Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 06:58
-
Bir il öncə Azərbaycanın şimal rayonlarında baş verən zəlzələnin nə tam fəsadları ardan qaldırılıb, nə də yaranan mübahisələrə son qoyulub. Balakən rayon sakini Ramazan Ramazanov deyir ki, ötən ilin oktyabr ayında baş verən zəlzələdə evinin divarları on iki yerdən çatlayıb. Ramazan Ramazanov Nəsimi küçəsi 30 ünvanında yaşayır. Deməsinə görə, həmin vaxt fövqəladə hallar nazirliyindən olan nümayəndələr gəlib baxış keçiriblər və ev təmirə yazılıb:

«Onlara izah etdim ki, bu binada faktiki böyük çatlar yaranıb və bura suvaq vurmaqla düzələn deyil. Mən bildirdim ki, ev yenidən tikilməlidir. Komissiya üzvləri yenidən gələcəklərinə söz verib getdilər.»

«PREZİDENTƏ, BİRİNCİ XANIMA VƏ KƏMALƏDDİN HEYDƏROVA MƏKTUB YAZMIŞAM»

Ramazan Ramazanov qeyd edir ki, ev məsələsi ilə bağlı dəfələrlə rayon rəhbərliyinə, şəxsən rayon Fövqəladə Hallar Komissiyasının sədri Azad Balayevə müraciət edib:

«Azad Balayev mənə deyir ki, bu iş bizlik deyil. Mən prezidentə, birinci xanıma, Kəmaləddin Heydərova məktub yazmışam. Cavab gəlib ki, gəlib baxacaqlar. Yuxarılara şikayət məktubu yazdığıma görə, məni Azad Balayev çağırıb deyir ki, nahaq özünü yorursan. Nəinki prezident, heç kim komissiyanın işinə qarışa bilməz.»

«HƏYAT YOLDAŞIM ANKOLOJİ XƏSTƏDİR»

Ramazan Ramazanov deyir ki, anasının 92 yaşı var. On ildən yuxarıdır ki,yataq xəstəsidir. Atası isə ikinci cahan savaşında həlak olub:

«Həyat yoldaşım da ankoloji xəstədir. Böyük oğlum əsgərlikdən gəlib işsizdir, balaca oğlum beyin infarktı keçirib. Özümün də qara ciyərimdə problem var. Ailədə bir anamın,bir də yoldaşımın pensiyasının ümüdinə qalmışıq. Evimiz yavaş-yavaş üstümüzə çökür, qabaqdan qış gəlir indi neyləməliyik? Yəni bu ölkədə insan həyatı beləmi ucuzdur? Balakən rayonunda döymədiyim məmur qapısı qalmayıb. Bu rayonda dərdini deməyə bir məmur tapmaq olmur. Hamısı başqa-başqa əyri işlərə məşğul olur və varlanırlar. Ancaq sadə vətəndaşı saya salan yoxdur.»

«ƏGƏR İCRA HAKİMİYYƏTİNƏ MÜRACİƏT EDİBSƏ, MÜTLƏQ...»

Balakən rayon icra hakimiyyəti başçısının ictimai, siyasi və humanitar məsələlər üzrə müavini Nəzakət Rüstəmova isə deyir ki, əgər vətəndaş doğurdan da rayon icra hakimiyyətinə müraciət edibsə, onun adı mütləq siyahıdadır:

«Rayon icra hakimiyyəti belə işlərə çox diqqətlə yanaşır. Biz mütləq bu məsələni araşdıracağıq. Bu zəlzələ nəticəsində rayonda çoxlu sayda evlərə ziyan dəyib. İnsanların hamısı da istəyir ki, ona yeni mənzil tikilsin. Hətta yeni mənzilə düşən də, düşməyən də bu fikrində israrlıdır. Bir məsələni diqqətinizə çatdırım ki, bu evlərin içində fiziki köhnəlmiş evlər də var. Hansı ki, altmış, yetmiş il bundan qabaq tikilib və artıq köhnəlib.

Fövqəladə Hallar Nazirliyindən gələn komissiya üzvləri də mütəxəssisdirlər. Onlar evə baxış keçirən an bilirlər ki, bu ev zəlzələdən ya başqa səbəbdən dağılıb. Təbii ki, qərarı da onlar verir, bizim bu qərara hansısa qaydada təsir etmək, müdaxilə etmək səlahiyyətimiz yoxdur. Əlbətdə biz də istəyirik ki, hamı evlə təmin olunsun.

Dövlətimiz, hökumətimiz elə bu məqsədlə rayona pul ayırıb. Yenə də tərəfimizdən bu siyahılara nəzər salacağıq və həmin müraciət edən vətəndaşa imkanlar daxilində kömək ediləcək.Yenə də vurğulayıram ki, qərar verən biz deyilik.»

«BİZƏ CAVAB YAZIBLAR Kİ, ARTIQ BU MƏSƏLƏ QAPANIB»

Balakən rayonda bu məsələyə görə, tək Ramazan Ramazanov şikayətçi deyil. Rayonun Talalar kəndinin sakini, Gülxar Məmmədova da deyir ki, həmin zəlzələ zamanı onun da yaşadığı mənzilə ciddi zərər dəyib. Ancaq o da yerli rəsmilərin şikayətlərinə cavab vermədiyindən gileylənir:

«Bu məsələ ilə əlaqədar prezidentə, birinci xanıma, müraciət ünvanlamışıq. Hər dəfə də cavab almışıq ki,eviniz yenidən tikiləcək.»

Şimal bölgəsində zəlzələdən əziyyət çəkənlərdən biri (Arxiv foto)

Şimal bölgəsində zəlzələdən əziyyət çəkənlərdən biri (Arxiv foto)

Gülxar Məmmədova deyir ki, əlaqədar təşkilatlara yazdıqları məktublarla bağlı bu ilin oktyabr ayının on dördü və on doqquzu rayon icra hakimiyyəti başçısının birinci müavini və rayon fövqəladə hallar komissiyasının sədri Azad Balayevdən cavab məktubu alıb:

«Məktubda Azad Balayev qeyd edir ki, artıq bu məsələlərlə bağlı işlər görülüb sona çatıb. Bəs nə cür işlər görülüb ki,bizlər bundan faydalana bilməmişik? Mənim yetmiş dörd yaşım, həyat yoldaşımın yetmiş yeddi yaşı var.Yaşımızın qürub dövründə biz evi yenidən nə cür bərpa edək?Heç bir yerdən gəlirimiz yoxdur.»

Gülxar Məmədova daha sonra da deyir:

«Bu seçkilərdə şəhər nümayəndəsi gəlib bizi evimizdən seçki məntəqəsinə apardı ki,gəlin prezidentə səs verin. Biz də canla başla prezidenti seçdik. Bu da nəticəsi, yenə heç bir köməyi olmadı.»

Zəlzələdən sonra Balakən rayonunda təxminən səkkiz yüzə yaxın (800) yeni ev tikilib. Bunu icra hakimiyyətindən adının çəkilməsini istəməyən bir səlahiyyətli şəxs söylədi. Həmin məmurun sözlərinə görə bu məsələ hələ qapanmayıb, yenidən yüzə yaxın evin tikiləcəyi gözlənilir.Onun deməsinə görə, sadəcə olaraq bu məlumat şikayətçilərdən gizlədilir.
XS
SM
MD
LG