Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:54

Artur Rasizadə yenə baş nazirdir - [İnfoqrafika]


-
Milli Məclis Artur Rasizadəni Azərbaycanın baş naziri postuna təsdiqləyib.

Milli Məclisin sədri Oqtay Əsədov oktyabrın 22-də keçirilən plenar iclasda bildirib ki, prezident İlham Əliyev baş nazir vəzifəsinə yenidən Artur Tahir oğlu Rasizadəni təqdim edib:

«Biz hamımız Artur Rasizadəni yaxşı tanıyırıq. Ona görə müzakirəyə ehtiyac yoxdur».


Milli Məclis 112 nəfər lehinə, 2 nəfər əleyhinə olmaqla, A.Rasizadəni baş nazir vəzifəsinə təsdiqləyib.

78 yaşlı Artur Rasizadə artıq 17 ildir hökumətə rəhbərlik edir.

«BAŞ NAZİR İDDİALI BİRİ OLMAMALIDIR»

«ReAL» Hərəkatının məclis sədri Erkin Qədirli Artur Rasizadənin baş nazir postuna təsdiqlənməsi xəbərini «çox müsbət» qarşıladığını deyir. O, prezident İlham Əliyevin 10 illik hakimiyyəti dövründə heç bir sistem dəyişikliyi etmədiyi üçün 3-cü müddət ərzində də hansısa dəyişikliyi gözlənilən saymır. Hüquqşünas Konstitusiyada baş nazirin 2-ci şəxs sayıldığını xatırladır:
Erkin Qədirli
Erkin Qədirli

«Bu, əslində yaramaz bir şeydir. Prezident respublikalarında belə olmamalıdır. Bunun özündə sistem riskləri var. Ona görə də baş nazir çox iddialı biri olmamalıdır. O baxımdan Artur Rasizadə şəxsiyyət tipi olaraq bu cür rola çox uyğundur».

Erkin Qədirli digər «açar» nazirlərin də yenidən təyin olunacağını, yalnız «az əhəmiyyətli» nazirlərdən hansısa birinin dəyişdiriləcəyini də istisna etmir. Hüquqşünas bu təyinatların sistemin mahiyyətindən doğduğunu deyir. Belə ki, dəyişiklikdən qorxan hakimiyyət istənilən dəyişikliyin özünün əleyhinə işləyəcəyindən ehtiyatlanır:

«Dəyişiklik olarsa, balans pozular, yekunda hakimiyyətdə risklər artar. Sonda ya hakimiyyəti paylaşmalı olacaqlar - bu da riskdir, ya da tamamilə itirəcəklər. Ona görə heç birisini istəmirlər».

İKİNCİ CƏBHƏ QORXUSU

NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Ülvi Həsənli Artur Rasizadənin yenidən təyinatını, Nazirlər Kabinetinin tərkibində də dəyişiklik gözləməməsini prezident seçkisi ilə əlaqələndirir:
Ülvi Həsənli
Ülvi Həsənli

«Hakimiyyət seçkidə bir yara alıb. Yəni, legitimlikləri qeyri-müəyyəndir. Ona görə hansısa dəyişiklik edib öz aralarında mübahisələrə yol açmaq istəmirlər. İlham Əliyev əvvəlki status-kvonu qorumaq istəyir. Xalqla, müxalifətlə, beynəlxalq qurumlarla konflikt var. İkinci bir cəbhə açıb klandaxili mübahisələrə getmək istəmirlər».

Ülvi Həsənli köhnə hökumətin yeni islahatlar həyata keçirməsini mümkün saymır. O, 2011-ci ildə «ərəb baharı»ndan sonra 2-3 ay ərzində guya korrupsiya ilə mübarizə aparıldığını, müəyyən addımlar atıldığını xatırladır:

«Ancaq onu da saxlaya bilmədilər. Çünki bilir ki, islahatlar aparsa, hakimiyyətdən getməyi sürətlənər. Hökumət bunda heç maraqlı deyil. Aparılanlar da görüntü xatirinə islahatlardır».

Hikmət Hacızadə
Hikmət Hacızadə
GÖRÜNMƏZ İDARƏÇİLİK SİSTEMİ

Politoloq Hikmət Hacızadə üçünsə baş nazir xəbəri gözlənilməz olub. Belə ki, onun haradasa dəyişiklik olacağına ümidi varmış. Politoloqun fikrincə, görünən odur ki, mövcud sistem mövcud rejim üçün mükəmməl və əbədidir. Ancaq Hacızadə baş nazir vəzifəsini artıq lazımsız sayır:

«O, başqa bir sistem qurub. Konstitusiya ilə idarə etmir ki ölkəni. Onun hansısa paralel başqa bir strukturu var. O strukturda heç baş nazir lazım da deyil. Ancaq dəyişikliklərin olmaması görünən sistemdədir. Onların real idarəçilik sistemində, ola bilsin ki, hansısa dəyişikliklər edilir. Kimsə yox olur, kimsə təzədən peyda olur. Onu biz bilmirik, ancaq görürük ki, filankəsi tutdular, o birisini buraxdılar. Niyə, onu biz bilmirik».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG