Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:39
-
Noyabrın 5-də Lənkəran rayon məhkəməsində Müsavat partiyası başqanının müşaviri Yadigar Sadıqovun işi ilə bağlı hazırlıq iclası keçirilib. İclasın başlanmasına az qalmış polislər məhkəmənin qarşısını nəzarətə götürüblər. Məhkəməyə gəlmiş Yadigar Sadıqovun yaxınları və partiyadaşları giriş qapısında qeydiyyatdan keçərək üçüncü mərtəbəyə qalxırdılar.
ÇƏKİLİŞƏ İCAZƏ VERİLMİR...
Polislər qabaqcadan çəkilişə icazə verilmədiyini elan ediblər. Yadigar Sadıqov məhkəmə zalına gətirilərkən onun şəkilini çəkmək istəyənlərlə ədliyyə işçiləri arasında narazılıq baş verib.
ZƏRƏRÇƏKƏN QARABAĞDA VURUŞUB?
İşdə adı zərərçəkmiş şəxs kimi keçən Rəşid Kərimov mülki geyimli adamların nəzarəti altında məhkəməyə gəlib. R. Kərimov məhkəməyə toplaşan adamlara əlindəki bileti göstərərək Qarabağda vuruşduğunu bildirib.
Vəkil Xalid Bağırov

Vəkil Xalid Bağırov

Məhkəmə zalında da Rəşid Kərimovla zaldakılar arasında mübahisə də düşüb, hakim Elçin Kazımov zaldakılara və Rəşid Kərimova bir neçə dəfə xəbərdarlıq edib.
Yadigar Sadıqovun vəkili Xalid Bağırov bir neçə vəsatət qaldırdı. Vəsatətlərdən biri məhkəmədə çəkiliş aparılmasına icazə verilməsi istəyi ilə bağlı idi. Hakim heç bir əsas gətirmədən buna icazə vermədi. Vəkil həmçinin Yadigar Sadıqov haqqında həbs qəti imkan tədbiri ilə bağlı verilən qərarda «cinayətkar əməllərə görə» ifadəsini əsas gətirərək məhkəmənin artıq mövqe nümayiş etdirdiyini söylədi. İstintaq sənədləri ilə tanış olmağa imkan vermədiklərini bildirdi. O buna görə rayon prokurorluğunu günahlandırdı. Vəkilin bildirməsinə görə, hal şahidlərin ifadələrindən məlum olur ki, hadisələr iki fərqli yerdə baş verib. Hadisədən sonra qısa vaxt ərzində 7 nəfər hal şahidin tapılması, izahatların alınması və ekspertizanın rəyi barədə fikirlərini söyləyən vəkil işə xitam verilməsini istədi.
VƏSATƏTLƏR RƏDD EDİLİR VƏ QARANLIQDA İCLAS DAVAM EDİR...
​Hakim qısa müşavirədən sonra vəkilin qaldırdığı vəsatətləri rədd etdi.
Məhkəmə

Məhkəmə

İşıqlar sönsə də qaranlıqda məhkəmə işini davam etdirdi. Zərərçəkmiş şəxs bir neçə dəfə bildirdi ki, təqsirləndirilən şəxsi hadisəyə qədər tanımayıb. O xəsarət alandan sonra 21 gün xəstəxanada yatıb. Onun gözündəki eynəyini sındırıblar.
Məhkəmə noyabrın 12-də işini davam etdirəcək. Məhkəmədə hal şahidlərinin dindirilməsi gözlənilir.
MÜSAVAT PARTİYASI İŞİ SİFARIŞ SAYIR...
Məhkəmənin işində iştirak edən Müsavat partiyası başqanın müavini Gülağa Aslanlı Azadlıq radiosuna bildirib ki, məhkəmənin gedişi bu işin sifarişli olduğunu göstərir.
Yadigar Sadıqovun vəkili Xalid Bağırov isə deyib ki, məhkəmə bir tərəfli qaydada aparılır. Vəkilin sözlərinə görə, vəsatətlərin təmin olunmaması onu göstərir ki, onlar durub baxacaq, qarşı tərəf isə zərbələrini endirəcəklər.
Müsavat partiyası başqanının müşaviri, Lənkəran rayon sakini Yadigar Sadıqov bu ilin iyunun 27-də rayon polis şöbəsinə çağırılıb, dindirmədən sonra həbs edilib.
Yadigar Sadıqov, İyunun 25-də Lənkəran şəhər sakini 2-ci qrup Qarabağ əlili Rəşid Kərimovun şikayəti əsasında həbs edilib. R.Kərimov döyülməsi barədə rayon polis şöbəsinə müraciət edib. Yadigar Sadıqov Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə (Xuliqanlıq, silahdan və silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) təqsirli bilinir. Bu maddə sübut olunsa təqsirləndirilən şəxsi 3 ildən yeddi ilədək həbs gözləyir.
XS
SM
MD
LG