Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:35

Sökülən «57 bazarı»nın tacirlərinə «Cahan»da yer tapılmır...


«57 bazarı» sökülür

«57 bazarı» sökülür

-
Naxçıvanda «57 bazarı» kimi tanınan ticarət mərkəzinin sökülməsinə başlanıb.

Bu barədə həmin mərkəzdə çalışanların özü AzadlıqRadiosuna məlumat verib. Məlumata görə, 4 gün öncə boşaldılan bazarın söküntüsünə noyabrın 4-də start verilib.

Həmin mərkəzdə çalışanlar AzadlıqRadiosuna bildirmişdilər ki, oktyabrın 31-dən başlayaraq polislər onlardan zorla dükanlarını boşaltmağı tələb edirlər. Tacirlərin sözlərinə görə, bazarın boşaldılmasına səbəb yüksəkvəzifəli məmurların qohumlarına məxsus «Cahan» Ticarət Mərkəzinin genişləndirilməsi olub. Onlar deyir ki, «Cahan»da 200-dən çox yeni dükan açılıb, amma icarə qiymətlərinin bahalığı ucbatından həmin yerlərə maraq göstərmirlər. Tacirlərin fikrincə, «57 bazarı»nın sökülməsində məqsəd onları məcburi şəkildə yeni tikilən dükanlara cəlb etməkdir.

Üstəlik, şikayətçilər deyirlər ki, «Cahan»da 200 yeni dükan tikilsə də, bu, onların tələbatını ödəmir.

«MƏCBURUQ BOŞALAN NAXÇIVANI BİZ DƏ TƏRK EDƏK»

İş yerini itirən Vəli Cəfərov bildirir ki, iki gündür «Cahan»ın qarşısında gözləsə də, özünə yeni dükan tapa bilməyib:

««Cahan»da yeni tikilən dükanların hamısını vəzifəli adamlar alıb, icarəyə verirlər. 5-6 gün əvvəl adam axtarırdılar ki, dükanlarını icarəyə versinlər. «57 bazarı» söküləndən sonra indi də biz onları tapa bilmirik. Sökülən bazarda 2 minə yaxın dükan var idi, yeni tikilənlər isə 200-dür. Belə çıxır ki, 10 nəfərə 1 dükan düşür. Buna görə də qiymətlər də fantastik qalxıb. «57 bazarı» sökülür

«57 bazarı» sökülür

Deyilənə görə, bütün dükanları baha qiymətə icarəyə veriblər artıq. İcarəyə verilən dükanların kvadratı 150 manatdandır. Yəni, balaca bir dükana 700-800 manat icarə haqqı verilməlidir. Halbuki, köhnə yerimizdə bundan 3-4 dəfə böyük dükanlara 200-250 manat ödəyirdik. Eybi yox, buna da razıyıq. Təki yer olsun, işləyək. Axı, onu da tapa bilmirik. Bundan sonra ailəmizi necə dolandıracağımızı bilmirik. Məcburuq onsuz da boşalan Naxçıvanı biz də tərk edək».

Bir neçə gün öncə ticarət mərkəzinin rəhbəri Zahid Quliyev AzadlıqRadiosuna bazarın boşaldılmasını təsdiqləsə də, bu qərarı kimin və niyə görə verdiyini açıqlamaq istəməmişdi.

Naxçıvan şəhər Polis İdarəsi də AzadlıqRadiosunun suallarını cavablamamışdılar.

Naxçıvan şəhər İcra Hakimiyyəti başçısının müavini Sərdar Hüseynov isə ticarət mərkəzinin sökülməsindən xəbərsiz olduğunu bildirmişdi.

Sökülən ticarət mərkəzi Naxçıvan şəhəri, 57-ci Qoçüstü məhəlləsində yerləşirdi. El arasında yerləşdiyi məhəllənin nömrəsinə görə «57 bazarı» adlanan bu mərkəzin əsas hissəsi 2007-ci ildə sökülmüş və böyük etiraz doğurmuşdu. 90-cı illərin əvvəllərində fəaliyyətə başlayan «57 bazarı» vaxtilə muxtar respublikanın ən böyük ticarət mərkəzi sayılıb.

Şərhləri göstər

XS
SM
MD
LG