Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:22

Xalq artisti Hacağa Abbasovun xatirə gecəsi keçiriləcək


Hacağa Abbasov
Hacağa Abbasov
-
Oktyabrın 23-də saat 19:00-da Akademik Milli Dram Teatrında görkəmli teatr xadimi, milli aktyor məktəbinin görkəmli nümayəndəsi, Respublikanın Xalq Artisti Hacağa Abbasovun anadan olmasının 125 illik yubileyinə həsr edilmiş xatirə gecəsi keçiriləcək.

Teatrın mətbuat xidmətinin AzadlıqRadiosuna verdiyi xəbərə görə, tədbirin rejissoru Xalq Artisti Mərahim Fərzəlibəyov, ssenari müəllifi Əməkdar Mədəniyyət İşçisi Atababa İsmayıloğludur.

Xatirə gecəsində Hacağa Abbasovun oynadığı tamaşalardan parçalar nümayiş olunacaq, aktyorun yaradıcılığına dərindən bələd olan teatr xadimləri xatirələrini bölüşəcəklər.

Xatırlatma:

Hacağa Mütəllib oğlu 1888-ci il iyunun 16-da Bakının Maştağa kəndində müəllim ailəsində doğulub.

İbtidai təhsilini doğulduğu kəndindəki rus-tatar (rus-türk) məktəbində alıb və sonra Bakıda oxuyub.

1906-1909-cu illərdə Petrovsk-Portda (indiki Mahaçqala) pedaqoji təhsilə yiyələnib. Burada oxuyarkən azərbaycanlılardan ibarət teatr dəstəsi yaradıb və həmin truppa ilə Teymurxanşurada (sonra Bunyaksk adlandırıldı) teatr açıb.

Təhsilini başa vurduqdan sonra müəllim diplomu ilə Bakıya qayıdıb.

Balaxanı kəndində Mirzə Ələkbər Sabirlə birlikdə uşaqlara dərs deyib.

Eyni zamanda «Müsəlman artistləri cəmiyyəti»nin, «Nicat», «Həmiyyət» teatr truppalarının fəal üzvü olub.

Sonralar «Səfa» cəmiyyətinin teatr truppasında, «Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti»ndə aktyorluq edib.

1920-ci ildə indiki Akademik Milli Dram Teatrında fəaliyyətə başlayan Hacağa Abbasov bir müddət burada çalışıb.

Həyat və sənət dostu Mirzağa Əliyevlə birgə 1921-ci il noyabrın 13-də Bakı Türk Azad Tənqid və Təbliğ Teatrını yaradıblar, özü direktor olub. Həmin sənət ocağı bu iki aktyorun adı ilə bağlı olduğuna görə tamaşaçılar arasında «Hacımirzə» teatrı kimi tanınıb-sevilirdi.

1925-ci ildə Hacağa Abbasov Akademik teatra direktor təyin olunub. Mustafa Mərdanov, Möhsün Sənani, İsmayıl Osmanlı kimi istedadlı aktyorları Gürcüstandan Bakıya gətirib.

1925-1929-cu illərdə Dövlət Dram Teatrında uğurlu tamaşalar hazırlayıb.

Sonralar Bakı Teatr Texnikumunda direktor (1929-1937), Azərbaycan İncəsənət İşləri İdarəsi Teatr şöbəsinin rəisi və s. vəzifələrdə çalışıb.

Özü də kiçik həcmli pyeslər yazıb, «Xatirələrim» kitabının müəllifidir.
Repressiya illərində təqib olunduğuna görə bir müddət Orta Asiya respublikalarında yaşayıb.

Xalq artisti (1932) Hacıağa Abbasov 1975-ci il mayın 7-də Bakıda vəfat edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG