Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:40

Ana oğlunun qətli ilə bağlı istintaqdan narazıdır


Arxiv foto
Arxiv foto
-
Göygölün Quşçu kənd sakini, 20 yaşlı Toğrul Əyyubovun ölümündən 1 il 6 ay ötüb. Anası Zeynəb Əyyubova deyir ki, oğlu qətlə yetirilib, istintaq orqanları hadisəni törədəni axtarmaq həvəsində deyil.

“İlyarım əvvəl – aprelin 28-də bir yaxın qohumumuz Toğrula zəng elədi, onunla görüşmək istədiyini dedi. Sabahı gün Toğrul onunla görüşməyə getdi, bir neçə saatdan sonra da xəbər gəldi ki, Toğrulu öldürüblər. Mən il yarımdır istintaqa deyirəm ki, oğlumun ölümünün sirri o yaxın qohumumuzdadır, bildiklərini gizlədir.

Zeynəb Əyyubova oğlu ilə bağlı az-çox eşitdiklərini də danışır:

“Aprelin 29-da oğlum məktəbə “praktikaya” getdi. Qohumum da maşınla gedib onu məktəbin qarşısından götürüb. Sonuncu dəfə onları görənlər deyirlər ki, ağ maşınla olublar, 4-5 nəfər imişlər. Ancaq qohumum deyir tək olmuşuq. Çaya getmişik, Toğrul soyunub, deyib şəklimi çayın kənarında çək. Ayağı sürüşüb düşüb axar çaya”.

OĞLUMU DÖYÜB ÇAYA ATIBLAR

Zeynəb Əyyubova isə deyir ki, Toğrul əgər çaya düşübsə də, həmin çay axar olmayıb və oğlunun çayda boğulması mümkün deyil. O, oğlunun meyitinin üzərində xəsarətlər olduğunu deyir:

”Başında yarıqlar var idi, bədənində döyülmə izləri var idi. Mənim uşağımı ölümünə döyüb çaya atıblar. İndi də ört-basdır edirlər. Mən uşağımın qatillərinin cəzalandırılmasını tələb edirəm. Nə maraqları var idi ki, uşağımın ölümündən 1 gün keçsə də bizə dürüst söz demirdilər. Bilə-bilə ki, uşağımızı xəstəxanalarda axtarırıq, demirdilər ki, uşağınız “morq”dadır”.

20 yaşlı gəncin ölümü ilə əlaqədar Göygöl rayon prokurorluğunda araşdırma aparılıb. Meyitin daxili və xarici müayinəsi keçirilib. Həmin prokurorluqdan “Qaynar xətt”ə bildirilib ki, tibbi ekspert rəyində Toğrul Əyyubovun ölümünə səbəb mexaniki asfiksiya – suda batması olduğu göstərilib. Prokurorluq da həmin rəyə və dindirdiyi adamların ifadələrinə əsaslanaraq cinayət işinin başlanmasını rədd edib. Qərar belə əsaslandırılıb ki, Zeynəb Əyyubovanın oğlunun ölümündə təqsirli hesab etdiyi şəxslərin ölüm hadisəsi ilə əlaqəsi olmayıb.

Ana isə prokurorluğun qərarı ilə razılaşmır. Onun qərardan verdiyi apellyasiya şikayəti də təmin olunmayıb.

Hüquqşünas Namizəd Səfərov
Hüquqşünas Namizəd Səfərov
Zeynəb Əyyubovanın fikrincə, Göygöl prokurorluğunda oğlunun ölüm faktı ilə bağlı cinayət işi başlanmasına əsas verə biləcək faktlara məhəl qoyulmayıb.

Hüquqşünas Namizəd Səfərov isə deyir, Zeynəb Əyyubova yerli prokurorluq orqanından və istintaqdan narazıdırsa, bunun üçün istintaqa nəzarət edən yuxarı orqana - Baş Prokurorluğa rəsmi müraciət edə bilər.
XS
SM
MD
LG