Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:06
.
Oktyabrın 31-də Bakıda 3-cü Beynəlxalq Humanitar Forum başlayıb. Tədbirdə dünyanın 70 ölkəsindən, 800-ə yaxın nümayəndə, o cümlədən keçmiş prezidentlər, dövlət xadimləri, Nobel mükafatçıları iştirak edir.
Forumda çıxış edən prezident İlham Əliyev Azərbaycanın humanitar fəlakətlə üzləşməsinə diqqət çəkib. O, bəyan edib ki, bir milyondan çox qaçqın və məcburi köçkün doğma torpağına qayıtmalıdır. İlham Əliyev multikulturalizmin Azərbaycanda dövlət siyasəti olduğunu vurğulayıb:
«MULTİKULTURALİZMİN ALTERNATİVİ YOXDUR»
«21-ci əsrdə multikulturalizmin alternativi yoxdur. Alternativ ayrı seçkilik, diskriminasiya, ksenofobiya, islamafobiya. Amma biz buna yol verə bilmərik. Biz artıq beynəlxalq təşkilatların səmərəliyindən danışmalıyıq. Beynəlxalq təşkilatların bəzi qərarları saatlar içində yerinə yetirilir, bəziləri 20 ildir yerinə yetirilmir».
İlham Əliyev ölkədə çoxmillətli, çoxkonfessiyalı cəmiyyətin mövcud olduğunu vurğulayıb:
«Bu, bizim böyük sərvətimiz, böyük dəyərimizdir. Biz bu sərvəti qoruyuruq və qoruyacağıq. Bütün xalqların, bütün dinlərin nümayəndələrinin tarixi abidələri qorunur, bərpa edilir. Azərbaycanda qədim Zərdüştlük məbədi bərpa edilib. Qafqazın ən qədim kilsəsi də Azərbaycanda yerləşir. O da əsaslı şəkildə bərpa edilib. Dünyanın ən qədim məscidlərindən biri olan Şamaxı Cümə məscidi əsaslı təmir edilib. Bu məscidin 1270 yaşı vardır. Yəni, bütün dinlərin abidələrinin bərpası, qorunması dövlət siyasətidir. Əlbəttə ki, Azərbaycanda toplanmış bu gözəl tarixi təcrübə bu gün müasir şəraitdə özünü büruzə verir. Vətəndaş cəmiyyətinin formalaşması, millətlərarası münasibətlərin müsbət istiqamətdə inkişafı hesab edirəm ki, bizim böyük nailiyyətimizdir».
10 İLƏ 1 MİLYON 200 MİN İŞ YERİ
Prezident Azərbaycanın iqtisadi inkişafında danışıb. O, son 10 ildə iqtisadiyyatın 3,4 dəfə, büdcə gəlirlərinin 20 dəfə, maaşların təxminən 6 dəfə, pensiyaların 9 dəfə artdığını vurğulayıb:
«On il bundan əvvəl Azərbaycanda yoxsulluğun səviyyəsi 49 faiz idi. Aparılmış islahatlar nəticəsində bu gün cəmi 5,5 faizdir. Aparılan islahatlar nəticəsində 10 ildə Azərbaycanda bir milyon 200 min iş yeri açılıb. Hazırda Azərbaycanda işsizlik 4,8 faizdir. Bütün bu məsələlər əlbəttə ki, iqtisadi islahatların nəticəsidir. Eyni zamanda, bütün bu məsələlərin bilavasitə humanitar sahəyə dəxli vardır. Çünki Azərbaycan siyasətinin təməlində və mərkəzində Azərbaycan vətəndaşı, onun problemləri, qayğıları, təhlükəsizliyi və rifahı dayanır. Ciddi və məqsədyönlü sosial siyasət bizə imkan verdi ki, ölkə inkişaf etsin və insanların rifah halı yaxşılaşsın».
MÜSBƏT HADİSƏLƏR ARXA PLANDA
İlham Əliyev ölkədə internetin tam azad və əhalimizin 70 faizinin internet istifadəçisi olduğunu deyib:
«... Bu gün insanlar daha çox informasiyanı, xəbərləri internet vasitəsilə alırlar. Burada həm siyasətçilərin, həm media nümayəndələrinin, ictimai xadimlərin məsuliyyəti də əlbəttə ki, ön plana çıxır. Əfsuslar olsun ki, dünya mediasında, o cümlədən Azərbaycanda da daha çox qanqaraldıcı xəbərlər ön plandadır, daha çox sensasiyalara, fəlakətlərə, terror aktlarına üstünlük verilir. Medianı izləyərkən elə bir təsəvvür yarana bilər ki, dünya alovlanıb yanır, hər yerdə toqquşmalar, müharibələr, partlayışlar, terror aktları baş verir. Ancaq dünyada nə qədər gözəl, müsbət hadisələr baş verir. Əfsuslar olsun ki, onlar bir qədər arxa plana keçir. Burada əlbəttə ki, söhbət media nümayəndələrinin məsuliyyətindən gedir. Əgər biz dünyada əməkdaşlığı, sivilizasiyalararası dialoqu gücləndirmək istəyiriksə, bütün imkanlardan istifadə etməliyik. Əlbəttə ki, dünyada baş verən müsbət hadisələr də medianın əsas mövzularına çıxarılmalıdır. Çünki belə olmasa, informasiya ancaq birtərəfli olacaqdır. Əlbəttə ki, siyasətçilər bu məsələyə müdaxilə edə bilməzlər və Azərbaycanda azad media mövcuddur. Burada heç bir müdaxilədən söhbət gedə bilməz. Sadəcə olaraq, mən bir vətəndaş kimi fikirlərimi bölüşmək istərdim... Medianın məsuliyyəti getdikcə artacaq. Məsuliyyətli yanaşma hesab edirəm ki, hər birimizin marağına xidmət göstərəcək».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG