Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:43
-
“2004-cü ildə mənə 3 hektar torpaq sahəsi ayrıldı. Yerli icra hakimiyyətinin asudə fond torpağı idi. Başçının sərəncamı ilə ayrılmışdı. Qum-çınqıl istehsalı üçün torpaqda lazımi işlər gördüm.

Karxana qurdum, elektrikə texniki şərt üçün 12 min dollar, ərazinin planlaşdırılması üçün 30 min manat vermişəm. Əlbəttə ki, o boyda iş qurmaq təkcə bu xərclərlə bitmir. Bir sözlə, ərazini əməlli-başlı işlək vəziyyətə gətirdim. Hər şey hazır olandan sonra tutub əlimdən aldılar”.

AzadlıqRadiosunun “Qaynar xətt”inə şikayət edən Ramiz Hümbətov İmişlidən olan sahibkardır. 9 il əvvəl iş qurmaq üçün dəridən-qabıqdan çıxdığını, ancaq qurub-yaratdıqlarının yerli məmurlar tərəfindən əlindən alınmasından danışır:

“Əvvəl bir türkiyəli iş adamını özümə ortaq eləmək istədim. Çünki karxananı işlətmək üçün maddi vəsaitim çatışmırdı. O da gördü ki, məmurlarla bacarmaq mümkün deyil, çoxlu müdaxilələr, təzyiqlər olub, işi qoyub qaçdı”.

Şikayətçinin sözlərinə görə, onun sahibkarlıq fəaliyyəti başqa bir sahibkarın əli ilə iflic vəziyyətinə salınıb:

“Ortaya Nakim adlı başqa bir sahibkarı atdılar. Bir sözlə, bir sahibkarın əli ilə o birinə torba tikdilər. O sahibkar məhkəmədə iddia qaldırdı ki, guya mənim qum-çınqıl karxanam yerləşən torpaq sahəsi vaxtilə ona verilib”.

Nakim Şərifov “Bəhrəmtəpə Tikinti Materialı” Açıq Səhmdar Cəmiyyətinin sədridir. O, bildirib ki, rəhbəri olduğu ASC-ni Dövlət Əmlak Komitəsinin 28 mart 2001-ci il tarixli müvafiq sərəncamı ilə “Bəhrəmtəpə” qum-çınqıl karxanasını özəlləşdirməsi nəticəsində yaradıb.

O, özünü tam hüquqi varis hesab edir. Qum-çınqıl karxanasının ərazisi ona SSRİ Nazirlər Sovetinin 6 oktyabr 1975-ci il tarixli məktubuna əsasən verilib.

Nakim Şərifov ərazinin Ramiz Hümbətovdan alınaraq ona verilməsi üçün məhkəmədə iddia da qaldırıb. İddiaları təmin olunub.

Ramiz Hümbətovsa deyir, o, Nakim Şərifovun iddiasında cavabdeh tərəf kimi göstərilsə də, məhkəmədən xəbəri olmayıb:

“Məhkəmə Nakim Şərifovun təqdim etdiyi saxta sənədlərə əsaslanıb. Mən isə tərəf kimi ümumiyyətlə məhkəməyə dəvət olunmamışam. Bir də eşitmişəm ki, karxana əlimdən alınıb başqasına verilib. Məhkəmə heç yerə dorğu göndərmədən, əmlakın kimə məxsus olduğunu müəyyən etmədən qətnamə çıxarıb”.

Ramiz Hümbətov deyir, beləcə, 3 ildir ki, qurub-yaratdığı karxanaya yaxın düşə bilmir. Yerli məhkəmədən verdiyi apellyasiya şikayəti də təmin olunmayıb. İndi ümidini Ali Məhkəməyə bağlayıb.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG