Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:07

Hollywood ölür?


-

"Gəliri azaldığı üçün evini itirənlər, hətta ailəsi dağılanlar var.

Artıq aktyorlar bir-birinə zəng vuranda “şəhərdəsən” deyə soruşur".




Hollywood Amerikanın simvollarındandır – Michael Jackson, McDonalds kimi.

Los Angelesə gələn turistlər mütləq Amerika kino sənayesinin mərkəzini görməyə çalışırlar.

40-can turist şirkəti öz avtobusları ilə bu insan axınını məşhur aktyorların filmlərə çəkildiyi məkanlara aparır, onlara öz kumirlərinə yaxın olmaq imkanı yaradır - “Şöhrət səkisində” məşhurların adına olan ulduzlara toxunmaq yolu ilə olsa belə.

Amma bu parlaqlığın, dəbdəbənin arxasında ciddi problemlər yatır.

Britaniyanın “Guardian” qəzeti yazır ki, kinoçəkənlər Hollywood-un yerləşdiyi Kaliforniya ştatını tədricən tərk edirlər.

İş o yerə çatıb ki, Los Angeles-in yeni meri Eric Garcetti bu fenomeni “fövqəladə vəziyyət” adlandırıb:

“Los Angeles özünün əyləncə industriyası ilə tanınır. Biz onu itirə bilmərik. Bu, yalnız Hollywood-da çalışan aktyorlar, ulduzlar demək deyil, həm də yaxşı maaşlı 500 min iş yeri deməkdir: restoran işçiləri, elektriklər, dülgərlər... Əlimdən gələni edəcəm ki, kinoların burada – Los Angeles-də çəkilməsini təmin edim”.

Garcetti deyir ki, Kaliforniya kino çəkənlərə vergi sahəsində güzəştlər etməlidir ki, onlar Kanada, Britaniya, yaxud ABŞ-ın başqa ştatlarına qaçmasınlar.

Məsələn, “Disney”in çəkdiyi və prokatda 1 milyard dollar yığan “Iron Man 3” filmi Şimali Karolina ştatında çəkilib və çəkilişlər üçün vergi verməyib. Çünki ştatın qanunlarına görə bu, “müvəqqəti biznes fəaliyyəti” sayılıb.
"Şöhrət səkisi"
"Şöhrət səkisi"
ABŞ - Aktyor Leonardo DiCaprio "The Great Gatsby" filminin premyerasında, New York, 1 May 2013
ABŞ - Aktyor Leonardo DiCaprio "The Great Gatsby" filminin premyerasında, New York, 1 May 2013

Uzun müddət Kaliforniyanın qanunverici orqanı kino sənayesinin bu cür güzəştlər üçün xahişlərini rədd edib. “Bir yerdə ki dövlət məktəbləri üçün maliyyə çatışmır, əyləncə biznesinə bu cür xüsusi şərait yaratmaq yersizdir” – arqumentini gətirib.

Amma kinostudiyaların da filmləri məhz Hollywood-da çəkmək kimi öhdəliyi yoxdur və Los Angeles-in əvvəlki şöhrətinin qaytarılması məsələsi onları qətiyyən narahat etmir.

Onlar gedirlər...

Yeni mer əyləncə və istehsal departamentinin rəisi vəzifəsinə Tom Sherak-ı təyin edib və o, itirilmiş iş yerlərinin qaytarılmasına çalışacaq:

“Bizim burda hər cür infrastrukturumuz var. Çimərliklərimiz də var, dağlarımız da, isti də var, soyuq da. New York-u xatırladan yerlərimiz də”.

Sherak deyib ki, onlar gecikməyiblər və şəhərdəki kino sənayesini əvvəlki vəziyyətinə qaytara biləcəklər: “Hollywood ölməyib. Bizim burda ən yaxşı bacardığımız bir iş var – o da kino çəkməkdir. Heç kim bizim keçmişimizi əlimizdən ala bilməz”.

Amma bir məsələ də var ki, Amerikada hər şeyi azad iqtisadiyyat həll edir.

Bir zamanlar heç kimin ağlına gəlməzdi ki, Amerika avtomobil sənayesinin mərkəzi olan Detroit müflis ola bilər. Çünki onilliklər ərzində avtomobil sənayesi tədricən oradakı zavodlarını bağlayıb və istehsalı Çinə və işçi qüvvəsinin daha ucuz olduğu başqa ölkələrə köçürüb.
ABŞ- İnsanlar King Kong attraksionunun açılışına gəlir. Hollywood, 29 iyun 2010
ABŞ- İnsanlar King Kong attraksionunun açılışına gəlir. Hollywood, 29 iyun 2010

Aktyorlar Fondu xeyriyyə təşkilatının qərb bölməsinin rəhbəri Keith McNutt deyir ki, Hollywood-da bütün sahələrdə böhran var.

“İnsanlarda qorxu hiss yaranıb. Hətta özünü təsdiqləmiş, oturuşmuş aktyorlar da qazanc dərdi çəkir. Gəlirlər 30, 50, hətta 70 faiz azalır”.

Vizual effektlər üzrə mütəxəssis André Bustanoby deyir ki, gəliri azaldığı üçün evini itirənlər, hətta ailəsi dağılanlar var.

Artıq aktyorlar bir-birinə zəng vuranda “şəhərdəsən” deyə soruşur.

İki dəfə Oscar almış qrimçi Michele Burke deyir ki, “turistlər hələ də buralara gəlməkdədir, amma onlar gəlib keçmişi görürlər. Bu illüziyadır. İndi artıq böyük büdcəli filmləri burada çəkmirlər. Hər şey dəyişib”.

FilmLA-da araşdırmaçı analitik olan Adrian McDonald hesablayıb ki, bu il ən çox gəlir gətirmiş 50 filmin yalnız 4-ü Kaliforniyada çəkilib.

1996-cı ildə bu göstərici 50-dən 20 idi.

Los Angeles-in özündə çəkilmiş filmlərin sayı isə son 15 ildə 60 faiz azalıb. Heç “Battle Los Angeles” filmi də burda çəkilməyib.


“The Lone Ranger” filmi New Mexico ştatında, “The Great Gatsby” Avstraliyada, “Gravity” İngiltərədə, “Godzilla” Kanadada çəkilib.

Hətta serial çəkənlər də Kaliforniyadan qaçır. 23 yeni serialdan yalnız 2-i Los Angelesdə istehsal edilib. 2005-ci ildə serialların 80, 2010-cu ildə isə 50 faizi burada çəkilmişdi.

Burke deyir ki, asiyalılar gəlib Hollywood-da treninqlər keçərək çox şey öyrəniblər. “Onların daha bizə ehtiyacı yoxdur” – deyə o şikayətlənir.

“Varèse Sarabande” dünyada filmlərə musiqi yazılması ilə məşğul olan ən böyük şirkətdir. Əgər 5 il qabağacan 100-dən çox musiqi Los Angeles-də yazılırdısa, ötən il bu rəqəm 20 olub. Bu trendə də səbəb Kaliforniyadakı bitib-tükənməyən vergilərdir.

Hollywood-dakı bu trendlərdən dünyada bir çoxlarının xəbəri yoxdur. Məsələn, Los Angelesdə yerləşən “Rhythm & Hues” studiyası vizual effektlərə görə “Oscar” alanda (“Pinin həyatı” filmi) onun artıq müflis olduğunu az adam bilirdi.

Tədbir təşkilatçıları bu xəbərin “qırmızı xalça” üstündə gəzən adamların ovqatını təlx eləməməsi üçün əllərindən gələni etmişdi. Bayırda etiraz aksiyası keçirən yüzlərlə vizual effekt mütəxəssisinin səsi eşidilməmişdi.

Hollywood həmişə olduğu kimi göz qamaşdırmalı idi...

“Guardian”dakı məqalə əsasında
oxuzali.az

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG