Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:43
-
Oktyabrın 24-də Milli Şuranın növbəti sessiyası keçirilib. Əvvəlcə sessiyanın gündəliyi müzakirəyə çıxarılıb. Sessiya iştirakçıları gündəliyə əlavə etmək istədikləri təklifləri səsləndiriblər. Təkliflər arasında Milli Şuranın sədrinin yenidən seçilməsi və Cəmil Həsənlinin sədrliyə namizəd olması irəli sürülüb.

Cəmil Həsənli bu təklifin daha sonra müzakirəyə çıxarılmasını məsləhət görüb. Həmçinin Rüstəm İbrahimbəyovun təklifini çatdırıb:

«Rüstəm İbrahimbəyov təklif edir ki, Milli Şuranın həmsədrlik institutu yaradılsın. Bu məsələ MŞ-ya daxil olan üzvlər, ziyalılar tərəfindən dəyərləndirilsin və gələcəkdə gündəliyə çıxarılsın. Gəlin, Rüstəm İbrahimbəyovla bağlı belə tez qərar verməyək. Milli Şura ideyası Rüstəm İbrahimbəyova məxsusdur. Mən şəxsən fəxr edirəm ki, Rüstəm İbrahimbəyov Milli Şuranın başında dayanır».

Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan daxili düşmənçiliyin girovuna çevrilməyəcəyini deyib və sessiyanı yarımçıq tərk edib.

Sessiyada Cəmil Həsənli Avropa Parlamentinin son qətnaməsinə də münasibət bildirib. Bunu «müxalifətin qələbəsi» adlandırıb:

«Avropanın taleyi üçün ən böyük məsuliyyət daşıyan qurum seçkilərin saxta keçirilməsi və tanınmaması haqqında qərar qəbul etdi. Bu, bizim işimizin düz, mübarizəmizin ədalətli olduğunu, hakimiyyətin xalqın səsi ilə formalaşmadığını göstərir. Bu qərarı mən gözləyirdim. Mən səfərdən qayıdanda Azərbaycan seçki tarixində ilk dəfədir ki, ATƏT və AP-nin rəyi bir-birindən fərqlənirdi. Özü xüsusi rəylə çıxış etdi. Bu, Milli Şuranın və Azərbaycan müxalifətinin böyük qələbəsidir».

Milli Şuradan 9 nəfər uzaqlaşdırılıb. 7-si öz bəyanatına əsasən, 2-si isə davamlı iştirak etmədiyinə görə.

Tədbir zamanı Milli Şurada təmsil olunan partiya rəhbərləri, ziyalılar çıxış edərək 9 oktyabr prezident seçkisinin nəticəsini qiymətləndirib, qurumun gələcək fəaliyyəti üçün təkliflərini irəli sürüblər.

Sonda «9 oktyabr seçkiləri ilə bağlı Demokratik Qüvvələrin Milli Şurasının bəyanatı»nın ilkin forması səsə qoyulub və səs çoxluğu ilə qəbul olunub.

Şərhləri göstər

XS
SM
MD
LG