Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:11

«Suvarma suyu ilə «suvarılırıq»»


Foto: Arxiv
Foto: Arxiv
-
«İcra başçısı su xətlərini doğratdırıb, satdırıb. 3 ildir ki, sahələrə gedən suvarma suları ilə «suvarılırıq»».

Bunu Ağcəbədi şəhər sakini Rəşid Nəcəfli söyləyir. Onun dediyinə görə, şəhərin su xətləri yerli icra hakimiyyəti tərəfindən doğranaraq satılıb. İndi əhaliyə suvarmada istifadə olunan su verilir:

«Problemi yaradan isə başçıdır. Rayona verilən içməli su əvvəllər Qalatəpə adlanan ərazidən - Qarqar çayından gəlirdi, oradan artezianlar vasitəsilə şəhərə su verilirdi. 3 ilə yaxındır ki, başçı ordan gələn su xəttini doğratdırıb satıb. Ordakı artezianların da taleyi məlum deyil. Deyilənə görə, birini həmin ərazidəki əkin sahəsində işlədir».

Rəşid Nəcəflinin dediyinə görə, hazırda Ağcəbədi şəhərinin içməli su xətti yaxınlıqdan keçən Yuxarı Qarabağ suvarma kanalına qoşulub:

«Bu su nəinki içməyə, heç məişətdə istifadə etməyə də yaramır. Su krantını açırsan, bulanıq su gəlir, içərisində də xırda qurdlar. Bir sözlə, icra başçısı əhalini su sınağına çəkib».

«KƏMƏR DOĞRANARAQ SATILIB»

Rəşid Nəcəfli iddia edir ki, 32 kilometrlik su kəməri doğranaraq satılıb, kəmər çuğundan olub:

«Onu da deyim ki, bu oyun təkcə şəhərin yox, İndarx qəsəbəsinin də başına gətirilib. Qəsəbəyə gedən 4 su xəttindən ikisi o vaxtlar doğranıb satıldı. Qalan ikisinə də əl gəzdirmək istəyirdilər ki, camaat ayağa qalxdı, imkan vermədi».

Rəşid Nəcəflinin dediyinə görə, şəhərdə yeni istifadəyə verilmiş mərkəzi rayon xəstəxanası hələ də fəaliyyətə başlamayıb. Səbəb susuzluqdur. Daha doğrusu, xəstəxanaya da suvarma suyu çəkilib. Ancaq xəstəxana rəhbərliyi bu su ilə xəstəyə xidmət göstərməyin təhlükəli olduğunu hesab edib. O üzdən də xəstəxana fəaliyyətsiz qalıb.

Ağcəbədi rayon İcra Hakimiyyətindən deyilənləri təkzib ediblər. Bildiriblər ki, Rəşid Nəcəfli və daha bir neçə nəfər yerli prokurorluğa da şikayət edib: «Ancaq şikayətlər əsassızdır».

İcra hakimiyyətindən bildirdilər ki, əlavə məlumat üçün prokurorluğa müraciət edək.

Ağcəbədi prokurorluğundan isə araşdırma ilə bağlı məlumat vermədilər və nəticəni gözləməyi məsləhət bildilər.
XS
SM
MD
LG