Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:24
-

Ata Dionisin olimpiadaya göndərdiyi atletlər heç bir mükafat almadan evə qayıdırdılar.. Bu qanqaraldan xətanı sonradan Oğul Dionis düzəldir. Başqa şəhər-dövlətlərdən atletlər almaq ilk olaraq onun ağlına gəlir...


Tanınmış rus yazıçısının bloqundan


Boris Akunin


ƏYLƏNCƏLİ TİRANŞÜNASLIQ


Günlərin bir günü, oturub Rusiya camaatının da beynini məşğul edən bir məsələ üzərində düşünürdüm: görəsən necə olur ki, demokratik dövlətdə birdən-birə avtoritar hakimiyyət bərqərar olur?

Dedim lap əvvəldən, yəni antik dövrdən başlayım. Götürüb tərəqqisi ilə aləmə səs salmış qədim yunan şəhər-dövləti Sirakuzanın tarixini vərəqlədim. Eramızdan əvvəl V-IV əsrlərdə Sirakuzada hökm sürən xalq hakimiyyəti ömrünü başa vurduqdan sonra (əlbəttə bu, nisbi idi, müasir anlayışlara görə bu daha çox oliqarxiya idi) diktatura dövrü başladı.

Bir neçə onillik boyunca bu ölkəni bir-birinin ardınca iki fərqli kaloritə malik tiran, hər ikisi Dionis adını daşıyan ata və oğul idarə etdi. Bəzən tarixçilər onları qarışıq salırlar, birinin etdiklərini o birisinin ayağına yazırlar, amma mahiyyətcə bunun elə bir önəmi yoxdur. Tiran elə tirandır.

Gəlin görək Sirakuza demokratiyasının başına nələr gəldi.

Ata Dionis vəzifəyə şəhər-dövlətin təhlükəsizliyi və müdafiəsi ilə məşğul olan ictimai kontorda sadə məmur kimi başlayıb. O asta-asta vəzifə pillələrini qalxıb, baş sərkərdəliyə qədər yüksəlir. Öz həyatına yalançı qəsd hazırlayır, bunun ardınca xəzinədən şəxsi mühafizəsini təmin etməyə 600 nəfərlik bir cangüdən dəstəsi üçün pul qoparda bilir.

Tədricən kontingenti min nəfərə qədər artırır. Altdan-altdan bütün aparıcı vəzifələrə öz mühafizəçilərini yerləşdirir. Bunun ardınca da diktator olur və camaatın gözünün odunu elə alır ki, Sirakuzada heç kim cəsarət edib onun qarşısında cınqırını çıxarda bilmir. Ata Dionis axıra qədər - ölənə kimi ölkəni dəmir yumruqlarla idarə edir. Amma o bütün normal tiranlar kimi kefinin yaxşı yerinə düşəndə yaxın bildiyi adamlarla zarafatlaşmağı da sevirmiş. Məsəlçün, elə sevimlisi Damoklla.
Ata Dionis

Ata Dionis


Tiran ali şeyləri də nəzərdən qaçırmırdı. Düzdür, nə durnalara qoşulub səmaya qalxıb, nə də dəniz dibindən amfora çıxarıb, amma idmanı çox sevirmiş, xüsusilə də olimpiadaları. Yarışlara təmtəraqla geyindirilmiş idmançılardan ibarət böyük komandalar göndərirdi. Düzü, deyəsən onlar heç bir mükafat almadan evə qayıdırdılar. (Bu qanqaraldan xətanı sonradan Oğul Dionis düzəltdi, başqa şəhər-dövlətlərdən atletlər almaq ilk olaraq onun ağlına gəlir.)

Ata Dionis ilk olimpiadanı məyus halda başa vurur. O, olimpiadaya dəbdəbəsi göz qamaşdıran çoxlu döyüş arabası göndərir, gözəl çadırlar qurmağı əmr edir. Bundan başqa öz şərəfinə yazılmış poemaları ucadan oxumaq üçün aktyorlar göndərir.

Lakin şeirlər elə biabırçı səslənir ki, güzəştə getməyən, tələbkar yunanlar aktyorları fitə basır, çadırlarını dağıdır, daha sonra isə olimpiadada qansız bir tiranın adamlarına yer olmadığını bildirib ümumiyyətlə sirakuzalıları oyunlardan xaric edirlər.

Ata Dionisin şeirə və ümumiyyətlə ədəbiyyata münasibəti tamam ciddi idi. O özünü böyük şair və dramaturq sayırdı. Bir dəfə şair Filoksen irəli gedib hökmdarın şeirləri haqda mənfi fikirlər söyləyir. Tiran inciyir və “həyasız” şairi daş karxanasına işləməyə göndərir. Bir qədər sonra ürəyi yumşalır, şairi saraya qaytarır, yeni şeirlərini ucadan oxuyaraq soruşur: “Necə yazmışam?”. “Məni karxanaya geri göndər”, - deyə Filoksen kədərli-kədərli cavab verir.

Əfsanəyə görə, Dionisin axırına da elə ədəbiyyat çıxır. Bir dəfə onun yazdığı faciənin tamamilə gözlənilmədən mükafata layiq görülməsi xəbəri gəlir, özü də başqa yerdə yox, birbaşa Afinanın özündə (əslində özü gizlincə münsiflər heyətini pulla ələ almışdı). Laureat elə sevinir ki, içib-içib canını tapşırır.

Amma başqa versiya da var ki, onu hakimiyyətə sahib olmaq istəyən oğlu zəhərləyib.

Oğul Dionis də eynilə atası kimi özündənrazı, yekəbaşın biriydi, bircə atasından fərqli olaraq ədəbiyyatla deyil, fəlsəfə ilə maraqlanırdı. Filosof-hökmdar utopyası ilk dəfə biçarə Platonun yox, onun ağlına gəlib.

Hüdudsuz mütləqiyyəti mütləq maariflənməyə çevirmə cəhdi Platonun güc-bəla ilə Sirakuzadan qaçıb canını qurtarması ilə bitdi, Dionis isə daha amansız tirana çevrildi. Axırda vətəndaşlar ayağa qalxıb öz milli liderlərini sürgünə göndərdilər.

Onun həyatının finalı mənalı və hətta bir qədər kədərlidir də: Oğul Dionis hakimiyyətdən salındıqdan sonra Korinf şəhərinə gedib adi müəllim kimi çalışmağa başlayır. Xeyirxah Siseron onun haqqında deyirdi ki, keçmiş diktator hakimiyyətdən kənar qala bilməzdi və heç olmasa uşaqların üzərində tiranlıq etməliydi.

Buyurun, necədir, indi özünüz deyin, tarixi sevməmək olar?

Çevirdi: Namiq Hüseynli

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG