Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:01

İlham Əliyevə Yerevandan təbrik olmayacaq


Ermənistan prezidenti Serzh Sarkisian və Azərbaycan prezidenti İlham Əliyev Belarusdakı konfrans zamanı (Foto: RİA Novosti)

Ermənistan prezidenti Serzh Sarkisian və Azərbaycan prezidenti İlham Əliyev Belarusdakı konfrans zamanı (Foto: RİA Novosti)

.
Azərbaycanda keçirilən prezident seçkilərini, dərhal sonra isə aparılan kadr dəyişikliyini yaxından izləyən ölkələr arasında bəlkə də ən birincisinin Ermənistan olduğunu desək səhv etmərik. Nədir Yerevanı razı salan və qayğılandıran məqamlar? Beynəlxalq məsələlər üzrə ekspert Richard Giragosianla bu haqda danışırıq.
- Azərbaycanda keçirilmiş prezident seçkilərinə Ermənistandakı münasibəti necə təsvir edərdiniz?
- Gözlənildiyi kimi Azərbaycan seçkilərinə Ermənistanda xüsusi maraq olmadı. Prezident Əliyevin 3-cü müddətə seçiləcəyi çox gözlənilən hadisə idi, lakin maraqlısı bu idi ki, Ermənistan da bu seçkilərin demokratik keçirilməməsindən razı qalıb. Başqa sözlə, Ermənistan hökuməti bu seçkilərin Azərbaycanda demokratiyanın olmamasını nümayiş etdirdiyindən məmnun olub. Ermənistan belə müqayisədə özünü daha yaxşı hiss edir, demokratik islahatlarda özünü daha irəlidə görür.
- Azərbaycan prezidenti çoxsaylı təbriklər alıb. Ermənistan prezidenti də onu, rəsmi və ya qeyri-rəsmi şəkildə təbrik edəcəkmi, yoxsa bu, mümkün olan iş deyil?
- Çox təəssüf ki, bu, sual altında olan bir məsələdir. Belə təbrikləşmə Türkiyə və Ermənistan arasında lap bu yaxında ənənəyə çevrilib. Bakı və Yerevan arasında isə Minsk Qrupunu nəzərə almasaq, rəsmi əlaqələr, diplomatik münasibətlər yoxdur.
- Yeri gəlmişkən, Minsk Qrupunun həmsədrləri bu yaxınlarda Bakıda və Yerevanda olublar. Necə bilirsiniz, danışıqlar prosesinin dirçəlməsinə ümid varmı?
Richard Giragosian

Richard Giragosian

- Hər iki prezident təsdiq ediblər ki, bu ilin sonlarında görüşəcəklər. Bu isə post-seçki dövründə diplomatiyanın bərpası deməkdir və müsbət bir proses sayılmalıdır. Burada əsas məqsəd etimadın qurulmasına yönəlmiş tədbirlər olmalıdır.

İSVEÇRƏDƏN GÖZLƏNTİLƏR...
- Elə isə belə görüş harada baş tuta bilər? Vilnüsdə?
- Yox, görüş Vilnüsdə olmayacaq, sammitdən sonra keçiriləcək. Yəqin ki, dekabrda və çox güman ki, hər hansı Rusiya şəhərində və ya Parisdə baş tutacaq.
- Sizcə onlar sıfır nöqtəsindən, yoxsa danışıqların kəsildiyi yerdən başlayacaqlar?
- Siyasi və diplomatik baxımdan nə isə əhəmiyyətli irəliləyişin gözləntisi yoxdur. Tərəflərin mövqeləri bir-birindən çox aralıdır. Ona görə də, burada söhbət müharibə eskalasiyasının qarşısını alacaq təməl diplomatiyadan gedəcək. Yəni qarşılıqlı etimad yaradacaq tədbirləri nəzərdə tuturam.
- ATƏT-də sədrlik İsveçrəyə keçəcək. Siz bu mənada danışıqlarda daha böyük fəallıq gözləyirsinizmi? Bilirik ki, Türkiyə-Ermənistan münasibətlərinin nizamlanmasında isveçrəlilər çox fəal idilər. Həm də İsveçrə özünün səhnəarxası diplomatiyası ilə tanınır. Bu mənada gözləntiləriniz varmı?
- Mənim gözləntilərim yüksəkdir, 2 səbəbə görə. Birincisi, İsveçrənin ATƏT-in sədrliyinə keçməsini yeni imkan kimi qiymətləndirmək olar. İsveçrə Ermənistan və Türkiyə arasında uğurlu vasitəçilik nümayiş etdirib və onun iştirakı olmadan 2 tərəf arasında protokolların imzalanması mümkün olmazdı. Nikbinliyimin ikinci səbəbi budur ki, İsveçrə ATƏT-ə ənənəvi qaydada bir il yox, iki il sədrlik edəcək. Bu isə ona imkan verəcək ki, uzunmüddətli diplomatik strategiya qursun. Odur ki, biz ən azı bu münaqişənin həllinə səylərin olacağını gözləyə bilərik.
Ramil Usubov, Zakir Həsənov və İlham Əliyev

Ramil Usubov, Zakir Həsənov və İlham Əliyev

ERMƏNİSTANDA ZAKİR HƏSƏNOVLA BAĞLI NƏ DÜŞÜNÜRLƏR?

- Azərbaycanda uzun bir müddətdən sonra yeni müdafiə naziri təyin olunub. O, polis qüvvələrinə rəhbərlik etmiş bir şəxsdir və artıq bəyanat verib ki, Azərbaycan Dağlıq Qarabağ üzərində öz suverenliyini bərpa etmək iqtidarındadır. Ermənistanın müdafiə dairələrində bu təyinata münasibət necədir?
- Burada narahatlıq üçün 2 səbəb var. Birincisi, bu məsələnin çox böyük əhəmiyyəti təkcə general Zakir Həsənovun təyinatı yox, həm də Səfər Əbiyevin bu postdan götürülməsidir. Bu dəyişmə 18 ildən sonra baş verib və siyasət dəyişikliyindən, yəni Azərbaycanda ilk ciddi müdafiə islahatlarının, nazirlikdəki korrupsiyanın kökünün kəsilməsi istiqamətində yeni cəhdlərin başlanacağından xəbər verə bilər. Lakin məntiqi baxımdan bu təyinatın dərhal görünəcək təsiri, təəssüf ki, silahlı qüvvələrdən Azərbaycanın öz daxilindəki sabitliyin saxlanması üçün istifadə ediləcəyi olacaq. Bu isə çox neqativ meyl sayılmalıdır. Ermənistanın başlıca narahatlığı isə cəbhə xətti boyunca gərginliyin artması potensialıdır.

ERMƏNİSTAN RUSİYANIN ORBİTİNDƏ...
- Mən Sizin Ermənistanın Gömrük İttifaqına qoşulmaq qərarı barədə şərhlərinizi oxumuşam. Sizcə Yerevan üçün bundan sonrakı addımlar nə olacaq?
- Biz görürük ki, Ermənistan prezidentinin öz ölkəsinin Gömrük İttifaqına qoşulması barədə sentyabrın 3-də qəbul etdiyi qərar, Avropa İttifaqı ilə assosiasiya sazişinin imzalanmasına olan ümidlərin üstündən xətt çəkib. Bu səhv addım və uğursuzluq sayılmalıdır, lakin növbəti addım bu ola bilər ki, Ermənistan prezidenti Vilnüs sammitinə qoşulsun və Avropa İttifaqı ilə əlaqələrə dəymiş ziyan, əməkdaşlıq üçün yeni hüquqi çərçivədə aradan qaldırılsın. Təəssüf ki, Ermənistan çox möhkəm bir şəkildə Rusiyanın orbitində qalır.
- Yəni düşünürsünüz ki, Ermənistan assosiasiya sazişinə qoşulmaq imkanını tamamilə itirib?
- Bəli, Ermənistan, Şərq Tərəfdaşlığının Avropa İttifaqı ilə assosiasiya sazişinə, Avropa ilə daha dərin, hərtərəfli və azad ticarət müqaviləsinə maraq göstərməyən Belarus və Azərbaycan kimi ölkələrin sırasına qoşulub.
- Əgər Ermənistan assosiasiya sazişinə qoşulmaq yolunu tutsaydı, bunun hazırkı hakimiyyət üçün nə kimi nəticələri ola bilərdi?
- Nə qədər təəccüblü görünsə də, Ermənistanın siyasətindəki 180 dərəcəlik dönüş siyasəti əvvəlcə Moskvada baş verdi. Rusiya cidd-cəhdlə Avropa ittifaqı ilə onun yaxın qonşuluğunun əlaqələrini əngəlləməyə başlayıb. Odur ki, əvvəlcə Rusiyanın qərarı oldu, sonra da Yerevana təzyiqlər başladı.
- Son sualım Qarabağla əlaqədardır. Orada nə baş verir? Bu gün Qarabağda qəbul olunan qərarlar nə dərəcədə müstəqildir, Yerevandan asılı deyil?
- Heç kimin cavab verə biməyəcəyi yaxşı sualdır. Lakin Abxaziya və Cənubi Osetiyadan fərqli olaraq Dağlıq Qarabağda hadisələrin inkişafı o qədər də neqativ deyil. Biz görürük ki, orada demokratiya artır və yerli seçkilər Ermənistan və ya Azərbaycanda olduğundan daha demokratik keçirilir. Bu isə son nəticədə hamı üçün xeyirlidir. Eyni zamanda, hazırkı status-kvo tərəflərdən heç birinə yararlı deyil. Biz ümid edirik və nikbinik ki, Ermənistan və Azərbaycan prezidentlərinin bu ilin sonlarındakı görüşü ab-hava və ritorikanı yaxşılaşdıracaq, diplomatiya bərpa olunacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG