Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:13
-
İranın nüvə proqramına dair Vaşinqton-Tehran danışıqlarının əsas amerikalı aparıcısı yeni sanksiyaların verilməməsinə çağırıb.

ABŞ dövlət katibinin müavini Wendy Sherman deyib ki, danışıqların davam etdiyi bir vaxtda İrana nəfəs almaq imkanı verilməlidir.

Dövlət katibinin siyasi məsələlər üzrə müavini Cenevrədə keçirilən danışıqlar əsnasında “Amerikanın Səsi” Radiosuna bildirib ki, indi, danışıqlar yoluna düşənədək fasilə verilməsinin zamanıdır.

Xanım Shermanın bu bəyanatı ictimaiyyət üçün açıqlaması Vaşinqtonun Tehrana xoşməramlı jesti kimi də qəbul edilir.

Milli İran-Amerika Şurasının rəhbərlərindən Reza Marashi “Düşünürəm ki, bu, olduqca pozitiv bəyanatdır” – fikrini səsləndirib.

O bildirib ki, bu, indiyədək Obama administrasiyası tərəfindən gələcəyə yönəlik verilmiş ən güclü bəyanatdır.

Bununla belə, xanım Sherman deyib ki, sanksiyalar məsələsində Konqres Ağ Evin müttəfiqi olaraq qalır.

O deyib ki, administrasiya Konqresi həmçinin İran məsələsində razılaşmanın əldə olunması istiqamətində müttəfiq hesab edir.

İRANIN UĞURLU DANIŞIQLARI

İrana qarşı 2011-ci ildən bəri tətbiq edilən sanksiyalar Tehranın neft ixracını günə 1 milyon barrel həcmində azaldıb. Bu isə ölkədə ərzaq və dava-dərman qıtlığına səbəb olur.

Cənab Marashi deyib ki, bu ərəfədə əlavə sanksiyaların tətbiqi kövrək danışıqlar prosesinə ziyan vura bilərdi.

“Qatar eyni vaxtda iki xətt üzərində hərəkət edə bilməz. İranlılar sanksiyaların artırıldığı vaxtlarda aparılan danışıqlarda o qədər də üzüyola olmayıblar”...

Ötən həftə İranın Almaniya və BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü ilə apardığı danışıqları da hər iki tərəf “məhsuldar” adlandırıb.

İran tərəfi danışqıların getdiyi müddətdə uranın 20 faizədək zənginləşdirilməsi prosesini dayandırdığını elan edib.

Bütün bunlara baxmayaraq, Tehran və Vaşinqton arasında etimadsızlıq qalır.

Hazırda ABŞ Senatının bank işləri komitəsi İranın neft ixracına ümumiyyətlə son qoyacaq qanunvericilik aktının səsə qoyulmasını müzakirə edir.

Hazırkı mərhələdə Ağ Ev bu addımın əleyhinədir.

İRAN NEFT BAZARINA QAYIDIR

Bu arada bəzi neft ekspertləri belə bir fikir söyləyirlər ki, İran yenidən “neft meydanı”na qayıda bilər.

Bu qiymətləndirmə ekspertlərin əksəriyyəti tərəfindən böyük şübhə ilə qarşılanır.

Onlar fikrincə Vaşinqtondakı “qırğılar” hadisələrin bu şəkildə inkişafına yol verə bilməzlər.

Lakin İranın neft bazarına qayıdacağına inanan şərhçilər bu qənaətdədirlər ki, Suriyadakı münaqişənin davam etməsi Tehranın xeyrinə işləyir.

Reuters agentliyi Tehranın keçmiş müştəriləri ilə əlaqə yaratmağa çalışdığını bildirir.

İran rəsmiləri bəyan edirlər ki, Qərb, sanksiyaları dayandırarsa, Tehran neft bazarına güzəştli qiymətlərlə xam məhsul çıxarmağa hazırdır.

Ekspertlər Suriya münaqişəsinə dair Rusiya və ABŞ arasında əldə olunmuş razılaşmanın əslində İranın maraqlarına cavab verdiyini bildirir.

İndi İran neftini rəsmən yalnız Çin, Hindistan, Yaponiya, Cənubi Koreya və Türkiyə alır.

Brüssel sanksiyalara görə İrandan neft ixracını dayandırıb, lakin Avropa İran neftinin bazara qayıtmasından yalnız məmnun olardı.

Lakin siyasi şərhçilər bildirirlər ki, İranın neft bazarına qayıtmasına başlıca maneə neft ixrac edən ölkələrin OPEC təşkilatıdır.

Bu qurumda isə əsas söz sahibi Səudiyyə Ərəbistanıdır. İran bazara qayıdarsa, Səudiyyə ya istehsalı, ya da qiymətləri aşağı salmalı olacaq.

Səudiyyə isə İrandan fərqli olaraq Suriya münaqişəsinə dair Vaşinqton-Moskva razılaşmasından məmnun deyil. O dərəcədə məmnun deyil ki, uzun müddət gözlədiyi və yolunda tonlarla pul xərclədiyi BMT Təhlükəsizlik Şurasının müddətli üzvlüyündən imtina edib.

Ər-Riyad bu addımını Qərbin Suriya rejiminə qarşı ciddi tədbirlərə əl atmaması ilə izah edib.

SİYASİ CIRTQOZLUQ

Lakin ABŞ-ın ənənəvi ərəb müttəfiqi və silah müştərisi olan Səudiyyə Ərəbistanının bu demarşı, şərhçilər tərəfindən ciddi siyasi addımdan daha çox, “siyasi cırtqozluq” kimi dəyərləndirilir.

Digər ərəb ölkələri, məsələn, Qətər Suriyada Səudiyyənin istədiyi cihadçı rejimin bərqərar olmasını istəməsə də, Vaşinqtonun Tehranla yaxınlaşmasından da məmnun deyil.

Neft ekspertləri deyirlər ki, Suriya münaqişəsinin mərkəzində Avropaya Suriyadan keçərək gedəcək neft kəmərinə kimin – İranın, yoxsa Qətərin sahiblik edəcəyi məsələsi durur.

Bununla belə, Səudiyyə Ərəbistanından başqa heç bir ərəb ölkəsi Suriyada cihadçı rejimin bərqərar olmasını istəməzdi. Şərhçilərin fikrincə, Suriyada Liviyadakı qədər neft yoxdur ki, daha bir cihadçı xaosa haqq qazandırmaq mümkün olsun.

Bu məqamda Rusiya da qalib kimi görünür.

Bir neçə ay əvvəl Rusiya mətbuatına Səudiyyə şahzadəsi Bandar-ın Vladimir Putinlə çox məhrəm söhbətinin təfərrüatları sızdırılmışdı. Rusiyada isə heç nə Kremlin razılığı olmadan sızmır.

Həmin söhbət əsnasında şahzadə Bandar-ın Rusiyaya Soçi Olimpiadasının təhlükəsizliyini təmin etmək təklifində bulunduğu barədə iddialar mətbuata sızmışdı.

Putinlə danışıqlarda şahzadə Bandar-ın Şimali Qafqazdakı cihadçılar üzərində həlledici nəzarətə malik olması barədə fikir səsləndirdiyi də iddia olunurdu.

Lakin sızdırılmış məlumatlar arasında ən ciddi iddia şahzadə Bandar-ın Rusiyaya Səudiyyənin ondan milyardlarla dollarlıq silah almağa hazır olması barədə təklifi idi. Bunun müqabilində Moskva sadəcə olaraq Suriya prezidenti Bashar al-Assad-ın arxasından çəkilməli idi.

Əgər bu doğrudan da belədirsə, Moskva Suriya məsələsində Vaşinqtonla saziş əldə etməklə Səudiyyə kral evinin burnunu ovub.

Bəzi siyasi şərhçilərin fikrincə, hazırda Suriya İranın neft bazarına qayıda bilməsi üçün buraxılış vəsiqəsidir.

Onlar deyirlər ki, İran yavaş-yavaş, lakin qaçılmaz şəkildə bu bazara doğru gəlir.

Tərcümə etdi: Zülfüqar Rüfətoğlu

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG