Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:15

Pakistan «Taliban»ının lideri Hakimullah Mehsud öldürüldü


Hakimullah Mehsud, 2008
Hakimullah Mehsud, 2008
-
Britaniya mediasının son xəbərlərində deyilir ki, Hakimullah Mehsud Şimali Vəziristan əyalətindəki bir kənddə qurulmuş düşərgədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) pilotsuz təyyarəsindən – drondan endirilən raket zərbəsi ilə öldürülüb.

Mətbuat xəbər verir ki, beləliklə, MKİ Pakistanın qayda-qanunsuz ərazisində öz siyahısındakı ən böyük «Taliban» fiqurunu ləğv edib.

Hakimullah Mehsud-un ölüm xəbərini istər Amerika, istərsə də Pakistan mənbələri təsdiq edib.

AXIR Kİ, MEHSUD-UN ÖZÜDÜR

Bundan əvvəl də Mehsud-un öldürülməsi barədə xəbərlər bir neçə dəfə yayılıb, lakin Vəziristan əyalətindəki casuslar son xəbərin dəqiq olduğunu təsdiqləyiblər.

Bu barədə məlumatı təsdiqləyən ordu zabiti bildirib ki, Mehsud yaxınlıqdakı məsciddə yoldaşları ilə müzakirələrdən sonra evə qayıdarkən məhv edilib.

Onun öldürüldüyü kənd Pakistanın federal inzibatçılığı altında olan yarım-muxtar tayfa ərazisində yerləşir. Mərkəzi hökumətin gözündən uzaq bu ərazi çoxdandır ki, müxtəlif terrorçu qruplaşmalar üçün məskəndir.

«O düz qapısının ağzında, üç raket zərbəsi ilə öldürülüb» – adıçəkilən zabit deyib.

ABŞ kəşfiyyatının vəzifəli zabiti də «Associated Press» agentliyinə Pakistan «Taliban»ının liderinin öldürüldüyü barədə xəbəri təsdiq edib.

İslamçılardan və Pakistan rəsmilərindən alınan xəbərlərdə də deyilir ki, Mehsud-la birlikdə onun sürücüsü və cangüdəni də daxil olmaqla beş nəfər öldürülüb.

Nawaz Sharif və Barack Obama, 13 oktyabr 2013
Nawaz Sharif və Barack Obama, 13 oktyabr 2013
MEHSUD HÖKUMƏTLƏ DANIŞIQLARDA İMİŞ

Mətbuat yazır ki, Mehsud Pakistanın ən qorxunc silahlı qrupuna rəhbərliyi dövründə çoxsaylı qətllərə səbəb olsa da, bir sıra siyasətçilər onun öldürülməsini pisləyiblər. Onların fikrincə, «Tehrike-Taliban Pakistan» (TTP) təşkilatı ilə sülh danışıqları mümkün idi.

Bundan əvvəl Pakistanın bütün siyasi partiyaları hökumətin TTP ilə danışıqlar təşəbbüsünü dəstəkləmişdi.

Baş nazir Nawaz Sharif isə elan etmişdi ki, bu danışıqlara artıq başlanıb.

Hökumət rəsmisinin dediyinə görə, Mehsud öldürülməzdən bir neçə dəqiqə əvvəl məsciddə yoldaşları ilə elə bu danışıqları müzakirə edirmiş. «Taliban» mənbələri isə bildiriblər ki, Mehsud öldürülərkən hökumətin nümayəndə heyəti artıq yaxınlıqdakı Miranşah şəhərində imiş.

Böyük bir ehtimalla ölkənin sağ təmayüllü dini partiyaları bu hadisəni ABŞ-ın danışıqları bilərəkdən pozmaq cəhdi kimi qiymətləndirəcəklər.

Pakistanın baş naziri Sharif ötən həftə Vaşinqtonda prezident Barack Obama ilə danışıqlarında dron zərbələrinin dayandırılmasını israrla xahiş etmişdi. Bəzi müşahidəçilər bildirirlər ki, Sharif hökuməti pərdə arxasında Amerikanın dron zərbələrini dəstəkləyir.

MKİ-«TALİBAN» – QANA QAN

Lakin bu dəstək olmadan da, MKİ 2009-cu ildə Şərqi Əfqanıstanın Xost əyalətində ona məxsus stansiyaya hücumun və 7 kəşfiyyatçının qətlinin qısasını almaq imkanını əldən verməyəcəkdi.
ABŞ-a məxsus pilotsuz təyyarə (dron)
ABŞ-a məxsus pilotsuz təyyarə (dron)

MKİ-nin bazasına qarşı mükəmməl əməliyyatın hasilə gəlməsində iordaniyalı ikili agentin köməyi olduğu bildirilir. O həm MKİ-yə, həm də Mehsud-a işləyirmiş. Onun göndərdiyi intiharçı bazaya «əl-Qaidə» barədə məlumat vermək üçün gəlmiş, lakin görüş zamanı üzərindəki bombanı partlatmışdı.

Bundan az sonra Mehsud həmin iordaniyalı ilə birlikdə çəkdirdiyi videoda bu əməliyyatın başqa bir Pakistan «Taliban»ının lideri Baitullah Mehsud-un 2009-cu ilin avqustunda dron zərbəsi nəticəsində öldürülməsinin qisası kimi keçirildiyini elan etmişdi.

Bununla belə, Pakistan şərhçilərindən Saifullah Mahsud bildirir ki, Hakimullah Mehsud-un öldürülməsi təşkilatı zəiflətməyəcək:

«Bu çox mərkəzsiz bir təşkilatdır. Onlar bundan əvvəl də dron zərbələri zamanı liderlərini itiriblər».

Maraqlıdır ki, Hakimullah Mehsud ölümündən bir neçə həftə əvvəl riskə gedərək BBC-yə müsahibə vermişdi. Xəbər verilir ki, göydə dronların qaynaşdığı bir vaxtda bu müsahibə açıq havada alınmışdı.

Tərcümə etdi: Zülfüqar Rüfətoğlu

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG