Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:07

Parlamentdə «əvəzimə səs ver» oyunu [Video]


-


Milli Məclisin oktyabrın 29-dakı plenar iclasından səsvermə anını əks etdirən video sosial şəbəkələrdə ciddi müzakirəyə səbəb olub. Videoda deputatların iclasda olmayan həmkarlarının yerinə səs verməsi diqqət çəkir.

Parlamentin sözçüsü Akif Təvəkküloğlu deyir ki, məsələni şişirtmək lazım deyil:

«Deputat da insandır. Vacib işi ola bilər, bayıra çıxa bilər. Hər hansı müzakirəyə münasibəti müsbətdirsə və gələ bilməyibsə, deputat yoldaşından xahiş edə bilər ki, mənim əvəzimə səs ver. Burda söhbət insani məsələdən gedir. Kütləvi hal deyil ki, ajiotaj yaradılsın».

Oktyabrın 30-da «İşdən sonra» proqramında jurnalist Elnur Astanbəyli və şərhçi Altay Göyüşov parlamentdəki saxta səsvermə haqda danışıblar.

Elnur Astanbəyli məsələyə təəccüblənmədiyini deyir:

«Belə hallar əvvəllər də olub. Milli Məclisin iclaslarının birində Oqtay Əsədov deputatların iclaslarda iştirak etmədiyini tənqid edirdi. Həmin iclasda təxminən 85 nəfər iştirak edirdi. Lakin 105 nəfəri qanunun qəbuluna səs vermişdi».

Elnur Astanbəyli parlamentin sözçüsünün məsələyə açıqlamasını gülünc sayır:

«Əgər söhbət insani məsələdən gedirsə, bəlkə mən də parlamentdə təmsil olunmaq istəyirəm. O zaman deputatlardan biri mənə yerini versin parlamentdə oturum. Parlamentin sözçüsü məsələni «olmaz, amma olur» məntiqi ilə izah edir. Bu, nə dərəcədə doğrudur?! Saxtakarlığı insanlıq halı kimi qəbul edənlər, korrupsiyaya da eyni məntiqlə yanaşırlar».

CANLI YAYIM OLSAYDI...

Altay Göyüşov hesab edir ki, Azərbaycanda parlament, ümumiyyətlə, yoxdur:

«Normal ölkələrdə parlamentdə müzakirə olunan hər bir mövzu əhəmiyyətlidir. Hər bir deputat öz səsini o qədər vacib sayır ki, onu heç kimə etibar etməz. Bizim parlament adlandırdığımız qurumda müxalifət də yoxdur. Demək ki, bu parlamenti parlament saymaq olmaz».

Altay Göyüşov deyir ki, parlamentdən canlı yayımlar qalsaydı, belə qanunsuzluqlar olmazdı:

«Heydər Əliyevin hakimiyyətə gəlməsində parlamentdən canlı yayımların rolu vardı. Lakin hakimiyyətə gələndən sonra parlamentdən canlı yayımı ləğv etdi. Canlı yayımlar olsaydı, bu cür qanunsuzluqlar da olmazdı».

Altay Göyüşov belə məsələlərə ictimaiyyətin reaksiyasını vacib sayır:

«İnsanları səfərbər edib hansısa qanunun ləğv edilməsi üçün imza toplamaq olar. 40000 imza toplamaq asan məsələ deyil. Üstəlik, imza toplanandan sonra tələbin həyata keçirilməsi sual altındadır. Bununla ancaq ictimai aktivliyi göstərmək olar…».

Şərhləri göstər

XS
SM
MD
LG