Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:32

Sumqayıtlı əlil bərabər bölgü tələb edir


Arxiv foto
Arxiv foto
-
“Ailə vəziyyətim acınacaqlıdır. Özüm 2-ci qrup əliləm, atam əmək əlilidir. İki övladım da əlildir, birində daun sindromu var, o biri iflicdir. Anam həm astma xəstəliyindən, həm də böyrək çatışmazlığından əziyyət çəkir.

Hökumət heç də dərmanların hamısını pulsuz vermir. Böyük qismini özüm alıram. Bu boyda xəstəliklərin qarşısında cüzi təqaüd alırıq. Ayda 100 dollar da icarəyə verdiyimiz ofisdən gəlirdi”.

AzadlıqRadiosunun “Qaynar xətt”inə ailə vəziyyətindən danışan Sumqayıt sakini Adil Piriyev yeganə gəlir yeri olan obyektlə bağlı narahatlığını da bildirir. Onun sözlərinə görə, vaxtilə atasına əmək əlilliyinə görə verilmiş 8 kvadratlıq boş sahədə kiçik bir obyekt tikib və ofis kimi icarəyə verib.

Ancaq aylıq gəlir cəmi 100 dollar olduğuna görə yerli bələdiyyəyə və icra hakimiyyətinə müraciət edib ki, ofisin ətrafındakı boş sahələri ona versinlər. Bələdiyyə də, yerli icra hakimiyyəti də əlili arxayın edib ki, yaxın vaxtlarda ofisin ətrafındakı boş sahəni onun adına rəsmiləşdirəcəklər. Amma...

“Mənim obyektimdən bir az kənarda başqa bir obyekt tikildi. Həmin obyektin sahəsi düz mənim obyektimə qədər olan yeri tutdu. Mən hər dəfə etiraz edəndə deyirdi ki, narahat olma, elə-belə müvəqqəti tutmuşam buranı, mənə lazım deyil. Ancaq bir də eşitdim ki, boş sahəni öz adına rəsmiləşdirmək üçün sənəd toplayır”.

Şikayətçi hesab edir ki, iki obyekt arasındakı boş sahə bərabər bölünməlidir.

Sumqayıt şəhər bələdiyyəsindən “Qaynar xətt”ə bildirdilər ki, Adil Piriyev obyektinə yaxın ərazidəki boş sahə ilə bağlı bələdiyyəyə yazılı müraciət edib. Həmin ərazi bələdiyyənin torpaq fonduna aiddir və bələdiyyə həmin sahənin ona ayrılmasına etiraz etməyib.

Sumqayıt şəhər icra hakimiyyətindən isə bildiriblər ki, bu qurumun memarlıq şöbəsi barəsində danışılan boş sahəyə hələlik heç kəsə müvafiq sənəd verməyib.

Hüquqşünas isə deyir ki:

Hüquqşünas Namizəd Səfərov
Hüquqşünas Namizəd Səfərov
“Həm ailə və sağlamlıq durumuna görə, həm də yerli təşkilatlara digər sahibkardan əvvəl müraciət etdiyinə görə boş sahənin bölgüsü zamanı üstünlük Adil Piriyevə verilməlidir. Adil Piriyev yazdığı məktubların qəbzlərini, aldığı rəsmi cavabları toplayıb ərizə ilə yerli məhkəməyə müraciət edə bilər”.
XS
SM
MD
LG