Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:45
-
Naxçıvan şəhərində «57 bazar» adı ilə tanınan ticarət mərkəzinin söküldüyü bildirilir.

Bu barədə həmin mərkəzdə çalışanların özü AzadlıqRadiosuna məlumat verib. Onların sözlərinə görə, yüksəkvəzifəli məmurların qohumlarına məxsus «Cahan» ticarət mərkəzi genişləndirildiyindən «57 bazar»ın sökülməsinə qərar verilib. Burada çalışanlar «Cahan»da 200-dən çox yeni dükanın açıldığını, amma icarə qiymətlərinin bahalığı ucbatından ticarətçilərin onlara maraq göstərmədiyini deyirlər. Onların fikrincə, «57 bazarı»nın sökülməsində məqsəd ticarətçiləri məcburi şəkildə yeni tikilən dükanlara cəlb etməkdir.

«BÜTÜN POLİSLƏRİ TÖKÜBLƏR BURA Kİ, BOŞALDIN DÜKANLARI»

Zahir Qəmbərovun sözlərinə görə, 20 ilə yaxındır ki, ailəsini həmin ticarət mərkəzində icarəyə götürdüyü dükanı işlətməklə dolandırır. O, oktyabrın 31-də polislərin bazara gələrək dükanları boşaltmağı tələb etdiklərini söyləyir. İndi Zahir Qəmbərovu indən belə ailəsini necə dolandıracağı narahat edir, çünki, yeni dükanlarda icarəhaqqı baha olduğundan özünə yeni peşə axtarmağa məcbur qalıb:

«Dünən (oktyabrın 31-də – red.) axşam saat 5-6 radələrində xəbərdar ediblər ki, dükanlar söküləcək. Səhər də bütün polisləri töküblər bura ki, boşaldın dükanları. Axşam etiraz edənlər vardı, sonradan hədə-qorxu gəlib dedilər ki, mallarını çıxarmasanız, texnika salıb sökəcəyik. Hamı qorxuya düşdü, hərə bir maşın tapıb boşaldır mallarını. Deyirlər ki, yeni dükanlar tikilib, gedin orada işləyin. Yeni dükanların qiyməti 50 min manatadır. Kirayəyə də verirlər – aylıq 600 manat. Bu, bizə sərf eləmir. Köhnə yerimizdə ayda 200-250 manat ödəyirdik. Mallarımızı aparıb tökürük evimizə».

«PULUMUZU ALA BİLMİRİK...»

Boşaldılan ticarət mərkəzinin şəxsi dükan sahibləri heç bir kompensasiya təklif edilməməsindən gileylənirlər. Şikayətçi Orxan Qəmbərovun sözlərinə görə, dükanda işləməyə başlayanda ondan girov şəklində 2 min 500 manat alıblar. O deyir ki, indi həmin pulu geri almaq üçün ticarət mərkəzinin rəhbərini tapa bilmir:

«Pulu bazarın müdiri Zahid müəllimə vermişdim. İndi onu tapıb pulumuzu ala bilmirik... Heç kim də polisin qorxusunda etiraz edə bilmir. Beləcə, 2 min ailə çörəksiz qalır...».

«BELƏ MƏSLƏHƏT GÖRÜLÜB VƏ BELƏ DƏ OLMALIDIR»

Ticarət mərkəzinin rəhbəri Zahid Quliyev boşaldılma qərarını kimin və niyə verdiyini açıqlamaq istəmədi:

«Bəli, boşaldılır. Mən sizə başqa heç bir məlumat verə bilmərəm. Çünki belə məsləhət görülüb və belə də olmalıdır».

Naxçıvan şəhər Polis İdarəsi də AzadlıqRadiosunun suallarını cavablamadı.

Naxçıvan şəhər İcra Hakimiyyəti başçısının müavini Sərdar Hüseynov ticarət mərkəzinin sökülməsindən xəbərsiz olduqlarını bildirdi:

«Bizim bu haqda heç bir məlumatımız yoxdur».

57-Cİ QOÇÜSTÜ MƏHƏLLƏSİNİN BAZARI

Boşaldılan ticarət mərkəzi Naxçıvan şəhəri, 57-ci Qoçüstü məhəlləsində yerləşir. El arasında yerləşdiyi məhəllənin nömrəsinə görə «57 bazar» adlanan bu mərkəzin əsas hissəsi 2007-ci ildə sökülmüş və böyük etiraz doğurmuşdu. 90-cı illərin əvvəllərində fəaliyyətə başlayan «57 bazar» vaxtilə muxtar respublikanın ən böyük ticarət mərkəzi sayılıb.

Şərhləri göstər

XS
SM
MD
LG