Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:00

Yeni hökumətin yeni iqtisadi siyasəti...


Çöyçayın Aşıqlar kəndi, 2013.
Çöyçayın Aşıqlar kəndi, 2013.
-
Qohum-əqrəbası Göygölün Toğana kəndini tərk edəndə, Tofiq Babayev razılaşmayıb. Amma indi o da köçmək həvəsindədir. Deyir, bu kənddə yaşamaq müşkülə çevrilib. Niyəsini belə əsaslandırır ki, burada nə qaz, nə yol, nə su, nə də bir iş yeri var. Söylədiklərindən belə çıxır ki, onun getməkdən başqa çarəsi qalmayıb:

«Əhali üçün şərait yaradılmayıb. İş yox, dolanacağımız yox, yaşamaq üçün şəraitimiz yox. Şərait olmayandan sonra camaat getməsin, nə etsin? Mən 160 manat II qrup əlil təqaüdü alıram. Bu pulla dörd nəfərlik ailəmi necə dolandırım?».

«AZƏRBAYCAN QƏDƏR İNKİŞAF EDƏN İKİNCİ ÖLKƏ OLMAYIB»

«Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı» Dövlət Proqramının əsas məqsədi paytaxtla bölgələr arasında fərqi minimuma endirməkdir. Prezident İlham Əliyev oktyabrın 19-da andiçmə mərasimində digər proqramlar kimi, bu proqramın da uğurla gerçəkləşdirildiyini bildirib. Dövlət başçısının dediyinə görə, yeni iş yerləri açılır, yoxsulluq, işsizlik faizi aşağı düşür:

«Son 10 ildə Azərbaycan qədər iqtisadiyyatı inkişaf edən ikinci ölkə olmayıb. Son 10 ildə Azərbaycanın iqtisadiyyatı 3 dəfədən çox artıb. İlk illərdə bu artıma neft amili təsir edirdisə, indi artım qeyri-neft sektorunun hesabına gedir. İqtisadiyyatın inkişafı üçün dövlət proqramları uğurla həyata keçirilir. Regionların sosial-iqtisadi inkişafının uğurlu icrası regionların abadlaşması, canlanması, infrastrukturun qurulması, bölgələrlə paytaxt arasındakı fərqin azalması ilə nəticələnib. Azərbaycanın iqtisadi uğurları növbəti illərdə də davam etdiriləcək».

İQTİSADİ SİYASƏT VAR, AMMA...

Azərbaycanın iqtisadi siyasətinin əsas hədəfi neftdən asılılığı azaltmaqdır. Bu hədəfə çatmaqdan ötrü özəlliklə regionların, kənd təsərrüfatının, turizm və digər sahələrinin inkişafına üstünlük verilir.

Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli bu sahədə hökumətin fəaliyyətini dəstəkləyir, amma yeni hökumətin növbəti beş ildə görüləsi işlərinin çoxluğunu da vurğulayır:
Əli Məsimli
Əli Məsimli

«Aparılan iqtisadi siyasətin prioritet sahələri düzgün olsa da, onların gerçəkləşdirilməsində problemlər var. Məsələn, aqrar sahənin inkişafı üçün aqrobankın yaradılmasına, bu sahədə rəqabət mühitinin formalaşdırılmasına ehtiyac var. Bundan başqa elə kəndlər var ki, hələ də qazlaşdırılmayıb. Bunun da nəticəsində ölkədə onsuz da az meşə zolaqları azalır. Bu, gələcəkdə ekoloji problemlər yarada bilər. İş yoxdur deyə, əhali bölgələri tərk edir. Yerlərdə yeni iş yerləri yaradılmalıdır».

Əli Məsimli iqtisadi siyasətin uğurla gerçəkləşməsi üçün Milli Məclisin iclaslarında daim təkliflər səsləndirdiyini və zaman-zaman bu təklif və tövsiyələrin nəzərə alındığını da sözlərinə əlavə edir.

İQTİSADİ SİYASƏT YOXSA, İQTİSADİ BƏYANAT?...

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlunun fikrincə, gərək bir siyasətin özü ola ki, onun haqqında danışasan. O, Azərbaycan hökumətinin iqtisadi siyasətini daha çox siyasi bəyanatlara bənzədir. İqtisadçı fikrini onunla əsaslandırır ki, yoxsulluq səviyyəsinin 5 faizə endirilməsi, azı bir milyon iş yerinin açılması barədə və digər çıxışlar təkcə ekspertlərdə deyil, adi vətəndaşlarda da şübhə yaradır:
Qubad İbadoğlu
Qubad İbadoğlu

«Necə ola bilər ki, qeyri-neft sektorunda hər il ortalama 10 faizlik artım var, amma dövlət büdcəsinə daxilolmalarda qeyri-neft sektorunun payı dəyişmir? Bu təzadlı müqayisələri artırmaq da olar. Yetərincə ziddiyyətli iqtisadi göstəricilər var. Biz gözləyirdik ki, prezidentliyə namizəd kimi İlham Əliyevin platforması olacaq, prezident seçildikdən sonra ya prezidentin özü, ya da baş nazir iqtisadi siyasət haqda konkret proqram açıqlayacaq. Amma təəssüflər olsun ki, bunların heç birini görə bilmədik. Görünür, o, növbəti 5 ilə də köhnə komanda, köhnə siyasət və köhnə proqramla gedəcək».

TV-LƏRDƏKİ AZƏRBAYCAN VƏ GERÇƏK AZƏRBAYCAN

62 yaşlı Bakı sakini Güldəstə Axundova deyir ki, televiziyada təqaüdlərin artırılmasına, təqaüdçülərə şəraitə dair xəbərləri gözdən qaçırmır və hər xəbərdən sonra özündən soruşur ki, görəsən, televiziyalarda təqdim edilən Azərbaycanmı başqadır, yoxsa özünün yaşadığı:

«Təqaüdçülər üçün yaradılan şəraitdən ağızdolusu danışırlar. Təqaüdlərin hər il artırıldığını bildirirlər. Amma artan təqaüdü əlimizə almadan mağazalarda, bazarlarda hər şey bahalaşır. Azərbaycanın gerçəkliyi odur ki, ölkədə insanların yaşayışı get-gedə daha da pisləşir».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG