Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:12

Khaled Hosseini Qərbin "qala düşüncəsi"ni pislədi


İtaliya - Khaled Hosseini yeni kitabını təbliğ edir, 7 oktyabr 2013

İtaliya - Khaled Hosseini yeni kitabını təbliğ edir, 7 oktyabr 2013

-

Məşhur “Çərpələng uçuran” romanının müəllifi, əfqan əsilli Amerika yazıçısı Khaled Hosseini Avropanın gəlmələrə qarşı münasibətini tənqid edib.


Son illərdə Avropaya yol tapmaqda çətinlik çəkən, sərt qaydalarla üzləşən, buna görə də qanunsuz şəkildə qayıqlarla İtaliya və başqa ölkələrə üz tutan, amma yarıyolda dənizdə batan yüzlərlə afrikalı qaçqına münasibəti nəzərdə tutan yazıçı “Qərbdə bir qala mentaliteti var” söyləyib.

O hesab edir ki, yalnız özünü, öz qalasını düşünən, kənarda baş verənlərə biganə olan bu siyasət düzgün deyil.

Khaled Hosseini bunları Milanda söyləyib. O, İtaliyada özünün “And The Mountains Echoed” (Və dağlardan səda gəldi) adlanan yeni kitabını təbliğ edərkən “Frans press” agentliyinə müsahibə verib:

“Məncə, onların insan olduğunu unutmamaq gərəkdir. Heç kim demir ki, sən qapını açmalısan, bütün dünya tökülüşüb gəlməli və sənin ölkəndə məskunlaşmalıdır. Qaçqınlar öz talelərini seçmirlər. Əksinə aqibətləri onları yönləndirir”.

“Və dağlardan səda gəldi” romanının süjeti sırf Əfqanıstanla bağlı deyil, hadisələrin baş verdiyi çoğrafiya daha genişdir: Kabil, Paris... Yunanıstan, Kaliforniya...

Əsər Khaled Hosseini yaradıcılığına xas ailə dramına əsaslanır.

Sabur adlı kasıb kəndli uşaqlarından birini – qızı Pərini zəngin, amma sonsuz bir ailəyə satmağa qərar verir, bununla da Pərini dünyalar qədər istədiyi qardaşı Abdulladan ayırmış olur... Bu onların hər ikisinin həyatını dəyişir.

Yazıçı deyir ki, bu kitabda Əfqanıstandakı vətəndaş müharibəsi hadisələrə elə bir ciddi təsir etmir. O sadəcə adi insanların həyatından, onların ömrü boyu aşmağa çalışdıqları maneələrdən yazmaq istəyib.

İlk iki romanı dünyada 38 milyon nüsxə satılmış Hosseini-nin yeni romanı mayda Amerikada çap edilib.

O vaxtdan bəri dünyanın 40-can dilinə tərcümə edilməkdədir. Azərbaycanda artıq çap edilib (“Qanun”).

Hosseini uzun illərdir Amerikada yaşayır və Əfqanıstana BMT-nin Qaçqınlar bölməsinin xöşməramlı səfiri kimi gedib-gəlir.

Onu əfqan həyatını dərindən bilməməkdə, pul qazanmaq xatirinə, bazara hesablamaqla kitablarında ölkənin reallıqlarını təhrif etməkdə, dəhşətli, eybəcər əhvalatlar uydurmaqda suçlayanlar da var. Bu tənqidlər ən çox elə Əfqanıstanda səslənir.

Amma Azərbaycanda da Khaled Hosseini-ni dünyanın say-seçmə yazarlarından saymayanlar, ortabab yazıçı hesab edənlər var.

Bu həftə Azadlıq Radiosunun “Pen klub” proqramında tənqidçilərin və yazıçıların iştirakı ilə debatda Khaled Hosseini-nin yaradıcılığı müzakirə olunacaq. Cümə axşamı saat 19 00-da canlı.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG