Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:45

Milli Şuranın növbəti addımları nə olacaq? Cəmil Həsənli ilə söhbət [Video]


-


Oktyabrın 28-də Milli Şuranın lideri Cəmil Həsənli AzadlıqRadiosunun «İşdən sonra» proqramına müsahibə verib.

- Cəmil bəy, seçkidən sonra baş verənləri necə dəyərləndirirsiniz? Seçki bitdimi?

- Seçki bitdi, amma onun qalmaqalı bitmək bilmir. Seçkilər ətrafında söz-söhbətlər hələ də davam etməkdədir. İstər dünya mediasında, istər siyasi dairələrdə, istərsə də müxtəlif beynəlxalq təşkilatların dəyərləndirməsində seçki qalmaqalı ilə bağlı məsələlər davam etməkdədir. ABŞ səfirliyinin bir cümlədən ibarət açıqlaması oldu ki, biz Dövlət Departamentinin 10 oktyabr dəyərləndirməsini mühüm sənəd hesab edirik, qüvvədə saxlayırıq. Bu seçkilərin bir yeniliyi də ondan ibarət oldu ki, demək olar ki, heç bir şikayətə baxılmadı, heç bir araşdırma aparılmadı. Müxtəlif məhkəmə orqanlarına, Mərkəzi Seçki Komissiyasına ünvanlanmış şikayətlər birmənalı formada rədd edildi. Məsələn, biz elə şikayətlər təqdim etmişik ki, onu qiymətləndirmək üçün ən azı 3 gün vaxt lazımdır. Qanunvericilik buna 3 gün müəyyən edir. Bu seçkilərin bir özəlliyi də ondan ibarət oldu ki, bu qədər total saxtakarlıq olmasına baxmayaraq, bir məntəqədə də seçkinin nəticəsi ləğv edilmədi. Əvvəlki seçkilərdə bir qayda olaraq 8-10 faiz, bəzən bundan yüksək məntəqələrdə də seçkilər etibarsız hesab edilirdi. Total saxtakarlığa bilavasitə yuxarıdan göstəriş olduğu üçün adamlar çox arxayın formada bu saxtakarlığı edirdilər...

- Bəlkə, Cəmil bəy, bu onun nəticəsidir ki, sizin qərargahınız yaxşı işləməyib və saxtakarlıqları vaxtında lazımınca sübut edə bilməyib?

- Razı deyiləm sizinlə. Bizdə 5200 seçki məntəqəsinin yarısının sənədləri var. Bizim əlimizdə yüzlərlə səs verilmiş bülleten var. Bir anlığa təsəvvür edin. Bülletendə 3 möhür olur. Onun ikisi bülletenin üst tərəfində olur, biri isə arxasında olur. 3-cü möhür o deməkdir ki, o, qutunun içindən çıxıb. Bu, artıq sayılmış bülleten hesab olunur. Məntəqələr bir qayda olaraq bülletenin arxasına möhürü o vaxt vururlar ki, onu qutudan çıxarıb saysınlar. Halbuki bu bülletenlər 1 gün əvvəldən vətəndaşlara paylanılıb. İlham Əliyevin xeyrinə işarələnib, vətəndaşlara paylanılıb. Məntəqə seçki komissiyalarının sədrləri, üzvləri o qədər arxayın olublar ki, hətta bu bülletenlərə qutudan çıxmış kimi arxasına da möhür vurublar. Belə yüzlərlə bülleten bizim əlimizdə olduğu halda necə ola bilər ki, verilmiş bülletenlə qutudan çıxmış bülletenin sayı eyni olsun? Bəs onda bizdəki bülletenlər haradandır? Dairənin, məntəqənin, MSK-nın möhürü vurulmuş bülletenlərdir. Yaxud ayrı saxtakarlıq deyim sizə. Bu saxtakarlıq üçün müşahidəçiyə ehtiyac yoxdur. Elə MSK-nın saytına baxmaq lazımdır. 81-ci dairə 39-cu məntəqə, 990 seçici var. Bunun 240-ı məntəqədə, 750-si məntəqədən kənarda səs verib. Məntəqədən kənar səsvermə ola bilər. Amma bu 10-20 nəfər ola bilər. Həmin gün hərəkət qabiliyyətini itirmiş insanlar üçün qutu aparılır. Ola bilməz ki, 990 seçicisi olan bir məntəqənin 750 nəfəri hərəkət qabiliyyətini itirmiş olsun.

- Məsələ saxtakarlığın olub-olmamasında deyil. Məsələ o saxtakarlıqları ortaya çıxarmaq və ona hüquqi qiyməti vermək qabiliyyətindədir...

- MSK bizim müraciətimiz əsasında bu saxtakarlıqları müzakirə etməli idi. Mənim səlahiyyətli nümayəndəm özü ilə bu sənədləri ora aparmalı idi. Evindən çıxıb iclasa gedəndə polis tərəfindən iclas bitənə qədər saxlanıldı. Guya o, zibil atanda atdığı zibil kiminsə ayağına toxunub, o səbəbdən şikayət olunub. Şikayət olunub saat 10-dan sonra, onu saxlayıblar 9:20-də. Şikayətdən əvvəl adamı saxlayıblar. Yəni, bütün bunlar hamısı MSK ilə polis orqanları arasında birgə əməliyyatın, birgə işin nəticəsidir ki, bu çıxmasın. Amma biz o şikayəti və sənədləri Apellyasiya Məhkəməsinə verdik. Məhkəmə heç bir araşdırma aparmadan bir gün ərzində şikayətə baxdı və rədd etdi.

Şərhləri göstər

XS
SM
MD
LG