Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:17

Q. Məmmədov: Bütün yalançı şahidləri ifşa edəcəyik


Qurban Məmmədov məhkəmədə (Foto: N. Adilov)
Qurban Məmmədov məhkəmədə (Foto: N. Adilov)
-
«Bütün yalançı şahidləri ifşa edəcəyik»- bunu noyabrın 4-də Nəsimi Rayon Məhkəməsində keçirilən prosesində vəkil, siyasi fəal Qurban Məmmədov deyib.

Qurban Məmmədov idarə etdiyi maşınla adam vurmaqda təqsirləndirilir. Barəsində Nəsimi rayon Məhkəməsi iki aylıq həbs qərarı verib.

Noyabrın 4-də keçirilən prosesdə Qurban Məmmədov bir neçə vəsatətlə çıxış edib. Əvvəlcə məhkəmədən istintaq zamanı onun xeyrinə ifadə verən şahidlərin də məhkəmədə dindiriləcək şahidlər siyahısına salınmasını xahiş edib.

Daha sonra Qurban Məmmədov bundan öncəki iki prosesdə şahid kimi ifadə verən İsa Mansurov və Rəhbər Hüseynovun şahidlər siyahısından çıxarılmasını istəyib. Siyasi fəal hər iki şahidin «yalançı şahid» olmasını iddia edib. O, məhkəməyə adı çəkilən şahidlərin ifadələrindəki ziddiyyətlərlə bağlı nümunələr təqdim edib. Bundan başqa İsa Mansurovun məhkəməni aldatdığını, əslində bundan öncə 20 polis bölməsində sahə müvəkkili çalışmasını gizlətdiyini deyib. Həmçinin 2008-ci ildə başqa bir məhkəmə prosesində onun verdiyi ifadənin ziddiyyətli olmasına dair ali məhkəmənin qərarını da hakimə təqdim edib.

Qurban Məmmədov onun həm ifadə verməkdən boyun qaçırmaqda ittiham olunmasını absurd adlandırıb. Bildirib ki, hadisə baş verəndən 3 ay sonra İngiltərəyə səfər edib və qısa müddətdən sonra geri qayıdıb:

«Hətta İngiltərədə Şaxta baba obrazında video çəkib internetə də yerləşdirmişəm. Yəni harada olmağımı gizlətməmişəm. Qısa müddətdən sonra da geri qayıtmışam. Heç kimdən gizlənməmişəm».

Hakim Emin Mehdiyev Qurban Məmmədovun qaldırdığı vəsatətləri qismən təmin edib. İstintaq zamanı dindirilmiş bəzi şahidlərin məhkəməyə dəvət olunacağını bildirib. İsa Mansurov və Rəhbər Hüseynovun da yenidən məhkəməyə çağırılıb dindiriləcəyini deyib.

Noyabrın 4-də keçirilən prosesdə əsas şahid kimi dindirilməli olan Xanlar Bayramov məhkəməyə gəlmədiyinə görə proses noyabrın 5-dək təxirə salınıb. Hakim bildirib ki, əgər həmin şahid növbəti prosesə də gəlməsə, məhkəmə onun məcburi gətirilməsi ilə bağlı iş görəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG