Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:07

Ay vicdansızlar!


Jalə İsmayıl
Jalə İsmayıl
-

Kişi yazarların sürüşənlə sürüşmək nostalgiyası, qadın yazarların yeniyetməlik fantaziyaları gözlərimizi yağır etdi...



Jalə İsmayıl


AY VICDANSIZLAR!


Ateist deyilsən, seksual inqilab həsrətilə yanıb-kül olmursansa, səhər-axşam əks cinsi, günortalar öz cinsini eninə-uzununa söymürsənsə, hələ bir xalqı ağ yuyub qara sərmirsənsə, niyə səni oxumalıdırlar axı?

Üstəlik də heç bir cəbhədə deyilsən – nə ədəbi kimliyin məlumdu, nə siyasi, ictimai sektordan da uzaqsan, yaşda ki: nə gəncsən, nə yaşlı, belə ortalıqda qalmış kimi sanki...

Bu qapalı, kiçik deşiklərindən zəif gün işığı düşən böyük çadır altına yığılmış cəmiyyətdə necə maraqlı ola bilərsən?

Məncə, ədəbiyyatla ciddi şəkildə məşğul olmaq istəyən hər bir yazarın beynindən keçən suallardır. Nələr düşündüyümüz bir tərəfə, yazıya çevrilən düşüncələrimiz adamı ümidsizliyə yuvarlayır.

Nədir Azərbaycan ədəbiyyatının mövzusu?

Erotikanın ədəbiyyatını (c) yazanların qarşısıalınmaz həvəsi ilə artıq oxumaq üçün içində nəğməsi olmayan ulduzların ora-burasını göstərməsi arasında bərabər işarəsi qoyuram.

Onlar beş-altı mahnı oxudu, bitdi. Bəs siz nə yazdınız ki, tükəndiniz, dostlar?

Nələrdən yazırıq.

Özünü tapa bilməyən gənc, psixoloji problemlər, işsizlik, gecəyarısı ayağı sürüşkənin (məlum sözdən ürpənirəm, yazammıram – müəl.) döyülən qapısı.

Siyasi problemlər, pozulan insan haqları, cavabsız eşq, psixoloji problemlər, gecəyarısı ayağı sürüşkənin döyülən qapısı.

Ay vicdansızlar! Sürüşkən qucağından başqa yer yoxdumu özünüzü, qəhrəmanınızı soxacaq? Kişi yazarların sürüşənlə sürüşmək nostalgiyası, qadın yazarların yeniyetməlik fantaziyaları gözlərimizi yağır etdi. Sürüşkəni(ni) vəsf etməyən kişi yazar tapmaq indi çox çətindir!

Bəzən bir-iki gənc gözə dəyir. Dərin-dərin düşünən, yaşadığı məhlənin deyil, ölkənin miqyasında fikir yürüdə bilən, evliliklə bitməyən sevdasının günahını özündə görən. Amma onlar da öz müəlliflərinin “gərgin” əməyi sayəsində yarımcan vəziyyətdə ədəbiyyatın künc-bucağında düşüb qalırlar. Unudulurlar. Onlar ədəbiyyatımızın qəhrəmanı ola bilmirlər.

Peşəkar qələmlərin belə mətnlərində imla səhvlərindən tutmuş struktur yarımçıqlığına qədər hər şeyə rast gəldikcə ümid şamı daha da zəifləyir.

Bu gün ədəbiyyatımız QLOBAL ÜMİDSİZLİK yaşayır. Bu dəqiqə, son nöqtənin mürəkkəbi qurumamış, kitab çıxandan dərhal sonra kütləvi oxunmaq, məşhurlaşmaq və təbii ki, daha çox təriflənmək ehtirasının böyük ədəbiyyat yaradacağına nədənsə heç inanmıram.

Bəs sabah?

Sabah yoxdur bizimçün. Dünən də yoxdur. Elə bu gün hər şey olmalıdır. Hər günü son gün kimi yaşamaq azarı dolub içimizə. Sabah yazdığımız mətnə necə qiymət veriləcəyini hansımız düşünürük?

Amma sabah var!

Bir gün ədəbiyyatın içində kütləvi şəkildə veyillənmə cavabsız qalmayacaq. Ən pisi nədirsə, o olacaq: yazıçı deməyəcəklər.

Vaxt itirmədən mövzumuzu tapmalı, dünyanın, ölkənin və nəhayət, insanın dərdini hiss etməliyik. Sürüşkənlərin sürüşkən vəsfi yetər artıq.

Türkiyədə çox məşhur bir lətifə var. Ayıb olmaqdan keçib. Bizim Temellərə gelsin, necə deyərlər. Dadı qaçmasın deyə, orijinalı saxlayıram.

Temel bir gün bi kitap yazmaya karar verir ve hemen Orhan Pamuka koşar. "Sevgili Üstad, ben bi kitap yazmaya karar verdim ama çok satsın istiyorum ne yapmalıyım” der. Pamuk, "Bak oğlum, Türkiyede tutan dört sey vardır. Birincisi din, ikincisi asalet, üçüncüsü seks, bir de gizem. Sen kitaba bunları iceren bir başlık koyarsan kitabın en az on bin satar". Temel hemen baslamış kitabı yazmaya, 3 ay sonra geri gelmis. Orhan Pamuk kitabın adını sormuş, Temel kururla cevap vermiş: "Allah, Allah! Kontesi kim becerdi?!"

qaynar.info
XS
SM
MD
LG