Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:21

Balakən rayonun Hənifə kəndində örüş yerləri alınır...


Balakən, Hənifə kəndi

Balakən, Hənifə kəndi

-
BALAKƏN RAYONU HƏNİFƏ KƏNDİNDƏ ÖRÜŞ YERLƏRİ ALINIR...

Balakən rayonu Hənifə kənd sakinləri örüş yerlərinin əllərindən alınmasından şikayətlənirlər. Şikayətçilər deyir ki, bu əsasən Balakən şəhər ərazisinin genişləndirilməsi adı altında baş verir. Sakinlərdən Nazim Qazıyevin sözlərinə görə, söhbət 15 hektardan çox ərazidən gedir.

O, qeyd edir ki, şəhər bələdiyyəsi, Hənifə kəndinin icra nümayəndəsi və yerli bələdiyyə əslində həmin örüş sahələrini kəndə heç bir aidiyyatı olmayan şəxslərə icarəyə verirlər:

KÖNLÜ BALIQ İSTƏYƏNLƏR...

“O əraziyə yaxın məsafədə şəhərin zibilxanası yerləşir. Əlavə olaraq kəndin örüş sahəsindən, dövlət neft şirkəti on bir hektar torpaq alaraq orada göllər inşa edəcək. Biz maraqlanmışıq, burada neft şirkətinin adından istifadə edən bir sıra yüksək çinli məmurlar balıq yetişdirəcək.”

Balakən

Balakən

MEŞƏ QIRILIR...

Nazim Qazıyev deyir ki, həmin balıq gölləri üçün nəzərdə tutulmuş ərazilərin ətraflarında meşəlik sahələr və külli miqdarda iri akasiya ağaclar var. Meşəliklər və akasiyalar artıq qırılıb:

“Burada əhalini nəzərə almırlar. Kəndin örüş sahələrində yüksək postlarda təmsil olunan məmurlara aid qoyun sürüləri otarılır. Əhaliyə mal-qoyununu ora aparmamaq üçün bu və digər qaydada təzyiqlər edilir.”

Nazim Qazıyev qeyd edir ki, şəxsən özü icra başçısının qəbulunda olaraq bu məsələləri onun diqqətinə çatdırıb:

“Başçı söz verdi ki, tədbir görəcək. Ancaq yenə qoyun sürüləri yaylağdan həmin köhnə yerlərinə qayıtdılar. Hənifə kəndinin iki küçəsindən 2 il əvvəl iki yüz baş mal naxıra çıxırdı. Ancaq indi əhalini o, qədər sıxıblar ki, getdikcə heyvanların sayı sürətlə azalır. İndi iki küçədə heç əlli baş qara mal yoxdur. ”

“BU QƏDƏR ŞİŞİRTMƏYLƏ DANIŞMAĞA NƏ EHTİYAC VAR?”

Hənifə kənd icra nümayəndəsi Çingiz Şirinov isə deyir ki, Nazim Qazıyevin şikayəti düzgün deyil:

“Neft şirkəti orada heç bir obyekt yaxud balıq gölü tikmir. Başa düşmürəm, neft şirkətinin balıqçılıq nəyinə lazımdır? Burada bir vətəndaş iki hektardan bir az çox torpağı şəxsən alıb və özünə balıq saxlamaq üçün göl tikir. Əvvəllər də orada bir neçə balıq gölləri olub. İndi də vətəndaşlar yenidən balıq göllərini bərpa edir.”

Arxiv foto

Arxiv foto

“ƏRAZİDƏ OLAN QOYUN SÜRÜLƏRİ FERMERLƏRƏ MƏXSUSDUR.”

Çingiz Şirinov deyir ki, kənd ərazisində olan qoyun sürüləri isə məmurların yox, ayrı-ayrı fermerlərindir. Müqavilə ilə pulunu ödəyib heyvanını otarırlar:

“Həmin ərazidə hal hazırda bir fermer var. O, da özünün qoyun yatağında xəstəlik olduğu üçün, müvəqqəti heyvanını burada saxlayır.Yaxın günlərdə sürüsünü buradan aparacaq.”

Çingiz Şirinov daha sonra da deyir:

“Nazim Qazıyevin qeyd etdiyi torpaq on beş yox, beş yüz otuz hektardır. Bu torpağın şəhərə birləşdirilməsi ilə bağlı prezident sərəncam verib, yaxın vaxtlarda nazirlər kabineti də öz imzasını qoyacaq”

İcra nümayəndəsi bildirir ki, Hənifə kəndində min altı yüz qırx təsərrüfat var. Əhali əsasən mal qara ilə dolanır. Kənddə üç mindən çox iri buynuzlu mal var:

“Nazim Qazıyevi yaxşı insan kimi tanıyıram. Ancaq xahiş edirəm olmayan şeyləri deməsin. O,düzdür bir az şişirtməyi sevir, ancaq real danışsa daha yaxşı olar.”

BƏLƏDİYYƏNİN MÖVQEYİ...

Kəndin bələdiyyə sədri Oqtay Mehtiyev də deyir ki, həmin sözü gedən ərazi prezidentin sərəncamı ilə Balakən şəhərinə birləşdirilib:

“Gələcəkdə həmin ərazilərdə fərdi yaşayış evləri, digər binalar tikiləcək. Çünki Balakən şəhəri günü-gündən böyüyür.”

“NEFT ŞİRKƏTİNİN ORDA ALDIĞI TORPAQLAR VAR.”

Ancaq bələdiyyə sədri həmin ərazidə neft şirkətinin torpaq aldığını söyləyir:
“Bu torpaqlar qanuna müvafiq şəkildə vətəndaşlara yaxud şirkətlərə verilib. Kəndin təxminən min altı yüz təsərrüfatı var. Hənifə kəndi çox böyükdür. Nə qədər mal qara olduğunu deyə bilmərəm. Ancaq rayonda demək olar ki, ən böyük örüş sahəsi olan kənddir. Deyilən ərazi şəhərə verilsə də kəndin əlavə xeyli örüş sahələri var. Bu sarıdan deyilən problem yoxdur.”
XS
SM
MD
LG