Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:24

Köçəri Hüseynovun köçəri həyatı...


Köçəri Hüseynov
Köçəri Hüseynov
-
Nə məktəb üzü görüb, nə hərbi xidmətdə olub, nə də bir dəfə seçkiyə qatılıb. Yayda qoyun sürüsünü qabağına qataraq Kəlbəcər və Laçın dağlarına aparıb, payız girəndə dövlətinin başında Arana çəkilib.

İndi dağlara gedən yollar üzünə bağlıdır. Şura hökuməti də çoxdan yıxılıb, üstünə hər il plan, öhdəlik qoyan kolxoz da dağılıb. Ailəsinə “topdağıtmaz” ev tikib, bir çətən külfəti var. Yaşı 85-i ötsə də, Köçəri Hüseynov yenə çomağını əlindən yerə qoymaq, çöldən-düzdən yığışmaq istəmir...

TƏRƏKƏMƏ «DÖVLƏT»İ

Sarıxanlı kəndi və çevrəsindəki torpaqlar vaxtilə Təklə tayfasından olan elatın qışlaq yeri sayılıb. Burada maldarlığın, qoyunçuluğun yüz illərdən bəri oturuşmuş ənənəsi var. Bu elatı heç kolxoz da “ipə-sapa düzə”, aran-yaylaq həyat tərzindən, şəxsi təsərrüfatından ayıra bilməyib. Adamlar qapısında sürü ilə qoyun saxlayıb. Tərəkəmə üçün qoyun sürüsü “dövlət” deməkdir. Zəhmətin bəhrəsi, doyunca yemək, oğul evləndirmək, qız köçürmək, cehiz qoşmaq, qonaq qarşılamaq, dar gün üçün ehtiyatı olmaq bu dövlətlə bağlıdır.

Qoyun-quzuya mehr salan, çöldə, düzdə vərdiş qazanan adam bu işdən ayrıla bilmir. Köçəri kişi deyir ki, ayağı yer tutandan, ağlı kəsəndən maldarlığa bağlanıb. Atasını erkən itirəndən sonra ailənin yükü onun zəif çiyninə düşüb. Buna görə hərbi xidmətə çağrılmayıb. Amma onun ömrünün 75 ili “əsgəri xidmət”ə bənzəyir. Olub ki, isti yorğan-döşək üzü görməyib, çomağına söykənərək ayaq üstə mürgü vurub. Neçə yol köçü qatı dumandan keçirib, sürünü seldən çıxarıb, canavarların ağzından alıb.

Sürü örüşdən qayıdır
Sürü örüşdən qayıdır
Bəlkə də adamlarda bu fədakarlıq olmasaydı, heç kolxozun ət, süd, yun planı da dolmazdı. “Dövləti saxlamaq asan deyil. Düz 40 il qoyunçuluq briqadiri işləmişəm. O vaxt briqadir sürüyə başı ilə cavabdeh idi”- deyir Köçəri kişi...

«KOLXOZ ADAMI BELİNDƏ GƏZDİRİRDİ»

Kollektiv təsərrüfat ləğv ediləndən sonra, ölkənin hər yerində olduğu kimi, Sarıxanlıda da torpağ kiçik hissələrlə adamlara paylandı. Amma qoyun sürüsü üçün geniş otlaq yeri olmalıdır. Köçəri kişi övladları ilə birgə dövlət fondunda saxlanılan ərazidən 70 hektar sahə icarəyə götürüb. Mal-qara saxlanan bu yer yaşayış məntəqəsindən 5 kilometr aralıda yerləşir.

Köçəri kişi yeni iqtisadi münasibətlərə çoxlarından fərqli yanaşır: “Kolxozun dağılmağı ilə dövlətin də gücü getdi, adamlar da köməksiz qaldı. Kolxoz qabaqcıl işçini yerdən qaldırıb alnından öpürdü, belində gəzdirirdi, dolandırırdı. Hamı çəkicini bir zindana vururdu. İndi hərə bir tərəfə çəkir”.

QAMIŞ TÖVLƏLƏR...

Mal-qaranın saxlanc yerləri, əsasən, qamışdandır. Təzə doğulan quzuların, buzovların da öz yeri var, ana heyvanların da. Köçəri kişi burada yaşayış üçün hər cür şərait yaradıb: yayda kölgənəcək üçün ağac bitirib, ərzaq anbarı, istirahət evləri tikib.

TƏRƏKƏMƏ QADINLARININ SƏRT HƏYATI

İnək sağımı
İnək sağımı
Qız-gəlinlərin işi kişilərinkindən az deyil: paltar, qab-qacaq yumaq, yun əyirmək, mitil salmaq, biş-düş etmək, sacda yuxa bişirmək, heyvan sağmaq, pendir tutmaq...

Ərazidə xeyli sayda gərmə qalaqları var. Qışda fermadakı otaqlar onunla qızdırılır. Sarıxanlıya hələ də qaz çəkilmədiyindən, Köçəri kişi gərmənin bir hissəsini kənddəki yaxınlarına göndərir.

TÖRƏMƏLƏRİ İLƏ BAĞLI HESAB- KİTABI İTİRİB...

4 oğul, 5 qız böyüdüb ev-eşik sahibi edən Köçəri kişi, indi də nəvələrini başına yığıb. Onun 26 nəvəsi, 8 nəticəsi var. Zarafatla deyir ki, daha törəmələrinin hesab-kitabı itib, hamısını bir yerə yığsan, bir kəndin adamı qədər olar. Elçiliyindən tutmuş toy xərcinədək nəvələrinin xeyir işlərinin bütün ağırlığı onun üzərinə düşür. Gəlinlərindən birinin cehizi fermaya gətirilib, təzə ailə quran gənclər burada yaşamağa qərar veriblər.

HƏR TƏZƏ GƏLƏN QONAĞIN ADINA BİR HEYVAN KƏSƏR

Köçəri kişi köhnə tərəkəmə adətindən çıxmır – gələn qonağa əvvəldən kəsilmiş heyvanın ətindən xörək bişirilməsinə razı olmaz, sürüdən öz əlilə toğlu seçib kəsər. Lap bir gündə 5 qonağı olsun, hərəsinin adına bir heyvan kəsilməlidir.

Köçəri kişinin kənddə hər cür şəraiti olan evi var. Bayramlarda, əziz günlərdə övladları yalvar-yaxarla onu evə gətirərlər ki, masa başına otursun. Amma bircə gündən artıq qalmağa səbri çatmaz. Sevimli ömür-gün yoldaşı öləndən sonra kişi bir az da qəribsəyib...
XS
SM
MD
LG