Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:40

Riyakar Albert Camus?


Albert Camus
Albert Camus
-

İronik vəziyyət ondan ibarət idi ki, fransız Camus nasist lideri Hitlerin yeni Avropa düzəni ilə bağlı nə fikirdə idisə, əlcəzairli ərəblər də Fransanın onların vətənində hökmranlığı haqda eyni şeyi düşünürdülər...


Ona “Qərbin vicdanı” deyənlər doğrudan da çoxdur. Bəs Nobel mükafatlı fransız yazıçını Şərqdə necə qəbul edirlər?

Cəsur ziyalıtək nasistlərə qarşı mübarizəyə qoşulmuş, müharibədən sonra isə Avropada intellektual mühitin formalaşmasında mühüm rolu olmuş Albert Camus (Alber Kamyu) Qərbdə əsl avtoritet idi. Bəs, məsələn, Əlcəzairdə? O yerdə ki, Kamyunun məşhur əsərlərindəki hadisələr baş verir. O yerdə ki, onun özü doğulub.

Heç demə, müsəlman ölkələrində yazıçıya münasibət birmənalı deyil.
Əlcəzair - müstəmləkəçilərə qarşı vuruşan Milli Qurtuluş Ordusunun əsgərləri, 1957
Əlcəzair - müstəmləkəçilərə qarşı vuruşan Milli Qurtuluş Ordusunun əsgərləri, 1957

Misirin nüfuzlu “Al-Ahram” qəzeti Kamyunun 100 illiyi ərəfəsində yayınladığı məqalədə mərhum Fələstin-Amerika alimi Edward Said-dən sitatlar gətirir. O hələ 1993-cü yazırdı ki, Kamyunun öz əsərlərində istinad etdiyi bəşəri dəyərlər, “əxlaqsız situasiyada əxlaqlı adam” teması onun Əlcəzairdəki Fransa müstəmləkəçiliyinə münasibətində özünü göstərmir.

Kamyu 2-ci Dünya Müharibəsindən sonrakı çıxışlarında Əlcəzairin Fransa əsarətindən azad olmaq çabalarını, müstəqilliyini dəstəkləmir, yəni faktiki olaraq “müstəmləkəçilərin, məhv etməyə çalışdıqları, torpaq haqqını ciddi şəkildə məhdudlaşdırdıqları müsəlman əhali üzərində qələbəsi”ni başlanğıc nöqtə kimi qəbul edir.

Düzdür, Fransa ordusunun yerli əhaliyə qarşı qəddar əməliyyatlarına haqq qazandırmır, amma müstəqillik uğrunda mübarizə aparan əlcəzairli millətçiləri də onların avropalı miqrantlarla amansız davranışına görə tənqid edir. Bir növ cəbhənin müxtəlif tərəflərində olanları bərabərləşdirir. Fransa hakimiyyəti altında millətlərin dinc şəkildə birgəyaşayışına çağırır. “Üçüncü bir yol” tapmağa səsləyir. Özü də Əlcəzairin kiçik, sahilyanı şəhəri olan Drean-dan olan Kamyunun bu halını Edward Said “müstəmləkə dövrünün tədricən bitməsindən narahatlıq keçirmək” adlandırır. Kamyu 1960-cı ildə Fransada avtomobil qəzasında öləcəkdi, iki il sonra isə Əlcəzair müstəqillik qazanacaqdı.
Əlcəzair - fransız əsgərləri, 1960-62
Əlcəzair - fransız əsgərləri, 1960-62

İrland yazıçısı Conor Cruise O’Brien çıxışları ilə yanaşı Kamyunun əsərlərinə də diqqət yönəldir. Məsələn, “Taun” romanı. Hadisələr Əlcəzairin Oran şəhərində baş verir. Bu şəhərdə yayılan taun xəstəliyi alman faşizminin simvolu, xəstəlikdən ölənlər isə nasizmin məhv etdiyi avropalıların rəmzi idi. Hadisələr sanki Avropada baş verir, əsərdə ərəb yoxdur. O’Brien-ə görə, romanla bağlı ironik vəziyyət ondan ibarətdir ki, Kamyu Hitlerin yeni Avropa düzəni ilə bağlı nə düşünürdüsə, əlcəzairli ərəblər də Fransanın onların vətənində hökmranlığı haqda eyni şeyi düşünürdülər. Kamyu almanların “fəth etmək haqqı”na qarşı çıxırdı, ərəblər də fransızların.

Amma “Al-Ahram” onu da yazır ki, Əlcəzairdəki müstəqillik savaşını dəstəkləməsə də, indi ölkədə onun oxucularının sayı artmaqdadır.
20-ci əsrin əvvəli, Əlcəzairdə məskunlaşan fransız ailələrindən. Bunlar əsasən fransız əsgərlərinin ailələri idi.
20-ci əsrin əvvəli, Əlcəzairdə məskunlaşan fransız ailələrindən. Bunlar əsasən fransız əsgərlərinin ailələri idi.

O zaman Kamyu ehtiyat edirdi ki, Əlcəzair müstəqil olsa, oradakı avropalılardan qisas alınacaq. Etnik və milli azlıqlara qarşı repressiyalar olacaq, onlar ölkəni kütləvi şəkildə tərk etməli olacaqlar. Ordunun dəstəklədiyi rejimin 50 illik hakimiyyəti ölkədə millətçiliyin, məcburi ərəbləşmənin güclənməsinə yol açıb, müxtəlifliyin, plüralizmin, liberal dəyərlərin, azadlıqların genişləndirilməsi ehtiyacı yaradıb. Bu baxımdan gənc əlcəzairlilər üçün Kamyunun görüşləri alternativ mövqe kimi maraqlı ola bilər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG