Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 15:58

«Rusiyada nə oldusa, ayın 10-da oldu»


Əcnəbi işçilər Rusiya Federal Miqrasiya Xidmətinin ofisi qarşısında - 25 oktyabr 2013

Əcnəbi işçilər Rusiya Federal Miqrasiya Xidmətinin ofisi qarşısında - 25 oktyabr 2013

-

«Azərbaycan əhalisinin azı yarısı Rusiyada yaşayır. Burada iş yerlərini itirən əhali Azərbaycana qayıtsa, nə olacaq? İşsizlik, pulsuzluq inqilabla nəticələnə bilər».


Bunu Moskvada yaşayan Akif Əliyev deyir. Onun fikrincə, Rusiya ilə Azərbaycan arasında münasibətlərdə soyuqlaşma hiss olunan kimi burada çalışanlar sıxışdırılır:


«Küçəyə, mağazaya gedə bilmirik. Kənardan pis nəzərləri üzərimizdə hiss edirik. Mən özüm alitəhsilli iqtisadçıyam, neçə il maliyyə şöbəsində müfəttiş işləmişəm. Bu iki ölkə arasında siyasətdir, ya hansısa sənədə imza atmırlar, ya bəlkə Putin Bakıya gələndə ona verilən söz tutulmayıb, bilmirik nə baş veribsə, aralarında problem olan kimi Rusiyada çalışan azərbaycanlıları sıxışdırırlar. Nə oldusa, ayın 10-da oldu».


«POKROVSKİ»DƏ OLANLAR

Rusiyada azərbaycanlı miqrantlara təzyiqlər Moskvanın Qərbi Biryulevo rayonundakı «Pokrovski» meyvə-tərəvəz bazasında çalışan azərbaycanlı Orxan Zeynalovun yerli sakinlərdən birinin qətlində şübhəli bilinməsindən sonra güclənib. Orxan 25 yaşlı bir gənci onun qız dostunun yanındaca bıçaqlayıb öldürməkdə suçlanır. Qətli törətməkdə şübhəli bilinən Orxan Zeynalov hadisədən 5 gün sonra saxlanıb. O, saxlanmazdan öncə millətçi qruplar gəlmə işçilərə qarşı Moskvada zorakılıqsız ötüşməyən aksiyalar keçiriblər. «Pokrovski» bazasının qarşısında etirazçılarla hüquq-mühafizə orqanları əməkdaşları arasında qarşıdurma da yaşanıb. Bundan sonra 5 min azərbaycanlının çalışdığı bildirilən həmin baza bağlanıb. Qapısının üzərində böyük həriflərlə yazılan «9 ay qapalıdır» elanı asılıb.

MİQRANT PROBLEMİNİN SON HƏDƏFİ

Moskvanı 60 faiz meyvə-tərəvəzlə təmin edən bu bazanın bağlanması təkcə orada çalışan azərbaycanlılara deyil, həm də onların qazandıqları pulla dolanan Azərbaycandakı yaxınlarına təsir edəcək. Bazada çalışanlar deyirlər ki, ayda ailələrinə azı 1000 manat göndərirdilər:

Canlı müzakirə


«Dəqiq aya nə qədər göndərdiyimizi deyə bilmirəm. Məsələn, elə olur aya 1000 manat, elə olur 5 min manat, elə də olur 100 manat göndəririk. Ötən ay qardaşım 200 manat istədi. Deyir ki, heyvanlarım qırılır, ot almağa pul yoxdur. Azərbaycanda iş yoxdur deyə, yaxın qohum-əqrəbamıza da biz kömək edirdik. Kəndli adamlardılar. İndi hamısı gözünü xurmaya tutmuşdu. İndi bazar bağlanıb. Dərbənddən malları buraxmırlar. Xurmalar da qalıb ağacda. Yenə 1500-2000 manat qazanc götürərdilər, ondan da oldular».


«ÖVLADLARIMIZA GÜN AĞLAMAQ ÜÇÜN QÜRBƏTDƏYİK»

Rusiyada işləyən azərbaycanlılar deyirlər ki, işlərini itirsələr, tək ailələrinə deyil, həm də onların Azərbaycanda yaşayan qohum-əqrəbalarının ailələrinə təsir edəcək:


«Mən Göygöl rayonundanam. Orada yaşayan qohum-əqrəbanın yarısına mən baxıram. Camaat ev tikir, maşın alır, yaradılan şərait haradandır? Çoxu Moskvada mənim kimi işləyənlərin göndərdiyi pulladır. Deyirlər Azərbaycanın nefti var. Bu neftin bizə bir az da olsa xeyri yoxdur. Xeyri olsaydı, vətənimizdən kənarda min bir əziyyətə qatlanmazdıq. Biz də istəyirik övladlarımız üçün bir gün ağlayaq, ona görə düşmüşük qürbətə. Neftin xeyri 10-15 nəfərin cibinə gedir. Mənim atam «Qırmızı bayraq» ordeni alıb. İndi atam rəhmətə gedib deyə, pulu anama verirlər: cəmi 120 manat. Bu pulla necə dolanmaq, keçinmək olar? Bizim icra hakimiyyətinin işçilərindən tanışlar var, yayda küçələri abadlaşdıranda soruşdum, 200 manat maaş alırlar. Mən burda təkcə maşınıma benzinə 500 manat verirəm. Rusiya qazancı ilə Azərbaycanı müqayisə etmək olmaz».

Moskva bazarında polis reydi, 30 iyul 2013

Moskva bazarında polis reydi, 30 iyul 2013

Vətəndaşlığı olmayan, işlərini itirən azərbaycanlılar Rusiyanı tərk etməyə başlayıb. Həmin bazada çalışan başqa bir azərbaycanlı Teyyub Quliyev deyir ki, tək problem işlərini itirməsi deyil, ümumilikdə Moskvada onlara qarşı münasibət dəyişib. Azərbaycana qayıtmaqla bağlı suala əminliklə cavab verə bilmir:


«Ailəmi dolandırmaq üçün işim olsa, əlbəttə qayıdaram. Bilim ki, uşaqlarımın yanında utanmayacam. Deyəndə ki, ata mənə bir ayaqqabı al, almağa pulum olsun. Mənim qardaşımın 3 uşağı var, bu adam bütün günü ora-bura vurnuxur, amma qazandığı ailəsini dolandırmağa çatmır. Biz 7 bacı-qardaşıq. İki qardaş burdayıq. Qalanları Azərbaycanda. Onlara, bütün qohum-əqrəbaya biz baxırıq».


PROBLEMİN TƏK ÜNVANI MOSKVA DEYİL

Azərbaycanlıların tək Rusiyada deyil, Türkiyədə də xeyli problemləri var. Ən böyük problemlərisə viza məsələsidir. Belə ki, 6 aylıq viza alsalar, gərək 3 ay Türkiyəyə gəlməyələr. Birdəfəlik vətəndaşlıq almaq da asan deyil. Tək çıxış yolu ayda bir dəfə ölkəyə Azərbaycana gedib-gəlməkdir. Şakir Əliyev iş dalınca 20 il əvvəl Türkiyə üz tutub. Ümidli imiş ki, bir müddət işləyib pul qazandıqdan sonra Azərbaycana qayıdar. Amma üç il olar, ailəsi də Türkiyədədir:


«Burada aldığım maaş məni qane edir. Həyat yoldaşım, oğlum işləyir. Bizim məmləkətdə də iş yerləri olsa, bir gündə buradakı çətinliklərə dözmərik. Burda təkcə mənim tanıdığım yüzlərlə uşaq var ki, məktəbə gedə bilmir. Viza problemimiz var. Qaçaq işləmək məcburiyyətindəyik».

Əlövsət Əliyev

Əlövsət Əliyev

ELƏ KƏNDLƏR VAR Kİ, BÜTÜN KİŞİLƏR XARİCƏ İŞLƏMƏYƏ GEDİB

«Miqrasiya Mərkəzi» İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev xarici ölkələrdə olan azərbaycanlı miqrantların hüquqlarının qorunmamasına diqqət çəkir. Deyir, Azərbaycan hökuməti bu sahədə effektiv addımlar atmır:


«Azərbaycan vətəndaşları Rusiyanın əmək bazarını işçi ilə təmin edirsə, bu, iki hökumət arasında tənzimlənməlidir. Təəssüflər olsun ki, Azərbaycan hökuməti miqrantların hüquqlarını qorumaq üçün addımlar atmır».


ÖLÜ QANUN...

Gürcüstanı misal göstərən birlik rəhbəri deyir ki, bu ölkənin vətəndaşları xüsusi razılaşdırılmış sənədlər əsasında işləyirlər. Həmin razılaşma bəzi Avropa ölkələrində fərdi icazə olmadan Gürcüstan vətəndaşları üçün əmək fəaliyyətinə yol açır. Bununla da gürcülər çalışdıqları xarici ölkələrin vətəndaşları ilə bərabər hüquqa yiyələnirlər. Onların tibbi və həyat sığortası olur, təqaüd ala bilirlər.

O, Azərbaycanla Rusiya arasında 2003-cü ildə buna bənzər saziş imzaladığını yada salır. Azərbaycanlı miqrantlara bunun köməyi dəymədiyi üçün sazişi «ölü» adlandırır.

AZƏRBAYCAN HÖKUMƏT MİQRANT PROBLEMİNİ HƏLL EDİR

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, deputat Vahid Əhmədov isə Azərbaycan hökumətinin bu problemi həll yolunda ciddi addımlar atdığını bildirir:

Vahid Əhmədov

Vahid Əhmədov


«Rusiya hökumətinin miqrasiya siyasətinə uyğun olaraq tək azərbaycanlılar yox, özbəklər, çinlilər, koreyalılar və digər vətəndaşlar ölkədən köçürülür. Düzdür, Orxanın hadisəsi fonunda bu məsələni şişirtdilər. Azərbaycanla Rusiya arasında strateji əməkdaşlıq müqavilələri imzalanıb, illik 2 milyard dollarlıq ticarət dövriyyəsi var. Bu səbəbdən də ciddi problemlərin olacağına inanmıram. Ola bilər ki, «Pokrovski» bazasının bağlanması bəzi vətəndaşlarımıza ciddi ziyan vursun. Amma ümumilikdə bu problem tezliklə həll olunacaq».


Deputat problemin həlli üçün iki ölkə arasında danışıqlar aparıldığını vurğulayır. Bu işlərin ancaq nota ilə həll olunmasını mümkün saymır.

MİQRANTLARIN ARZUSU...

Türkiyəyə yoldaşının yanına işləməyə gedən Dilarə Əliyeva ayaqqabı sexində çalışır. Arzusu maddi vəziyyətlərini düzəldib övladlarına yaxşı təhsil verməkdir:


«Kaş ki, buradakı işimiz öz ölkəmizdə olaydı. Öz qohum-əqrəbadan uzaq olmazdıq. Uşaqlarımız da təhsilsiz qalmazdı. Övladımın 17 yaşı var, 3 ildir buradadır. Məktəbə gedə bilmir...».

Şərhləri göstər

XS
SM
MD
LG