Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:28

«Rus marşı»nın əks-sədası


-
Noyabrın 4-də Moskvada millətçi qruplar «rus marşı»na çıxdılar. Miqrantlara qarşı bəzi marşöncəsi hücumlar nəzərə alınmasa, yürüşün sakit keçdiyini demək olar.

«Bəzi hücumlar» deyərkən, millətçi gənclərin Moskva metrosunda slavyana bənzəməyənləri alçaltmasından və onları döyməsindən söhbət gedir. Bunları əks etdirən videolar Rusiyanın müxtəlif saytlarında yayılıb.

AzadlıqRadiosunun Rusiyada yaşayan azərbaycanlılardan aldığı məlumata görə, daha öncəki günlərlə müqayisədə miqrantlara qarşı hücumlar azalıb. Bilgi verənlər bunun daha çox miqrantların ehtiyatlı davranışından qaynaqlandığını düşünürlər.

«QAYNAR XƏTT» – QURTULUŞ YOLU

Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev Rusiyadakı azərbaycanlı miqrantların problemlərini diqqətdə saxlamağın yeni yolunu təklif edir. Onun fikrincə, azərbaycanlıların hər an müraciət edə biləcəyi «qaynar xətt» telefon xidməti yaradılmalıdır:

«Bu qaynar xətt olarsa. Biz ora üz tutan azərbaycanlı miqrantlara hüquqi yardım edə bilərik. Ən azı, onlara qarşı baş verən qanunsuzluqlardan, zorakılıqlardan dərhal xəbər tuta bilərik. Bu, bütün ölkələrdə var. Miqrantlara Rusiya qanunvericiliyi ilə də bağlı məlumat verə biləcəyik».

İKİ AYDA RUSİYANI 10 MİN AZƏRBAYCANLI TƏRK EDİB?

Moskvada çalışan Teymur Hüseynov bazarları bağlanan azərbaycanlıların Rusiyada uzun müddət qalacağına inanmır. O, gec, ya tez, onların Azərbaycana dönməyə məcbur olacağını düşünür: Bakı-Moskva qatarı

Bakı-Moskva qatarı


«Azərbaycanlıların yığcam çalışdığı yerlər, əsasən, bazarlardır. O bazarları da bir-bir bağlayırlar. Bizdə olan məlumata görə, son iki ayda Azərbaycana 10 minədək adam qayıdıb. Adamların qayıtması hələ Bakıda ona görə hiss olunmur ki, onların əksəriyyəti əyalətlərdə yaşayanlardır. Misal üçün, Şəmkir və Gəncəyə gedənlərin sayı xeyli çoxdur. Kürdəmirə, Ucara gedənlər də az deyil».

«GÜNƏMUZD İŞLƏYƏNLƏR QAYIDIRLAR»

Teymur Hüseynovun fikrincə, kimin bir qədər imkanı varsa, Azərbaycana deyil, Rusiyanın başqa regionlarına üz tutur və ya özlərinə digər sahələrdə iş axtarır:

«Qayıdanlar, əsasən, günəmuzd işləyənlərdir. Onların əlində elə bir kapital yoxdur ki, hansısa başqa sahəyə getsinlər. Amma taksi xidməti göstərən azərbaycanlıların da Moskvada qalmaq şansları azdır. Yeni qanunlar, qərarlar qüvvəyə minir. Misal üçün, bundan sonra xarici ölkənin sürücülük vəsiqəsi ilə taksi xidməti göstərmək olmaz. Gərək gedib imtahan verərək bu ölkənin sürücülük vəsiqəsini alasan. Amma ona da min dollar rüşvət tələb olunur. Bu səbəbdən də Azərbaycana qayıdanlar olacaq».

«...ANALOQU OLMAYAN... VƏTƏNİMİZƏ GƏLİRİK...»

Teymur Hüseynov Azərbaycana hər an qayıtmağa hazır olduğunu deyir. Amma bir şərtlə:

«Gələk orada bizə 500 manatlıq iş versinlər işləyək. Uşaqlarımıza da ayda 100 manat uşaqpulu verilsin... Mən soruşuram o pulu qazanmaq üçün iş yerləri, azad ticarət varmı? Camaat Azərbaycanda vəziyyətin nə yerdə olduğunu bilir, ona görə gəlmir. Vətənimizə qayıdarıq, burda nə var ki? Nədən qorxurlar? Demirlər, analoqu olmayan inkişaf var, regionlar belə inkişaf edib... Bakı-Tbilisi-Ceyhan neft kəməri çəkilib, ölkəyə milyonlarla dollar axır... Moskva bazarı - 2011

Moskva bazarı - 2011

Nədir, nədən narahatsınız? Mən Azərbaycana pulla gəlsəm, biznesimi quracağam. İşləməyə qoymasalar, mən də öz haqqını tələb edən adamların yanında olacaq, hüququmu tələb edəcəyəm. Lətifəsi uzaq, Puşkin kimi. Çar «dekabristlər üsyanı zamanı Piterdə olsaydın, nə edərdin?» – deyə soruşanda Puşkin deməmişdimi – «mən dekabristlərin yanında olardım?!».

«... 5-6 MİN OLA BİLƏR»

Əlövsət Əliyev Rusiyadan gələn miqrantlardan hər gün müraciətlər aldıqlarını deyir, amma iki ayda ölkəyə qayıdanların 10 minə çatmasına inanmır. Bunu texniki baxımdan da mümkünsüz sayır:

«Ən çoxu 5-6 min ola bilər, heç o da inandırıcı deyil. Çünki Moskvada baş verən hadisələrdən sonra qısa vaxtda hava, su və quru yolu ilə bu qədər adamın gəlməsi texniki baxımdan mümkün görünmür».

«SƏFİRLİK VƏZİYYƏTİ YAXINDAN İZLƏYİR»

Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Abdullayev narahatlığa əsas görmür. Onun sözlərinə görə, nazirlik Azərbaycanın Rusiyadakı səfirliyinə azərbaycanlı miqrantların hüquqlarının qorunmasını tapşırıb:

«Səfirlik Azərbaycan vətəndaşları ilə bağlı vəziyyəti yaxından izləyir, onların problemlərinin həllində də yaxından iştirak edir. Vətəndaşların problemləri bizim üçün prioritet məsələdir».

«...YIĞIŞIB KONSULLUĞA GEDƏCƏYİK»

Rusiyadan gələn azərbaycanlılar üzləşdikləri problemlərin çoxluğundan gileylənirlər. Bir neçə gün əvvəl Rusiyadan dönən Gəncə sakini Zakir Əhmədov deyir ki, övladları Rusiyada qaldığı üçün təkrar geri, onların yanına dönmək istəyir, amma onu buraxmırlar: Bakı-Moskva qatarı

Bakı-Moskva qatarı


«Mən Gəncədənəm, bizimlə çox adam gəlib. Heç bir söz demirlər. Gəlmişik, geri qayıdanda deyirlər ki, olmaz».

O, hadisələrin indiki gedişindən bir daha Rusiyaya dönməyin çətin olduğunu düşünür. Amma deyir, yaxın günlərdə Rusiyadan deportasiya olunanlarla yığışıb geri qayıtmaq üçün Rusiya konsulluğuna müraciət etmək istəyirlər.

Bununla yanaşı, Zakir Əhmədov Gəncədə həm də iş axtarır. Deyir, bəlkə tapa bildi:

«Bizim bölgədə gedib işləməyə yer yoxdur, axı. Yenə Moskvada, bir təhər, alverlə qazanır, özümüzü, ailəmizi yola verirdik. Yaxşı idi, pis deyildi».

Rusiyada azərbaycanlı miqrantlara qarşı hücumlar oktyabrın 10-da başlayıb. Moskvada – Biryulevo səmtindəki bazarda çalışan Orxan Zeynalova rus gənci öldürməsi ilə bağlı ittihamdan sonra millətçilər orada çalışan miqrantlara hücum çəkiblər. Bundan sonra 5 minə yaxın azərbaycanlı miqrantın çalışdığı bu bazar bağlanıb.

Şərhləri göstər

XS
SM
MD
LG