Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:17

«Gürcü arzusu» və Gürcüstan azərbaycanlıları


Giorgi Margvelashvili-nin seçki plakatı, 23 oktyabr 2013

Giorgi Margvelashvili-nin seçki plakatı, 23 oktyabr 2013

-
«Gürcü arzusu» prezident kürsüsünə da sahibləndi. İndi bir sual aktuallıq qazanıb: Gürcüstanın yeni prezidenti Giorgi Margvelashvili sələfi Saakashvili-nin demokratiya qılıncından bərk yapışacaq, yoxsa ölkə Shevardnadze dönəminə qayıdacaq? Sualı bir qədər dəyişib bu şəklə də salmaq olar: Cənubi Qafqazda demokratiya örnəyi sayılan Gürcüstan bu imicini qoruyub-saxlayacaq və yenə müstəqil geosiyasi xəttini yürüdəcəkmi?

«GÜRCÜSTAN STRATEJİ XƏTTİNDƏN İMTİNA ETMƏYƏCƏK»

AzadlıqRadiosunun gürcü xidmətinin rəhbəri Koba Liklikadze optimistdir. O hesab edir ki, seçki prosesinin ədalətli, şəffaf keçməyi Gürcüstanın demokratiya yolunda olduğunu bir daha təsdiqləyir:

«Düşünürəm ki, 27 oktyabr seçkisinin nəticələri, özəlliklə demokratik sonuclar birmənalı şəkildə digər Cənubi Qafqaz dövlətlərindəki demokratik proseslərə təsir göstərəcək».

Rusiya prezidenti Vladimir Putin-lə Gürcüstanın indiki prezidenti (yeni prezidentin inauqurasiyası noyabrın 17-də olacaq) Mikheil Saakashvili-nin soyuq münasibətləri beynəlxalq ictimaiyyətə məlumdur. Putin gürcü həmkarının ünvanına təhqiramiz hədələr yağdırmaqdan da çəkinməyib.

Yeni prezident Giorgi Margvelashvili Rusiya ilə münasibətləri qaydaya qoymağı vəd etməklə hakimiyyətə gələn «Gürcü arzusu» koalisiyasının təmsilçisidir. Artıq ölkə hakimiyyətində Rusiyaya əl uzatmağa hazır olan bir komandanın oturması qonşu dövlətin Cənubi Qafqazdakı mövqeyini daha da möhkəmləndirəcəkmi?
Koba Liklikadze

Koba Liklikadze


Koba Liklikadze deyir ki, Rusiya amili seçimdə az rol oynayıb, hətta ümumiyyətlə oynamayıb. O, sözlərinə bunu da əlavə edir:

«Kim ki Rusiya ilə münasibətləri yaxşılaşdırmağa çağırırsa, bu o demək deyil ki, Gürcüstanın milli maraqlarının və ya Avrointeqrasiya xəttinin ziddinə gedir».

Liklikadze-nin sözlərinə görə, Rusiya və digər qonşularla iqtisadi əlaqələrin gücləndirilməsi Avrointeqrasiya xəttinin ziddinə deyil, əksinə, bu xətti daha da gücləndirir:

«Gürcüstanın Rusiya ilə ticarət əlaqələrini yoluna qoymaq istəyi onun strateji məqsədindən – Avrointeqrasiya xəttindən imtinası demək deyil».

«DANIŞMAĞA GÜRCÜ TAPMIRIQ»

Bəs Gürcüstanda yaşayan azərbaycanlıların yeni hakimiyyətdən gözləntiləri nədir?

Borçalı İşadamları Birliyinin rəhbəri İsrafil Bayramov deyir ki, Azərbaycan icmasından Giorgi Margvelashvili-yə səs verənlər çox olsa da, onlar bir icma kimi yeni hakimiyyətdən hər hansı imtiyaz ummurlar:

«Gürcü dilində danışır, anlaşırıq. Amma qrammatikanı bilmirik. Dili bu cür bilməklə dövlət strukturlarında təmsil olunmaq mümkün deyil. Yerli bələdiyyəyə belə nəsə yazanda onu gürcü dilinə tərcümə etdirməyə məcburuq. Məktəblərdə gürcü dili keçirilir, amma təkcə məktəbdəki dərslə dil öyrənmək olmur, axı. İsrafil Bayramov

İsrafil Bayramov

Gərək ünsiyyətin olsun. Bunun üçün də dövlət proqramına ehtiyac var».

«ÜMİDİMİZ 1000 TƏLƏBƏYƏDİR»

İsrafil Bayramov belə bir proqramın tətbiqi üçün icmanın özünün fəallığını əsas sayır. Onun sözlərinə görə, indi ümidlər Gürcüstan ali məktəblərində təhsil alan min azərbaycanlı tələbəyə dikilib.

Müsahibimizin fikrincə, azərbaycanlı icmasından əvvəlki prezident seçkilərində yüksək səs alan keçmiş prezident Saakashvili onların dolanışığını yaxşılaşdırmaq, dil məsələsindəki çətinlikləri həll etmək üçün hər hansı iş görməyib.

«SAAKASHVILI-NİN SƏHVLƏRİ»

İsrafil Bayramov deyir ki, Saakashvili-nin müttəfiqi azərbaycanlı icmasından daha çox səs alsa da, Gürcüstan azərbaycanlıların əksəriyyəti yeni hakimiyyəti dəstəkləyib. Onun sözlərinə görə, yerli icma arasında Saakashvili-nin populyarlığının zəifləməsinə səbəb camaata yönələn vergi cərimələri olub:

«Kimisi evini girov qoydu, kimisi bankdan kredit götürdü. Ölkənin nefti yox, qazı yox... Büdcəni vergi və cərimələrlə doldurmaq istədi».

Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin eksperti Sergey Markedonov Mikheil Saakaşvili-nin populyarlığının azalmasını şərh edərkən, Rusiyanın «Arqumentı i faktı» qəzetinə bildirib ki, keçmiş prezidentin səhvlərindən biri daxili siyasətdə «güclü əl» ola bilməməyidir:
Sergey Markedonov

Sergey Markedonov


«Nə qədər ki Gürcüstan sovet rejimi ilə mübarizə aparmırdı, nə qədər ki demokratiyadan danışmırdı, bu ölkə, əsasən, aqrar ölkə idi. Vətəndaşlar daha çox dövlətdən asılı idi və onların bütün problemlərini həll edən «ata»ya söykənirdilər. Saakashvili-nin islahatları ciddi sosial xərclərə gətirib çıxardı. Aqrar təsərrüfat kəskin şəkildə gerilədi və Saakashvili Gürcüstanın paternalist xarakterini qiymətləndirə bilmədi».

Sergey Markedonov-un fikrincə, sonuncu parlament seçkisində Saakashvili-nin rəqibi - «Gürcü arzusu» məhz bu zəiflikdən yararlanıb öz siyasi kapitalını artırdı.

YENİ PREZİDENT NECƏ OĞLANDIR?

Giorgi Margvelashvili-ni, deyəsən, Gürcüstanda təhsil alan tələbələr də tanıyır. «Facebook» sosial şəbəkəsində Azer Nazarov adlı istifadəçi yazır:

«Gürcüstanın yeni prezidenti mənə dərs deyib. Onun haqqında fikirlərim: Bir az səbirsizdir, tipik qafqazlıdır - ucadan danışır, tələbələrlə müzakirələrə açıqdır. Dərsdə beyin həmləsini xoşlayır, tələbənin fikirlərinə hörmətlə yanaşırdı. Bir dəfə universitetin bufetində qalan sonuncu pendirli kotleti mənə tam bağışlamadı. Dedi ki, ancaq yarıya bölə bilərik, sən öz hissənin pulunu ödə, mən də özümün».

«Gürcüstanın yeni hakimiyyətindən bölgəyə hansı töhfələr olacaq?» sualı və ona verilən cavablar, yəqin ki, hələ çox dartışılacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG