyəti varmı?
O yaxşı bilir ki, dünyanı valeh edən onun real həyat hekayəsi yağan gözləri deyil, fotoqrafın obyektivindəki donmuş sifətdir...
FOTOQRAFIN DİLİNDƏN...
«Əfqanıstanda çəkilişlər aparırdım. O zaman Pakistan sərhədində 3-4 milyon əfqan qaçqın var idi. Mən həmin qaçqın düşərgəsində bir çadırdan o birinə keçirdim. Çadırların birindən uşaq səsləri eşitdim. Gənc qızlar üçün yaradılmış məktəb idi. Məsum uşaq üzləri ilə dolu bir çadır. Müəllimədən çəkiliş aparmaq üçün icazə istədim.
Steve McCurry mühazirə zamanı

Steve McCurry mühazirə zamanı

Puştu mənşəli əfqan qızı Sharbat Gula sovet-əfqan müharibəsində valideynlərini itirmişdi. İnsanı düşünməyə məcbur edən maraqlı gözləri vardı. Dəhşət, qorxu içində parıldayan gözlərindən çox təsirləndim. Onun bir neçə şəklini çəkdim. Xoşbəxtlikdən çəkiliş üçün əla şərait və imkan var idi: işıq, fon, uşağın geyimi və rənglər. Üstəlik, vücud dili... Hamısı əla idi. Çəkilişləri bitirdim».
Steve McCurry-nin 1984-cü ildə çəkdiyi «Əfqan qızı» adlı bu foto bir il sonra «National Geoqraphic» jurnalının üz qabığında bütün dünyaya yayıldı. Adını belə bilmədiyi bu qızcığaz McCurry-yə dünya şöhrəti gətirdi.
O QIZI TAPIN...
2001-ci ildə NATO-nun Əfqanıstana müdaxiləsindən sonra McCurry Əfqanıstana qayıdır, həmin qızı tapmağa çalışır:
«2002-ci ilin yanvar ayında Sharbatı tapmaq üçün Əfqanıstana yollandıq. Axtarışlarımız xeyli davam etdi, amma onu tapmaq elə də asan deyildi. O zaman çəkdiyim fotosunu böyüdüb yerli sakinlərdən Sharbatı tanıyıb-tanımadıqlarını soruşurduq. Fotonu çəkdiyim vaxtdan xeyli ötmüşdü. Onu tanımaq elə də asan deyildi, xüsusilə xarabalığa çevrilmiş şəhərdə.
Ümidsiz idik, geri dönmək istəyirdik. Qəfildən bir adam peyda oldu, o qızın qardaşını tanıdığını dedi. Beləliklə, hər şey dəyişdi və ümidləndik. Az sonra yaddaşıma həkk olan o qızı tapdıq. Görən kimi tanıdım, çünki qorxu içində olan yaşıl gözləri heç vaxt ağlımdan çıxmırdı».
Sharbat Gula

Sharbat Gula

McCurry o qızı yaddaşlara köçürəndə onun 12 yaşı vardı, indi Sharbat Gula 30 yaşa çatmışdı, üç uşaq anası idi.
Müharibələr, ölümlər görmüş Sharbat üçün özünün bütün dünyada məşhurlaşan fotosunun bir anlamı yox idi. Onun daşlaşmış sifətindəki ifadə bunu deyirdi. McCurry ilə görüşəndə onun üzündə heç bir sevinc, maraq hiss olunmurdu. Ən azından Steve «Əfqan qız» fotosu ilə Əfqanıstanda baş verən müharibədən əziyyət çəkən insanlara diqqət çəkə bilmişdi. Amma Sharbat üçün bu çox əhəmiyyətsiz idi. Üç uşaq anası olan Sharbata fotoçəkiliş mənasız bir iş kimi görünür və bu işin sona çatmasını səbirsizliklə gözləyirdi:
«Yenidən onun fotosunu çəkdim. Ailəsi heç bir problem yaratmadı. Ona illər əvvəl çəkdiyim fotosundan danışmağa başladım. Dedim ki, sənin bu foton mən də daxil olmaqla saysız-hesabsız insanın həyatında dərin iz buraxıb. O zaman mənimlə bir neçə mütəxəssis getmişdi. Kompüter vasitəsilə Sharbatın gözləri yoxlandı. Müəyyən edildi ki, o, doğrudan da fotosunu çəkdiyim həmin qızdır».
Fotoqraf yenidən onun fotosunu çəkir və bu foto 2002-ci ildə «National Geographic»in üz qabığında yayımlandı. S. McCurry fotodan əldə edilən pullar hesabına Kabildə məktəb tikintisinə ayırır...
FOTOQRAFLARA MƏSLƏHƏT...
S. McCurry 1950-ci ildə Filadelfiyada doğulub. 27 yaşında Filadelfiyada qəzet işini tərk edən McCurry Hindistan, Pakistan və Nepala səyahət edib. Səbəbini belə anladır: “Niyə də yox? Mən məktəbdə fotoqrafiyanı və incəsənəti bir qədər öyrənmişəm. Fotoqrafiya barədə ən əhəmiyyətli nüansları da həmin illərdə mənimsəmişəm”.
Tezliklə öyrəndim ki, yaxşı fotojurnalistin təkcə jurnalist instinkti deyil, həm də yaşamaq instinkti olmalıdır. İnsan psixologiyasını öyrənməlisən, bu, belə yerlərdə sağ qalmaq üçün zəruridir...
2005-ci ildən rəqəmli (digital) fotoaparatla işləyən McCurry deyir ki, rəqəmsal fotoaparatla iş zamanı bəzi vərdişləri tərgitmək o qədər də asan deyil:
«Ancaq mənim həmkarlarımın əksəriyyəti, yaşından asılı olmayaraq, artıq rəqəmsal fotoaparatlara keçib. Bu cür fotoapartla çəkilmiş şəkilləri asan redaktə etmək olur».
Əfqanıstan, Pakistan, Birma, Çin, Küveytdə təhlükəli çəkilişlər edən fotojurnalist deyir ki, cəsarətli, eyni zamanda ehtiyatlı olmalısan, xüsusən də indi: «Məsələn, hazırda Kabildə ayağını bir addım kənara qoysan həlak ola bilərsən».
Steve karyerasında ən tərəddüdlü qərarını Əfqanıstanı seçəndə vermişdi. Sovetlərin Əfqanıstana hərbi müdaxiləsini lentə alan fotoqraf «Robert Kapa» qızıl medalını qazanır: «Həqiqətən çox qorxulu idi. Nə polis, nə xəstəxana, nə bir növ təhlükəsizlik tədbiri vardı. Tezliklə öyrəndim ki, yaxşı fotojurnalistin təkcə jurnalist instinkti deyil, həm də yaşamaq instinkti olmalıdır. İnsan psixologiyasını öyrənməlisən, bu, belə yerlərdə sağ qalmaq üçün zəruridir».

Günün bütün mövzuları

XS
SM
MD
LG