Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:02
-

“Heç rəhbərlik də belə işçilərə hörmət etmir. Əgər kimsə itaətlə bütün işlərin altına girirsə, əlbəttə ki, bu, şefi xeyli razı salır, amma işçilərin vəzifəsini yüksəltmək məqamı gələndə, adətən səhv etməkdən qorxmayan başqa işçilər yüksəldilir”.


Perfeksionizm – çalışqan insanların xəstəliyi

Tez-tez ədəbiyyatda, jurnalistikada, ya da başqa peşə sahələrində elə adamlara rast gəlirsən ki, gecəni gündüzə qatır, oxuduqca oxuyur, özü üzərində işlədikcə işləyir, yazdıqca yazır.

Gündə təzə bir işini nümayiş etdirir, özünə həm əzabkeş, həm əzmkar, həm dahi ədaları qatır. Əvvəl-əvvəl belə adamları ciddi qəbul etməyə məcbur olursan, fikirlərinə önəm verirsən, imzasını izləyirsən, bir az vaxt keçir, görürsən bu qəbildən insanlar çox işləməkdən başqa ciddi heç nə etmirlər.

Elə bilirlər ciddidirlər, ciddi işlərlə məşğuldurlar, amma əslində sürətlə bütün potensiallarını xərcləməklə məşğuldurlar. Bunun insan şəxsiyyətindən qaynaqlanan, kökündə psixoloji travmaların, natamamlıq kompleksinin dayandığı bir xəstəlik olduğunu bu yaxınlarda Simona Yanson adlı bir alman yazarının kitabında rast gəldim.

Xəstəliyin adı “perfeksionizmdir” - sözün kökündə ingilis dilindəki “perfect” yəni kamil, qüsursuz kəlməsi dayanır. Adam natamamlıq kompleksi və bir çox başqa psixoloji problemlərindən yaxa qurtarmaq üçün özünə bir “ideallaşdırılımış obraz” yaradır, sonra gücü, imkanları çatdı ya çatmadı o ideala doğru iri addımlarla addımlamağa başlayır. Yaratdığı idealla bağlı təsəvvürləri özü haqda gerçək təsəvvürlərlə eyniləşdirməyə, uyğunlaşdırmağa çalışır.

Perfeksionizm əsasən karyeristlərin əziyyət çəkdiyi bir azardır. Bəs görəsən ömür boyu kamilliyə can atmağın mənası varmı? Yazıçı Simona Yanson (Simone Janson) əksinə bunun peşəkarlıq səviyyəsini tormozlayacağına inanır. O bir müddət əvvəl çıxmış və qısa zamanda bestsellerə çevrilmiş “110 faiz yalanı” (“Die 110% Lüge”) kitabında perfektsionizm fenomenini aydınlaşdırmağa çalışır.

O deyir ki, “Almaniyanın perfeksionistlər ölkəsi olması əlbəttə bir qədər mifləşdirilmiş fikirdir, amma hər bir mifin içində həqiqət payı var. Məsələ ondadır ki, almanlar işə lazım olandan çox önəm verirlər və onlar üçün ideal işçi obrazı həmişə perfeksionist kimi təsəvvür edilir”.

Lap bu yaxınlarda iqtisadiyyat üzrə təhsil alan alman tələbə Morits E. haqda bir xəbərdə oxumuşdum. O, nüfuzlu Böyük Britaniya banklarından birində təcrübə keçmək təklifini alanda sevincindən göyün yeddinci qatına uçub. Morits üçün karyera hər şeydən önəmliymiş. Beləliklə, universitetdə tətillər başlayanda o, istirahət əvəzinə, iş dalınca Böyük Birtaniyaya yollanır.

Bankda iş həddən artıq çətin olsa da, Morits şikayətlənmədən bütün gücünü və diqqətini işinə verərək səhər tezdən gecənin gec vaxtlarına qədər ofisdə qarışqa kimi işləyib. Günlərin bir günü isə mühüm bir işi həll etmək üçün bankda nə az-nə çox düz üç yuxusuz gecə keçirib. Orqanizmi dözüm gətirə bilməyib, bir gün sonra onu mehmanxanadakı otağında ölü tapıblar. Məlum olub ki, gənc oğlan epilepsiyadan əziyyət çəkirmiş və gərgin iş şəraiti, stress onun sonuna çıxıb.

Simona alman işgüzarlığını yaxşı ifadə etmək üçün deyir ki, hərdən başı işlərinə qarışanda Facebook-a uzun aradan sonra girə bilir və əgər əcnəbi dostları ondan şəxsi həyatı haqda soruşurlarsa, alman dostları adətən işində əldə etdiyi uğurlar və indi işlədiyi yerlə bağlı maraqlanırlar.

Bir yandan da perfeksionizm təkcə Almaniyanın problemi deyil. Simona Yansonun kitabını dünyanın bir neçə dilinə çeviriblər. O, kitabında bir suala cavab tapmağa çalışır: İdeal olmaq istəyində pis nə var?

“Şeytan fırfırası”

Özü də perfeksionizmdən əziyyət çəkən yazıçının sözlərinə görə bütün çətinliklər davranış nəzarətdən çıxanda başlayır. “İşə nə qədər sakit və yüngül yanaşsan hər şeyin öz-özünə yoluna düşdüyünü görürsən” – Simona Yanson deyir. Perfeksionist isə işə yüngül bir şeymiş kimi yanaşa bilmir, o həmişə diqqətini yüz faizlik nəticə üzərində toplayır, hətta bu yolda sağlamlığının qurban gedəcəyini bilsə belə məqsədindən dönmür”.

Perfeksionist nə edirsə-etsin, həmişə stress vəziyyətində olur, stress isə səhvləri doğurur. Bundan sonra hər şey zəncirvari şəkildə cərəyan edir. Səhvlər şəxsi tələblərinə cavab verə bilməmək hissi, bu isə öz növbəsində günah hissi doğurur. Günah hissi perfeksionisti get-gedə daha dərin bir stressə sürükləyir, o bu günahdan ancaq tamam sıradan çıxana qədər işləməklə yaxa qurtaracağına inanır. Bir səhv o birini doğurur. “Bu caynağından çıxmaq mümkün olmayan bir şeytan fırfırasıdır”, - deyə yazıçı bildirir.

Perfeksionist karyera qurmaqda çətinlik çəkir

Simona Yansonun sözlərinə görə, alman cəmiyyətində perfeksionistlərin həmişə öndə gedən insanlar olduğu haqda yalançı təsəvvür var. Məhz buna görə kitaba provakativ bir ad seçib.

“İş gününü şüursuz şəkildə uzatmağın böyük nəticələrə yol açacağı yalandır” – Simona Yanson deyir. – “Əgər sən 110 faiz işləyirsənsə məqsədə yaxınlaşmırsan, əksinə get-gedə ondan uzaq düşürsən. Əlbəttə, işçi bu yolla məhsuldarlığını artıra bilər, amma hansısa bir anda orqanizm onun istəklərinə qarşı çıxar və hər şey ağır bir xəstəliklə başa çatar”.

Simona Yanson karyerada irəliləməklə bağlı uzun illər apardığı tədqiqatlara əsaslanaraq, perfeksionstlərin heç bir halda karyerada irəliləyiş əldə edə bilmədiyini izah etməyə çalışır. Yazıçı əminlikdə deyir ki, “Heç rəhbərlik də belə işçilərə hörmət etmir. Əgər kimsə itaətlə bütün işlərin altına girirsə, əlbəttə ki, bu, şefi xeyli razı salır, amma işçilərin vəzifəsini yüksəltmək məqamı gələndə, adətən səhv etməkdən qorxmayan başqa işçilər yüksəldilir”.

“Karyera yüksəlişinə ancaq bütün qabiliyyətlərini ortaya qoyan işçilər nail olur”, - deyə Simona Yanson bildirir - “Perfeksionistlər isə yığıncaq və iclaslarda “şou” göstərməkdən qaçırlar, çıxış etmirlər, axı onlar daim ağızlarından səhv söz çıxmamaq qorxusu ilə yaşayırlar. Rəhbərliyin əlində perfeksionist içşini işlə yükləmək isə su içimi kimi bir şeydir, bircə dəfə onun işindən narazılığını bəyan etsən, dərhal özünü oda-közə vurmağa başlayacaq, axı perfeksionistlər tənqidə qarşı çox hissiyyatlıdırlar”.

Simona Yanson hesab edir ki, perfeksionizm alman iqtisadiyyatına böyük zərbə vurur. Məhz buna görə Almaniya özəl fəaliyyətə start vermək istəyən insanların sayına görə qonşu dövlətlərdən geri qalır: “Mən sərbəst jurnalist kimi işləməyə başlayanda daxilimdəki perfeksionisti kəşf etdim”, - Simona Yanson yazır. – “Elə bilirdim iş yoldaşlarım və rəhbərliyimdən kənarda axır ki, işlərimi ağılla planlaşdırıb sahmana sala biləcəm. Amma onlar olmasa da stressə düşdüyümü aşkarladım”.

Yazıçı bu mövzunu özü üçün aydınlaşdırmağa başlayan kimi, ətrafında bu problemdən əziyyət çəkən xeyli adam aşkarlayıb: “Bu problemə qarşı öz orqanizmimizlə mübarizə aparmalıyıq, - deyə Simona əminliyini bildirir. – Mənə idman və problemləri özümdən kənarlaşdırmaq kömək edir, başqa birinə gəzinti, bir başqasına isə qaçış ya da elə ofisdəcə rahatlama təmrinləri. Yenidən stressə doğru getdiyimi hiss edən kimi, “stop” düyməsinə basıb, fikrimi başqa bir mövzuya yönləndirirəm”.

www.dw.de saytına istinadən
oxuzali.az

Günün bütün mövzuları

XS
SM
MD
LG