Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:22

Azərbaycanın Rus İcmasının sədri Mixail Zabelin Orxan Zeynalovdan danışdı


Mixail Zabelin
Mixail Zabelin
-
«Azərbaycanın rus icması Rusiya vətəndaşı Yegor Sherbakov-un qətlindən sonra Qərbi Biryulevo sakinlərinin emosional çıxışlarını təxribatçı qüvvələrin işi sayır. Məqsəd millətlərarası münaqişəni alovlandırmaqdır».

Azərbaycanın Rus İcmasının sədri, deputat Mixail Zabelin bu fikirdədir.

Oktyabrın 24-də keçirdiyi mətbuat konfransında Mixail Zabelin Orxan Zeynalovun şübhəli bilindiyi qətl olayından məyus olduğunu deyib:

«Rusiya mətbuatında yayılan məlumatlarda qətldə təqsirləndirilən şəxsin milli mənsubiyyətinin qabardılması olayı şişirtmək və ksenofobiya tendensiyalarını gücləndirmək məqsədi daşıyıb. Rus icması ümid edir ki, Rusiya ictimaiyyəti, parlamenti və hökuməti millətlərarası sülhün pozulmaması üçün lazımı addımlar atacaq».

«İNDİ SAKİTÇİLİKDİR»

Yaxın günlərdə Rusiyaya getməyi planlaşdıran Mixail Zabelin oradakı durumla, xüsusilə azərbaycanlıların vəziyyəti ilə maraqlandığını deyir. Son olaraq oktyabrın 23-də əldə etdiyi məlumata görə:

«İndi sakitçilikdir. Televiziyada göstərildiyi kimi, Moskvada yaşayan azərbaycanlı biznesmenlərə qarşı təxribat xarakterli hərəkətlər olmayıb. Biryulevoda baş verənlər elə oradaca bitib. İndi hər şey normaldır, sakitçilikdir. Düzdür, Biryulevodakı baza bağlıdır. Amma yeni ərazi təklif olunub, orada yeni baza olacaq. Əvvəlki bazada çalışanlar öz mallarını dairəvi magistral yolla yeni yerə köçürə biləcəklər».

Moskvada 25 yaşlı Yegor Sherbakov-un qətlində azərbaycanlı Orxan Zeynalovun şübhəli bilinməsi yerli millətçilərin etirazına səbəb olub. Onlar əsasən Qafqaz və Orta Asiyadan olan miqrantların, o cümlədən Orxan Zeynalovun çalışdığı «Pokrovski» meyvə-tərəvəz bazasına hücum edərək, miqrantları döyüblər. Daha sonra şəhər rəhbərliyi həmin bazanı bağlayıb.

Mediada isə Orxan Zeynalovun tutulması zamanı ona qarşı işgəncə faktlarının yer aldığı görüntülər yayılıb. Hazırda Yegor Sherbakov-un qətli və bu qətldə Orxan Zeynalovun günahkar olub-olmaması ilə bağlı istintaq araşdırmaları davam edir.

Rusiya Federal Miqrasiya Xidmətinin açıqlamasına görə, indiyədək Rusiyada 630 min Azərbaycan vətəndaşı qeydiyyatdan keçib.
XS
SM
MD
LG