Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:16

İmişlidəki «Gənclər mərkəzi» şadlıq sarayına çevrilib


İmişlidəki «Gənclər mərkəzi»
İmişlidəki «Gənclər mərkəzi»
-
İmişli şəhərinin 20 Yanvar küçəsində, Heydər Əliyev adına mədəniyyət və istirahət parkında yanaşı tikilən iki bina var. Onlardan birinin üzərinə «Heydər Əliyev Mərkəzi», digərinə isə «Gənclər Mərkəzi» sözləri yazılıb. Əslində eyni üslubda olan belə tikililərə ölkənin əksər şəhər və rayonlarında rast gəlinir. Amma İmişlidə olan «Gənclər Mərkəzi»nin fəaliyyəti digərlərindən fərqlidir.
ŞADLIQ SARAYI PREZİDENTƏ «GƏNCLƏR MƏRKƏZİ» KİMİ TƏQDİM OLUNUB?
2012-ci ilin oktyabrında prezident İlham Əliyev İmişlidə səfərdə olarkən Heydər Əliyev Mərkəzinin açılışı ilə yanaşı, tikintisi davam etdirilən «Gənclər Mərkəzi»nin planı ilə də tanış olmuşdu. Dövlət başçısını qarşılayanlar arasında «Messenat holding»in rəhbəri Tofiq İsayevin olmağı heç də təsadüfi deyildi. Hər iki «Mərkəz» üçün binanı sözügedən holdinqin şirkəti olan «Viləş AA» MMC öz hesabına tikdiyi bildirilir. Onların yanında isə daha bir obyektin- çoxmərtəbəli otelin tikintisi aparılır.
​Bu yeni tikililər olan ərazidə vaxtilə kiçik sahibkarlıq obyektləri olub. Parkın genişləndirilməsi adı ilə onlar sökülüb, mülkiyyət sahiblərinə isə Sabir adına parkdan yer ayrılıb. Artıq həmin parkda da çoxsaylı kommersiya obyektlərinin tikintisi aparılır.
«BİZ SAHİBKARLA ŞİFAHİ RAZILIQ ƏLDƏ ETMİŞİK»
Hələ «Gənclər Mərkəzi»nin tikintisi aparıldığı vaxt əhali arasında söz-söhbət gəzirdi ki, obyekt hazır olan kimi şadlıq sarayı kimi fəaliyyət göstərəcək. Deyilənlər özünü doğrultdu: «Mərkəz açılan kimi toy sifarişlərini qəbul etməyə başladı».
İmişli RİH-in ictimai-siyasi və humanitar şöbəsinin müdiri Səlim Məhərrəmov obyektdə toy məclislərinin qurulmasında qeyri-adi heç nə görmür:
«Bina şirkətin vəsaiti ilə tikilib və onun mülkiyyətindədir. Biz burada gənclərlə bağlı müxtəlif tədbirlər keçirilməsi ilə bağlı sahibkarla şifahi razılıq əldə etmişik. Şirkət yaxın vaxtlarda imkansız ailələrdən olan uşaqları öz hesabına sünnət etmək niyyətindədir. «Gənclər Mərkəzi»nin saxlanılması üçün büdcədən vəsait ayrılmayıb. Buna görə də sahibkar öz xərcini çıxarmaq üçün müxtəlif pullu xidmətlər göstərir».
«BİZİ BU MƏRKƏZLƏ HÜQUQİ CƏHƏTDƏN HEÇ NƏ BAĞLAMIR»
Gənclər və İdman Nazirliyinin rəsmi internet səhifəsindən oxuyuruq:
«Gənclər mərkəzlərinin əsas məqsədi gənclərin təşəbbüslərinin dəstəklənməsi və inkişaf etdirilməsi üçün şəraitin yaradılmasıdır. Habelə gənclərin özlərini bir şəxs kimi müəyyən etməsi və özünü reallaşdırılması. Həmçinin, məqsəd müvafiq rayonun ərazisində dövlətin gənclər siyasətinin reallaşdırılmasında gənclər və idman idarəsinin fəaliyyətinə yardım göstərilməsindən ibarətdir».
Amma İmişli rayon Gənclər və İdman İdarəsinin rəisi Ceyhun Əbdülov bildirir ki, obyekti idarə ilə bağlayan yalnız adlarındakı «gənclər» sözüdür: «Azərbaycan gəncliyi 2011-2015-ci illərdə» Dövlət Proqramının Tədbirlər planına uyğun olaraq ölkənin 15 şəhərində gənclər üçün «ev» və ya «mərkəz» yaradılıb. Onların hamısı öz hesabına fəaliyyət göstərir və xidmətlər pulludur. İdarəmizi İmişlidə tikilən bu «Mərkəz»lə hüquqi cəhətdən heç nə bağlamır. Biz kütləvi tədbirləri mülkiyyət sahibinin razılığı ilə keçirə bilərik».
5 ƏDƏD GÜLLƏ - 1 MANAT
Mərkəzdən görüntü
Mərkəzdən görüntü
Nəhayət «Mərkəz»ə daxil oluruq. Geniş foyedə quraşdırılan böyük monitorlardan yemək stolları arxasında əyləşmiş adamlar- toy iştirakçıları görünür. Həmin zalın qapısı yanında Prezident İlham Əliyevlə bağlı foto-stend var. Stendin altında qoyulan, seçki qutusuna oxşar qab diqqətimizi çəkir. Sonradan başa düşürəm ki, bu, nəmərləri qəbul etməkdən ötrüdür. Pilləkanlarla yuxarı qalxdığımızı görüb, nəzarətçi arxamızca səslənir: «A kişi, geri qayıt, toy 1-ci mərtəbədədi»
Çal-çağır, növbənöv yeməklərin iyi ilə buğu yuxarı mərtəbələrdə də hiss olunur. Tennis və bilyard stolları gözə dəyir, kino zalları, internetdən istifadə, atıcılıq otaqları var. Qiymətlər heç də ucuz deyil: tirdə 5 ədəd güllə atmaq- 1 manat, yarım saatlıq bilyard- 3 manat.
Mərkəzin dəhlizindən görüntü
Mərkəzin dəhlizindən görüntü
«Obyekt təzə açılıb. Hələ ki, müştəri yığa bilməmişik»- bunu oyun zalının gənc nəzarətçisi deyir.

1-ci mərtəyə düşəndə toydan çıxan adamlara qarışıram. Köhnə tanışlarımdan biri salamlaşan kimi «həmişə toyda» deyir…
«BU ÖLKƏ ELƏ ÇAL- ÇAĞIRLA İDARƏ OLUNUR»
AXCP İmişli rayon şöbəsinin sədri Əli Qasımlı «Gənclər Mərkəzi»ndə toy məclisi qurulmasına təəccüblənmədiyini deyir:
«Bu ölkə elə çal-çağırla, alqışla idarə olunmurmu? Qızğın müzakirələr, disputlar, intellekt yarışmaları, ictimai dinləmələr bu hakimiyyətin nəyinə lazımdır? Burada fərqli fikir səslənməyinə imkan verərlərmi? Problemlər bina tikməklə həll olmur. Təhsil, səhiyyə müəssisələri üçün yeni binalar tikilib, amma bundan sonra da həmin sahələrdə vəziyyət yaxşılaşmayıb. Ona görə də belə «mərkəz»lərdən ciddi nəsə ummağa da dəyməz».
XS
SM
MD
LG