Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:30

Milli Şuranın əlinə sənədlər keçib


Foto: Arxiv
Foto: Arxiv
-
«Yeni Müsavat» yazır ki, Milli Şuranın əlinə Avropa Şurası Parlament Assambleyası (AŞPA) deputatlarını ifşa edəcək sənədlər keçib.

Qəzetin yazdığına görə, bu sənədlərin içərisində 2010-cu ildə Azərbaycanda keçirilən parlament seçkiləri zamanı AŞPA deputatlarının necə ələ alındığı, hətta hansı hoteldə danışıqların aparıldığı, Azərbaycan iqtidarı tərəfindən bu danışıqları kimin apardığı, təklif olunan rüşvətin həcmi barədə kifayət qədər məlumatlar var.

«Yeni Azərbaycan» yazır ki, radikal müxalifət biabırçı məğlubiyyətdən sonra özünə gələ bilməyib:

«...radikalların cəm olduğu qondarma Milli Şuranın «vahid namizədi» Cəmil Həsənli səsvermədə iştirak edən seçicilərin cəmi 5 faizinin səsini toplamağa müvəffəq oldu ki, bu da dağıdıcı düşərgə təmsilçilərinin Azərbaycan cəmiyyətində autsayder olduqlarının növbəti dəfə təsdiqlədi».

«ONLARIN SEÇKİLƏRLƏ BAĞLI QƏRARINI CİDDİ HESAB ETMİRƏM»

«Avropa Parlamentinin ölkəmizdə keçirilən prezident seçkiləri ilə bağlı ikili mövqeyini anlamaq böyük istedad tələb etmir».

Yeni Azərbaycan Partiyasının internet saytı - yap.org.az-ın yazdığına görə, bunu Milli Məclisin deputatı Rafael Cəbrayılov deyib.

Rafael Cəbrayılov
Rafael Cəbrayılov
Rafael Cəbrayılov bildirib ki, istər «Eurovision-2012» ərəfəsində olsun, istərsə də digər zamanlarda bu qurum Azərbaycanda insan hüquqlarının pozulması ilə bağlı əsassız sənədlər qəbul edib. Onun fikrincə, son qərar da yalnız çirkli siyasətə xidmət edən bir məsələdir:

«Avropa Parlamentində ümumiyyətlə kvorum deyilən bir məsələ yoxdur. 750-dən çox deputatın heç 10 faizi də iclaslara toplaşmır. Onlar da qurum adından qərar qəbul edirlər. Belə çıxır ki, 10-15 nəfər yığılıb bir yerə qərar qəbul edə bilərlər. Ona görə də mən onların seçkilərlə bağlı qərarını ciddi hesab etmirəm».

«AZƏRBAYCAN KİMİ QURULUŞLARDA...»

«Rejimə sadiqlik vəzifəyə təyinatda əsas prinsipdir».

Bunu «Azadlıq» qəzetinə müsahibəsində «Turan» İnformasiya agentliyinin direktoru Mehman Əliyev deyib:

«Bu, sırf avtoritar sistemlərə xas bir prinsipdir. Azərbaycan kimi quruluşlarda aşağı təşəbbüskarlı, yalnız qərarları icra edən, hökumətə sadiqlik kimi prinsiplər vəzifəyə təyinatda üstün tutulur».

Foto: Arxiv
Foto: Arxiv
İLDƏ 100 MİLYON MANAT

«Bizim yol» yazır ki, təkcə işsizlik müavinəti adı altında hər il 100 milyon manat dövlət vəsaiti mənimsənilir. Qəzet işsizliyə görə müavinətin orta aylıq məbləğinin 248.5 manat olduğunu yazır və qeyd edir ki, bu məbləğ aydın olsa da nədənsə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu müavinətləri alanların siyahısını açıqlamır. Qəzetə görə, bu müavinəti alanların 95 faizi bu müavinətə ehtiyacı olmayanlardır. Ölkədə işsiz statusuna malik olanların 37200 nəfər olduğunu yazan qəzet bu sayı müavinətin məbləğinə vuraraq ildə 100 milyondan çox büdcə vəsaitinin mənimsənildiyini qeyd edir.

TBİLİSİDƏN LUKASHENKA-NIN MÜRACİƏTİNƏ CAVAB: «BİZİM XARİCİ KURSUMUZ AVROPAYADIR...»

«Media Forum» saytı Tbilisinin Belarus prezidenti Lukashenka-ya cavab verdiyini yazır.

Sayt yazır ki, Belarus prezidentinin Gürcüstanı MDB-yə çağırışına oktyabrın 25-də Gürcüstan Xarici İşlər Nazirliyinin sözçüsü münasibət bildirib. Gürcüstan rəsmisi hökumətin seçdiyi xarici siyasət kursunun dəyişməyəcəyini bildirib:
Alyaksandr Lukashenka
Alyaksandr Lukashenka

«Yəqin, Lukashenka Minskdə MDB Dövlət Başçıları Şurasının sammitinin keçirilməsindən çıxış edərək belə deyib. Mövqeyimizin dəyişməyəcəyi realdır. Bizim xarici kursumuz Avropaya, Avroatlantik məkana inteqrasiya etməkdir. Bu, Gürcüstan xalqının seçimidir və ölkə hökuməti bu kursu dəstəkləyir».

Oktyabrın 25-də Minskdə Müstəqil Dövlətlər Birliyinin (MDB) sammiti Gürcüstanı MDB-yə qayıtmağa çağırmaqla başa çatıb. Ev sahibi kimi sammitə yekun vuran Belarus prezidenti Alyaksandr Lukashenka çıxışının sonunda deyib ki, MDB liderləri Gürcüstanın bu birliyə qayıtmasına şad olardı.

SOSİAL MÜDAFİƏ FONDUNDA UÇOTA DURAN ƏCNƏBİLƏR

«Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 16 min 297 nəfərə yüksəlib».

AzərTAc-ın yazdığına görə, bu ilin doqquz ayında DSMF-nin fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 15.6 faiz artıb:

«Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 90.2 faizini kişilər, 9.8 faizini isə qadınlar təşkil edir».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG