Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:54

Ali Məhkəmənin plenumu təxirə salındı


-
Ali Məhkəmənin oktyabrın 28-nə təyin olunmuş plenumu noyabrın 15-dək təxirə salınıb.

Bunu AzadlıqRadiosuna Ali Məhkəmənin hakimi Fərhad Kərimov deyib. Onun bildirdiyinə görə, plenumun təxirə salınması texniki məsələlərlə bağlıdır.

Oktyabrın 28-də keçirilməli olan plenumda müxalifətçilər Arif Hacılı, Sərdar Cəlaloğlu, Pənah Hüseyn, Rauf Arifoğlu və keçmiş səhiyyə naziri Əli İnsanov haqda Avropa İnsan Hüquqları Məhkəməsinin çıxardığı qərarlara baxılmalı idi.

2003-cü ilin oktyabrında Azərbaycanda keçirilən prezident seçkisindən sonra həbs edilmiş Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, keçmiş baş nazir Pənah Hüseyn və «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət ediblər. 26 iyul 2011-ci ildə Avropa Məhkəməsi Arif Hacılı, Sərdar Cəlaloğlu, Pənah Hüseyn və Rauf Arifoğlunun məhkum olunmasını qanunsuz sayıb və onların məruz qaldığı ədalətsizliyə görə Azərbaycan dövlətini ümumilikdə 40 min avro cərimələyib. Qərara görə, Azərbaycan dövləti şikayətçilərin hər birinə 10 min avro maddi təzminat ödəməli idi. Müxalifətçilərə təzminat ödənilsə də, qərar özü yerinə yetirilməyib.

Əli İnsanov 2005-ci ildən həbsdədir. O, korrupsiyada ittiham olunaraq 11 il azadlıqdan məhrumetmə cəzası alıb. 2013-cü il martın 14-də Əli İnsanovla bağlı qərarını açıqlayan Avropa İnsan Hüquqları Məhkəməsi sabiq nazirin işgəncə və ədalətli məhkəmə hüququ üzrə iddialarını təmin edib. Qərara əsasən, Azərbaycan hökuməti Əli İnsanova 10 min avro kompensasiya da ödəməlidir.
XS
SM
MD
LG