Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:55
-
Oktyabrın 29-da Milli Azərbaycan Tarixi Muzeyində “Mis süfrə qabları” sərgisi açılıb.

Muzeydən AzadlıqRadiosuna verilən məlumata görə, sərgidə Muzeyin Etnoqrafiya Fondundan XVIII –XIX əsrlərə aid 25 adda 160-dan artıq eksponat nümayiş olunur.

XIX-XX əsrlərdə istifadə olunan misgərlik alətləri- kəlbətinlər, zindan və çəkiclər, qayçılar, körük, eləcə də “misgər emalatxanası” maketi Azərbaycanda misgərlik sənətinin tarixinə bir səyahətdir.

Sərgidə nümayiş olunan sərpuş, qapaq, xeyrə, səfər samovari, badya, sini, qablama, nimçə, məcməyi, kasa, şərbətxor, camlar, armudu stəkan, çaynik, çıraq, qazan, qəhvədan, aftafa- ləyən, çömçə, şərbətilər, güləndan və zərəndazlar Azərbaycan ustalarının misgərlik sənətində qazandıqları yüksək nailiyyətləri əyani nümayiş etdirir.

Azərbaycanda düzəldilmiş qablarla bərabər sərgidə Avropa və Rusiyadan gətirilmiş, XIX əsrdən başlayaraq Azərbaycanda istifadə olunmuş badələr, samovarlar da var.

Milli ornamentlərlə bəzədilmiş mis süfrə qabları hər zaman Azərbaycan rəssamlarının diqqətini çəkib. Sərginin “Azərbaycan miniatürlərində mis süfrə qabları” və “Azərbaycan rəssamlarının əsərlərində mis süfrə qabları” bölmələrində mis süfrə qabları təsvir edilən rəsmlərin surətləri, gənc rəssam Günay Yusifovanın bir neçə natürmortu nümayiş olunur.

Sərgidə qurulan məlumat panellərində Azərbaycan və ingilis dillərində mis süfrə qabları haqqında məlumat verilir.

Sərgi muzeyin direktoru, akademik Nailə Vəlixanlının rəhbərliyi ilə hazırlanıb.

Sərginin müəllifi Muzeyin Etnoqrafiya Fondunun müdiri Gülzadə Abdulovadır.

Sərgiyə giriş pulsuzdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG