Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:05
.

Günün media icmalı - 30 oktyabr

GƏLƏN İL BAHALAŞMA OLACAQ?
«Bizim Yol» qəzeti yazır ki, kommunal haqların, yanacağın, tütün məmulatlarının qiymətlərinin artacağı gözlənilir.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Rövşən Ağayev qəzetə deyib ki, 2014-cü ilin büdcəsindən kommunal və kommunikasiya xərclərinin ödənilməsinə 2013-cü illə müqayisədə 84,8 faiz, yanacaq xərclərinə isə 40 faiz çox vəsait ayrılacaq: «Cari ildə kommunal xərclərin ümumi məbləği 346,8 milyon manat olub. Gələn il üzrə bu xərclər 641 milyon manat proqnozlaşdırılır».
Onun sözlərinə görə, elektrik enerjisi üzrə xərclərin 25,5 faiz, su haqqı xərclərinin 26,7 faiz, qaz haqqının ödənilməsi xərclərinin 18,9 faiz artımı proqnozlaşdırılır.
QANUN QƏBULUNDA QANUNSUZLUQ?
Milli Məclisdən görüntü

Milli Məclisdən görüntü

Milli Məclisin 29 oktyabrda keçirilən plenar iclasında kuryoz hadisə baş verib.
Virtualaz.org saytının əməkdaşının müşahidəsinə görə, qanunların qəbulu zamanı deputatlardan bir neçəsi digər həmkarlarının da əvəzinə səs verib.
Saytın əməkdaşı gündəlikdə olan 20 məsələnin müzakirəsi və qanunların qəbulu zamanı deputatların səs verməsi anından bir neçə maraqlı foto çəkib. Həmin fotolardan da görünür ki, qanunlar qəbul edilərkən deputatlar zalda olmayan həmkarlarının da əvəzinə səs verirlər.
LEYLA ƏLİYEVA İNTERNAT MƏKTƏBLƏRİNDƏ OLUB
«Yeni Azərbaycan» qəzeti yazır ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Sabunçu və Abşeron rayonlarındakı internat məktəblərində olub.
11 nömrəli xüsusi internat məktəbində Leyla Əliyevaya məlumat verilib ki, 2005-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunan məktəbdə 799 şagird təhsil alır ki, onlardan da 127-si sağlamlıq imkanları məhdud olanlardır. Məktəbdə aztəminatlı ailələrdən 597 uşaq təhsil alır.
Leyla Əliyeva

Leyla Əliyeva

Abşeron rayonu Saray qəsəbəsində yerləşən xüsusi təyinatlı 7 nömrəli internat evində Leyla Əliyeva deyilib ki, burada 2010-cu ildə Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı yenidənqurma işləri aparılıb.
İRANA ÜZ TUTAN XƏSTƏ ORDUSU – “TƏBRİZƏ QURBAN!”
«Yeni Müsavat» qəzetinin əməkdaşı İranda şəfa axtaranlara qoşulub, onların çətinliklərindən yazıb:
«Ölkə səhiyyəsinin məhv etdiyi xəstələrin sayı artdıqca, xaricdə şəfa axtaranlar da sürətlə çoxalır. Əksəriyyəti də imkansızlıq ucbatından İrana- Təbrizə üz tutur».
Qəzet yazır ki, İrana gedənlərin hamısı Azərbaycanda onları müalicə etmiş həkimləri lənətləyir. Təbrizdə isə şəfa tapdıqlarını bildirir».
AZƏRBAYCANLI HƏKİMLƏR DAHA ÇOX TÜRKİYƏNİN SƏHİYYƏ SEKTORUNA ÜZ TUTURLAR
Trend agentliyi yazır ki, bu il ərzində 68 azərbaycanlı həkim Türkiyədə səhiyyə sahəsində işə başlayıb. Bu haqda Türkiyənin səhiyyə naziri Mehmet Müəzzinoğlu məlumat verib.
Arxiv foto

Arxiv foto

Səhiyyə nazirinin sözlərinə görə, ümumilikdə ölkənin səhiyyə sahəsində çalışmaq üçün 443 əcnəbi həkim nazirliyə müraciət edib. Nazir onu da qeyd edib ki, ölkənin səhiyyə sektorunda azərbaycanlı həkimlərlə yanaşı İran və Yunanıstandan da həkimlər çalışırlar.
SURİYADA DÖYÜŞƏNLƏRİN STATİSTİKASI
Turan agentliyi yazır ki, Suriyanın baş müftisi Şeyx Əhməd Bədrəddin Hassuna Suriyada döyüşənlər haqda açıqlama yayıb.
Ə. Hassun B. Assad rejiminə qarşı hər dövlətdən nə qədər vətəndaşın döyüşməsi haqda rəqəmlər göstərib. Amma baş müfti İran və Livandan B. Assada köməyə gələn döyüşçüləri bu siyahıya daxil etməyib.
Ə.Hassun rəqəmləri İngilis Araşdırma İnstitutunun (İAİ) məlumatlarına əsaslanaraq verdiyini bəyan edib.
Hakimiyyətə qarşı üsyan edən Azad Suriya Ordusunun əsgəri

Hakimiyyətə qarşı üsyan edən Azad Suriya Ordusunun əsgəri

Suriyada Səudiyyə Ərəbistanının 8 min, İraqın 6 min, Liviyanın 4500, Tunisin 4 min, Türkiyənin 3800, Misirin 3500, Livanın 3200, Yəmənin 2800, Çeçenistanın 1700, Pakistanın 1500 vətəndaşı döyüşür.
Bu sırada Suriyada Küveytin 900, İordaniyanın 800, Türkmənsitanın 360, Somalinin 350, ABŞ-ın 290, Rusiyanın 250, Əlcəzairin 200, Eritreyanın 200, Tacikstanın 190, Fransanın 150, Bosniyanin 150, Malayziyanın 140, Kosovanın 140, Almaniyanın 110, Kanadanın 110, Azərbaycanın 100, Albaniyanın 100, İndoneziyanın 100, Böyük Britaniyanın 80, Danimarkanın 80 vətəndaşı döyüşür.
HƏRBİ DƏNİZ QÜVVƏLƏRİNİN KOMANDANI: «ƏVVƏLKİ KİMİ İŞLƏYİRİK»
Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Şahin Sultanov “Media forum” saytının “Müdafiə Nazirliyinin rəhbərliyində son dəyişiklikdən sonra Hərbi Dəniz Qüvvələrinin rəhbərliyində hansısa dəyişiklik olubmu” sualını cavablandırıb.
Şahin Sultanov deyib: “Xeyr, heç bir dəyişiklik yoxdur. Biz əvvəlki kimi işləyirik. Ümumiyyətlə bu sahədə heç bir problem yoxdur”.
Oktyabrın 22-də prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibini formalaşdırarkən general-polkovnik Səfər Əbiyev müdafiə naziri vəzifəsinə təsdiqlənməyib, bu posta daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı Zakir Həsənov təyin olunub. Dövlət başçısı həmin gün Zakir Həsənova general-polkovnik hərbi rütbəsi də verib.
Zakir Həsənov müdafiə naziri təyin ediləndən Müdafiə Nazirliyində bir sıra kadr dəyişiklikləri aparılmaqdadır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG