Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:16

İngilis hərfləri yerini dəyişir


Klaviatura
Klaviatura
-
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yeni düzülüşü milli standart kimi bəyənib. Bu düzülüş «Windows» əməliyyat sisteminin yeni – 8.1 versiyasına daxil edilib. Yeniliyi gerçəkləşdirənlərin fikrincə, istər şəxsi, istərsə iş kompüterində indi daha rahat çalışmaq mümkün olacaq.

«Microsoft Azerbaijan» şirkəti bildirir ki, təkmilləşdirilmiş klaviatura düzülüşünü Azərbaycan Milli Elmlər Akademiyası təklif edib və hazırlayıb:

«Azərbaycan dilində yeni klaviatura düzülüşü optimallaşdırılıb və istifadəyə daha rahatdır. Yeni düzülüşdə, əvvəlkindən fərqli olaraq, Azərbaycan dilinin bütün nüansları nəzərə alınıb».

Yeni düzülüş mütəxəssislər, ekspertlər, kompüter istifadəçiləri arasında geniş müzakirəyə çıxarılıb.

YENİ KLAVİATURADA MƏTN DAHA SÜRƏTLƏ YIĞILIR

Yeni klaviatura düzülüşünün müəlliflərindən biri, Milli Elmlər Akademiyası Kibernetika İnstitutunun laboratoriya rəhbəri Asəf Hacıyev deyir ki, yenilik yığım sürətini artırır və barmağa düşən yükü paylaşdırır:

«Bütün dünyada hər bir ölkənin öz dilinə uyğun olan klaviatura düzülüşü var. Bu yeni klaviatura, ilk növbədə, Azərbaycan dilinin özəlliklərini, sözlərin quruluşunu əks etdirir. Tez-tez rastlanan hərflərin bir-birinə çox yaxın yerləşdirilməsi də əsas götürülüb. Onda həm mətn daha sürətlə yığılır, həm də barmaqlara düşən güclər aramsız paylaşdırılır».

Asəf Hacıyevin sözlərinə görə, hərflərin yeni düzülüşü «Microsoft»un 8-ci versiyasına daxil edilib və eyni zamanda əvvəlki düzülüşdən də yararlanmaq mümkündür. Bir müddət sonra yeni klaviatura məktəblərdə də istifadə olunacaq:

«Bu gün də olmasa, sabahın məsələsidir».
«KİMƏ LAZIM İDİ?»

Texnologiya eksperti İlqar Mirzənin fikrincə, yenilik əvvəlki düzülüşə öyrəşmiş adamlara əlavə problem yaradacaq:

«Artıq hamı öyrəşib. Yenidən kiməsə təzə bir klaviatura öyrətməyə ehtiyac yoxdur. O ölkələrin öz düzülüşləri var ki, onların hərfləri ümumiyyətlə başqa cürdür. Misal üçün, kiril əlifbası, ərəb əlifbası, ya da digər fərqli əlifbalar. Amma latın əlifbası ilə yazan əksər ölkələrin düzülüşləri ingilis düzülüşünün üzərində qurulub. Sadəcə, milli hərf və simvollar artırılır. Bütövlükdə düzülüşü dəyişmək adamları çaşdıracaq. Hərflərin düzülüşünün sürətə təsir ola bilər, amma adam bir klaviaturada yazmağa öyrəşibsə, onu unudub yeni düzülüşə uyğunlaşması da vaxt aparacaq».

Rəşad Əliyev
Rəşad Əliyev
Veb-mütəxəssisi Rəşad Əliyev yeni klaviaturanın müsbət özəlliklərinin daha çox olduğunu düşünür. Onun sözlərinə görə, yeni düzülüş insan gözünün və beynini yazı sürətinə kökləyir:

«Bu, gələcək nəslin daha rahat istifadə etməsi üçün məqsədəuyğundur. Bu bir elmi iş və bir araşdırmadır. Düzdür QWERTY klaviaturasına öyrəşdiyimizdən bizə çətinlik törədəcək. Amma yeni nəsil PÜŞUD klaviaturasından yararlanacaq».

PÜŞUD - MİO-MİO...

Klaviaturanın ilk 5 hərfi - PÜŞUD artıq sosial şəbəkələrdə geniş dartışılır, hətta zarafat predmetinə də çevrilib. İstifadəçilərdən biri belə yazır:

«Əvvəllər mənasız bir şey yazanda ASDFECH yazırdılar. İndi PÜŞUD mio-mio-yazacaqlar. Daha yeni bir analoqu olmayan milli adət-ənənə. Sağ ol, Milli Elmlər Akademiyası...».

Tənqidləri yeni klaviaturanın müəlliflərindən olan Asəf Hacıyev də oxuyur. Reaksiyası isə belədir:

««Qarabağ məsələsi ilə məşğul olmaqdan klaviatura ilə baş qatırlar» deyərək yeniliyi tənqid atəşinə tutanlar, əslində, özlərini gülünc duruma salırlar».

Mütəxəssislər köhnə klaviaturaya öyrəşənlərə deyir ki, narahat olmasınlar, axı PÜŞUD-ə keçid məcburi deyil. Çünki PÜŞUD-lə yanaşı, əvvəlki QWERTY də işləyəcək.
XS
SM
MD
LG