Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:30
-
“Almanı topdan təhvil verəndə kilosu ən yaxşı halda 15 qəpikdən düşür. Bu, heç meyvənin ağacdan dərilib həyətə daşınmasının da xərcini ödəmir”.
BAĞBAN ƏLİNİN ZƏRƏRİ BAŞINDAN AŞIR
Qubalı bağban Əli Qurbanov bağında qulluq edib yetişdirdiyi almaların bəhrəsini görə bilmir. Deyir, bu mövsüm satdığı almaların gəliri xərcini ödəməyib. Məhsul yetişir, ağacdan tökülür, çürüyüb gedir. Zərər başdan aşır: “Bu ilki satış heç maya dəyərinin 40-50 faizini də ödəmədi”.
Qubalı Şamil Həsənovun bağında isə 160 alma ağacı var. Deyir, ilboyu banklardan götürdüyü kreditlərin hesabına ağaclara qulluq edib. Məhsulu maşına yükləyib “Quba konserv zavodu 1” emal müəssisəsinə gətirəndə gözləri kəlləsində qalıb:
“Dedilər ki, məhsulu sizdən ən yaxşı halda 15 qəpikdən ala bilərik. Dedim nə danışırsınız, mən bu meyvəni yetişdirib başa gətirənə qədər bir ətək xərcim gedib”.
İndi onu həm də banklardan götürdüyü kreditləri necə qaytaracağı düşündürür.
TONLARLA MƏHSULUN AQİBƏTİ
Qısası, Qubada alma satışında yaranan problemlər yerli bağbanlara baha oturub. Hər gün tonlarla məhsul xarab olur.

Bağbanlar hesab edirlər ki, məhsul xarici bazarlara çıxmasa, vəziyyət lap pisləşəcək.
Ötən il Quba bağlarından ümumilikdə 117 min ton məhsul yığılıb. 2012-ci ildə isə bu rəqəm 109 min ton olub. Məhsul bolluğu əvvəlcə fermerlərə sevinc, sonra əməlli-başlı qəm-qüssə gətirib. Məhsul satışından əldə olunan gəlir demələrinə görə, aqrotexniki qulluğu tam ödəmir.
XARİCİ BAZARA ÇIXIŞDAKI ƏNGƏLLƏR
Alma alışı ilə məşğul olan Sahib İskəndərov deyir ki, məhsulun aşağı qiymətə alınması xarici bazara çıxışın olmaması ilə əlaqədardır. Səbəbsə əlavə dəyər vergisidir:
“Mən hər il Rusiya bazarlarına alma daşıyıram. Hər dəfə Rusiyaya keçəndə hər yük maşınına görə 3500 əlavə dəyər vergisi ödəyirəm. Bu, böyük məbləğdir. Çünki apardığım məhsul bazarlara yetişincə bir hissəsi yolda çürüyür, bazarlarda yerbəyer olununca da üstəlik xeyli xərcim çıxır”.
Sahib İskəndərov sonuncu səfərində əməlli-başlı zərərə düşüb. Ona görə də alma alverini buraxıb, başqa işlə məşğul olmağı düşünür.
Başqa alıcı Həsən Səfərov da alma alveri ilə vidalaşmaq fikrindədir:
“Təkcə Rusiya bazarlarına çıxışımız vardı, indi orda da vəziyyət gərgindir, hazırda o tərəfə keçə bilmirik. Həm əlavə dəyər vergisinin çoxluğu, həm də həyatımıza ola biləcək təhlükə bizi məcbur edək li, alverin daşını ataq”.
Beləcə, bağbanlar yerli emal müəssisələrinin ümidinə qalıb. Onlar təklif olunan ən aşağı qiymətlə də yerli emal müəssisələrinə alma verməyə razıdılar. Təki məhsul zay olmasın. Amma...
EMAL MÜƏSSİSƏLƏRİ QARŞISINDA NÖVBƏLƏR
Bağbanlar deyirlər ki, iş orasındadır, yerli emal müəsssisələri də məhsulu onlardan tənbəlcəsinə qəbul edir. Günlərlə emal müəssisələrinin qarşısında növbə gözləməli olurlar ki, məhsulu müəssisəyə təhvil versinlər. Məhsul isə gözləmir, günbəgün çürüməkdədir.
“Quba konserv 1” emal müəssisəsinin nümayəndəsi Ədalət Tarverdiyev deyir, hazırda gündəlik 220-250 ton xammal qəbul etmək imkanları var. Çünki müəssisədəki avadanlıqların gündəlik yalnız bu ölçüdə xammal emalına gücü çatır.
Mütəxəssislər hesab edirlər ki, fermerlərə xarici bazarlara çıxış üçün şərait yaradılmalı, ilk növbədə əlavə dəyər vergisi azaldılmalıdır. İkinci tərəfdən isə, bölgədə çoxlu emal müəssisələri yaradılmalıdır ki, fermerlər tək-tük müəssisələr qarşısında günlərlə növbədə dayanmasınlar. Fermer məhsulu nə qədər gec təhvil verirsə, bir o qədər də məhsul, pul itkisi ilə üzləşir.
Yerli Ərazi Kənd Təsərrüfatı İdarəsi isə əlavə emal müəssisələrinin 2014-2018-ci illər proqramı çərçivəsində yaradılacağını vəd edir.

Şərhləri göstər

XS
SM
MD
LG