Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:02
-
AvroNest Parlament Assambleyasının vitse-prezidenti Elxan Süleymanov bu qurumun noyabrın 2-də Kiyevdə keçirilən iclasında bəyanatla iclası tərk edib.

Bu barədə AzadlıqRadiosuna deputat Elxan Süleymanovun ofisindən bildiriblər.

Elxan Süleymanov bəyanatında bu addımını Avropa Parlamentin Azərbaycandakı prezident seçkisi barədə dəyişən mövqeyi ilə izah edib. O deyib ki, Avropa Parlamenti oktyabrın 23-də qəbul etdiyi qətnamədə Azərbaycanda keçirilən seçkiləri izləyən müşahidə missiyasının nüfuzuna ciddi zərbə vurub.

Elxan Süleymanov qətnamənin 32-ci bəndinə etiraz edir. O deyib ki, bu bəndin səbəbləri araşdırılıb müvafiq tədbirlər görülməyənə qədər Azərbaycan AvroNest PA ilə əməkdaşlığı hansı formatda davam etdirəcəyi barədə düşünmək məcburiyyətindədir:

«Avropa Parlamenti üçün mesajımız budur, başqalarına hücum etməyə başlamazdan əvvəl öz evinizin vəziyyətini yaxşılaşdırın. Biz Avropa Parlamentinin beynəlxalq institut kimi hazırkı düşdüyü vəziyyəti qınayırıq. Azərbaycan AvroNest PA-nın rəhbərliyinə dəfələrlə müraciət edərək sülhə nail olunana qədər Ermənistanın həmsədrliyinə etiraz edib. Əks təqdirdə, AvroNest PA-da ŞT komponenti kimi Ermənistanın həmsədrliyi dövründə fəaliyyətini dayandıracağını bildirib».

Azərbaycanda prezident seçkisinin səhəri Avropa Parlamentinin müşahidəçiləri seçkilərin azad, şəffaf və ədalətli keçirildiyini bildirirdilər.

Amma Avropa Parlamenti Avropa Qonşuluq siyasəti üzrə 23 oktyabr tarixli qətnaməsinin 32-ci bəndində ATƏT-in müşahidə missiyasına istinad edərək seçkinin ATƏT standartlarına cavab vermədiyini bəyan edib.

AvroNest - Avropa Birliyinin «Şərq Tərəfdaşlığı» proqramının parlament formatıdır. Bu qurumda Azərbaycan, Gürcüstan, Ermənistan, Belarus, Ukrayna və Moldovanın parlamentariləri təmsil olunurlar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG