Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:42

«Asan Xidmət» məhkəməyə verildi


-
«Asan Xidmət» (Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi) məhkəməyə verilib.

Səbəb qurumun dövlət büdcəsindən ayrılan vəsaitlər, həmin vəsaitlərin xərclənməsi durumu barədə bilgiləri, habelə qanunla açıq elan olunan digər bilgiləri gizli tutmasıdır.

«Asan Xidmət» jurnalist, elitar.info xəbər portalının əməkdaşı Elmin Bədəlovun göndərdiyi sorğulara cavab verməyib. «Asan Xidmət»in büdcə məsələlərini araşdıran jurnalist oktyabrın 24-də məhkəməyə müraciət etməli olub. Bu haqda Media Hüququ İnstitutu məlumat verir.

İctimai vəsaitlərin xərclənmə durumu ilə bağlı bilgilərin əldə edilməsinə dair jurnalist araşdırması Media Hüququ İnstitutunun (MHİ) «Məhkəmə çəkişmələriylə şəffaflığın inkişaf etdirilməsi» təşəbbüsü çərçivəsində aparılır. «İnformasiya əldə etmək haqqında» Qanuna görə, belə bilgilər açıq bilgi sayılır. Jurnalist araşdırmalarının məqsədi belə bilgilərin açıq tutulub-tutulmadığını araşdırmaqdır.

Elmin Bədəlov avqust ayının 30-da «Asan Xidmət»ə informasiya sorğusu göndərib. Jurnalist «Asan Xidmət»in 2013-cü il üzrə büdcəsinin məbləği, büdcəsinin xərclər üzrə göstəriciləri, ştat cədvəllərinin surətlərinin, işçilərinin sayı, işçilərinin əmək haqlarının məbləği ifadə olunan sənədlərin surətlərinin, habelə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi, 36 ünvandakı ofis binasının statusu (binanın hansı fiziki və ya hüquqi şəxsin mülkiyyətində olması) haqqında bilgilərin ona təqdim olunmasını xahiş edib.

«Asan Xidmət» 1 aydan artıq vaxt keçsə də, sorğulara cavab verməyib.

Məhkəmədən «Asan xidmət»i üzərinə jurnalistin informasiya sorğusunu cavablandırmaq vəzifəsi qoyması xahiş olunur.
XS
SM
MD
LG